30 sentyabr 2019 18:50
1219

İllərin nağılı...

Vaxt necə də sürətlə axıb gedir...
Can neyləsin, hökmü verən zamandı,
Gözdən düşüb ,sandan çıxmaq yamandı.
A yoldaşlar, a qardaşlar, amandı,
Göynətməyin, kövrək olur qocalar.

(Hüseyn Arif)

Əbəs yerə Hüseyn Arifin “Qocalar” şeirindən nümunə gətirmədim. Bəli, qocalar... Bu gün, oktyabrın 1-i əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələr kitabını yenidən vərəqləyən, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır.

Oktyabrın 1-i... Gözəl gündür. Payız fəslinin ikinci ayının ilk günüdür. Hava sərin, ağaclar mehli, yarpaqlar rəngli, insanlar duyğulu, təbiət isə hələ ki, sakitdir, sanki qışda özünü daha kəskin göstərə bilmək üçün güc toplayır.

Yenə səhər açıldı, təbiət və insanlar oyandı. Adəti üzrə yenə pəncərə qarşısında dayanıb, ağaclardan arabir çətinliklə qopan yarpaqların yerə düşməsini izləyirdi. Hər keçən dəqiqə, hər qopan yarpaq onun üzünə hüznlü cizgilər gətirirdi. Ömürdən gedən zamanı, ötən günləri xatırlayırdı. Daha neçə səhər açacağını isə heç kəs kimi o da bilmirdi...

Müşahidəsinin ilk dəqiqəsində səhər-səhər əlində çörək evə tələsən balaca qızcığazı gördü. “Mən də bu yaşda olmuşam.” -dedi. Balaca qızın yaşında keçirdiyi hissləri, həyəcanı, sevinci, içindəki həyat eşqini, arzularını, uşaqlığını xatırladı... Gözlərinə özü də bilmədiyi səbəbdən yaş gəldi. Kirpikləri nəmləndi...

Küçənin o biri başından gələn məktəb formasındakı yeniyetmə qızlara baxdı. Üzlərindəki təbəssüm, çiyinlərindəki məktəbli çantası, əllərindəki kitab, dərs haqqında səsli və təlaşlı müzakirələri onun da illər öncə məktəbə, müəllimə, kitaba, dəftər-qələmə olan həvəsini, hörmətini, məhəbbətini yadına saldı. Dodaqlarının arasından içində dediyini zənn etdiyi cümlə çıxdı: “Mən də məktəbli olmuşam. Mən də bu yaşda olmuşam, mən də gənc qız olmuşam. Çiynimdə çantam,əlimdə kitabım, beynimdə dünən öyrəndiyim və bu gün cavab verəcəyim dərsim, məktəbə və universitetə tələsmişəm.

Valideyn olmağa hazırlaşan cütlüyə baxanda isə yaş qeyri-ixtiyari olaraq gözlərindən yanağındaki qırışların arasına düşdü. Həyat yoldaşı ilə birgə ilk övladının gəlişini gözləyərkən keçirdiyi hissləri yadına düşdü. Sevginin, ailənin şirin çağları idi. Xoşbəxtliyin ən pik nöqtəsində olduğu zamanlara geri qayıtdı. Sevinc və kədəri eyni anda qəlbində hiss etdi. Sevinirdi ona görə ki, o gözəl günləri yaşayıb, xoşbəxt və tam ailə, sağlam övlad sahibi olmağı bacarıb. Sərvətlərin ən dəyərlisi olan ailə, isti ocaq qurmağı bacarıb. Kədərlənməyinin səbəbi isə o günlərdən doymamasıdır. Geri qayıtmaq, yenə o zamanı yaşamaq istəyirdi. Amma çox təəssüf ki, zaman geri qayıtmırdı, heç qayıtmayacaqdı da...

Övladının əlindən tutub ona ilk addım atmağı, yeriməyi öyrətməyə çalışan anaya nəzər yetirdi. Balası addım atdıqca, içdən sevincin üzündə doğurduğu gülüşlər onu necə də gözəl və xoşbəxt göstərirdi. Körpəsinin addımlaması üçün qurduğu sadə oyunlar, “hiylələr” necə məsum və şirin idi.

Pəncərinin qarşısından keçən ana-balaya baxdı. Onların həyəcanını illər öncə özünün işə, övladının isə məktəbə tələsən zaman keçirdiyi hislərə bənzətdi. “Vaxt necə də sürətlə axıb gedir.” - deyə pıçıldadı. Bu axın isə ona həm dünən, həm də bir əsr kimi gəldi.

Övladını məktəbə, işə yola salan anaların onun arxasınca boylanması, onun üçün dualar etməsi, getdiyi yollara dikilən nigaran dolu baxışlar ona övlad üçün illər öncə də, indi də keçirdiyi təlaşı xatırlatdı. Sanki dünən özü övlad sahibi idi, bu gün isə artıq övladının övladı var.

Pəncərədən boylanan gözlərini, nəzərlərini küçədən yayındırdı. Otağına gəlib, çarpayısının kənarındakı şəkillərə nəzər saldı. Ötən uzun illər isə bir film fraqmenti kimi gözlərinin önündən xəyali şəkildə keçdi. Şəkillər də “keçmişə səyahət” etmək üçün yardımçı oldu.

Aynanın qarşısına keçdi. Üzünə, əlinə düşən qırışla, saçındaki ağ tellərlə balalarının üzündəki təbəssüm cizgilərini müqayisə etdi. Onlar üçün yaşadığını, yaratdığını anladı. Qırışların arasından sanki gün “doğdu”. Zaman geri qayıtmasa da, ona dünyalara dəyər övladlar, nəvələr bəxş etmişdi. Uşaqlığı kimi, yeniyetməliyini, cavanlığını, ahıllığını, qocalığını da yaşamağı və görməyi nəsib etmişdi.

Zamanı qaytarmaq, yenə cavan olmaq istəsə də, bu gün sahib olduqlarının həmin vaxtlar olmadığını yada salıb. Yaşı ilə, qocalığı ilə təskinlik tapmağa çalışırdı. Onu da anlayırdı ki, hər yaşın öz gözəlliyi və özəlliyi var. Ömürdən gedən hər gün məhz gələcək üçündür.

Yaqut Ağaşahqızı, “İki sahil”