27 iyun 2019 16:58
1374

“Günəşli”də daha bir quyu vaxtından əvvəl qazılıb

“SOCAR-AQŞ” MMC “Günəşli” yatağında 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 metr olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

MMC-nin Əməliyyatların səmərəliyinə nəzarət şöbəsinin müdiri Oktay Bağırov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X  horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib: “Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib. Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparıılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1.5 dəfə az müddətə quyu qazılaraq təhvil verilib və yüksək iqtisadi səmərə əldə edilib.”

Dəyərlərinə daim sadiq qalan “SOCAR-AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamliq, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Quyunun sifarişçisi SOCAR-ın «Azneft» İstehsalat Birliyidir.

Orxan Vahidoğlu, “İki sahil”