Müstəqil, hüquqi dövlət olan Azərbaycanın dünyada nadir, sabit ölkə kimi tanınmasının subuta ehtiyacı yoxdur. Son illərdə ölkəmizdə aparılan siyasi, iqtisadi, hüquqi islahatların nəticəsidir ki, respublikamıza gələn qonaqların sayı artır. Sivilizasiyalararası körpü rolunu oynayan respublikamızda keçirilən ən möhtəşəm tədbirlərdə, idman yarışlarında iştirak edənlər ölkəmizdə yaranan tolerantlığı nümunə göstərirlər.
“Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir” söyləyən Prezident İlham Əliyevin tövsiyələrinin əsas istiqamətlərindən biri də vətəndaşların sərbəst yaşayıb işləməsi üçün ölkədə münbit şəraitin təmin olunmasıdır. Azərbaycan bu gün dünya miqyasında sabitlik adası kimi tanınır ki, bu da daxili və xarici siyasətimizin ən böyük nailiyyətidir.
Son illərdə demokratik inkişaf yolu ilə dünyaya inteqrasiya edən Azərbaycanda həyata keçirilən islahatlar xalqın maraqlarını təmin edir.
“Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir” söyləyən cənab İlham Əliyevin imzaladığı Sərəncam və fərmanların həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin daha etibarlı təmin olunması üçün xeyli vəsait ayrılmış, şəhid, aztəminatlı ailələrin, əlillərin rifahını yaxşılaşdıran ciddi islahatlar həyata keçirilmişdir. Təbii ki, yaranan demokratik şəraitdən, imtiyazlardan sui-istifadə hallarının cəmiyyətdə yarada biləcəyi qanunsuzluqlara qarşı mübarizə də unudulmur. Kimlərinsə təhriki ilə Konstitusiyamızda təsbit olunan ali qanunlarımıza zidd hərəkət edənlər, söz, mətbuat, vicdan azadlığından istifadə edənlər elə qanunlar qarşısında cavab verməli olurlar. Belə ki, dövlətin müxtəlif təbəqələr üçün nəzərdə tutduğu imtiyazlardan sui-istifadə halları yolverilməzdir.
... 27 sentyabr tarixində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisində baş verən xoşagəlməz hadisələr zamanı bəlli olub ki, həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsi zəbt olunub və qanunsuz tikili üçün bünovrə işləri aparılıb. Qanunsuz tikinti işləri aparan şəxslərə SOCAR-ın mühafizəçiləri tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Ertəsi gün Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazidə növbəti dəfə yoxlama apararkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyi aşkarlanıb. Ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilib. Çox təəssüf ki, qanunsuz tikinti aparan şəxsin çağırışı ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarının xəbərdarlığına əhəmiyyət verməyərək onlara müqavimət göstəriblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən, özlərini müdafiə etməyə çalışmış və asayişin təmin olunması üçün hadisə yerinə polis əməkdaşları çağırılmışdır. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən mühafizəçilər müxtəlif bədən xəsarətləri almışlar. Hadisəni əks etdirən video çəkilişdən də aydın olur ki, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək xidməti maşınlara maddi ziyan vurmağa cəhd göstərmişlər. Maraqlıdır ki, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər hadisə yerinə gəldikləri maşınların dövlət nömrə nişanlarını əvvəlcədən çıxarmışlar. Görülən bu cür “hazırlığın” və əvvəlcədən “düşünülmüş planın” təxribat xarakterli olması həqiqətə daha çox uyğundur. Araşdırmalardan bəlli olub ki, tikinti yerində peyda olan “çağırılmamış qonaqların” qanunsuz inşasına başlanılan tikinti ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bu qrup təzyiq vasitəsindən istifadə edərək qanundan kənar maraqlarına nail olmağa çalışmışlar.
Azərbaycanda sabitliyi pozmağa çalışan mənfur qüvvələr vasitə kimi əlillərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməklə ölkədə guya insan hüquqlarının pozulması təsəvvürü yaratmağa səy göstərmişlər. Özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər növbədə olan SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşlarına qəfildən hücum etmiş və soyuq silahlarla əməkdaşlara ciddi bədən xəsarətləri yetirmişlər. Zərərçəkənlərə ilkin yardım göstərilməsi üçün təcili yardım maşınları çağırılmış, yaralanan mühafizəçilər müxtəlif xəstəxanalara aparılmışlar. Hüquqazidd əməllərini həyata keçirən şəxslərin Binəqədi-Biləcəri avtomagistral yolunu tam olaraq bağlamaları ilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdır.
Təbii ki, kimliyindən asılı olmayaraq özlərini əlil kimi təqdim edərək təxribat xarakterli əməl törədənlərin bu hərəkətləri cəmiyyətdə birmənalı qarşılanmayıb və ictimaiyyətdə narazılıq yaradıb.
Bu kimi halların yolverilməz olduğunu bildirən Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli vurğulamışdır ki, bütün vətəndaşların hüquqlarının qorunduğu ölkəmizdə vətəndaşları narahat edən problemlərin qanun çərçivəsində, hüquqi yolla tənzimlənməsi ən demokratik yoldur: “Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir. Hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmək, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil.”
Respublikamızın paytaxtında, müxtəlif bölgələrdə əlillər üçün xeyli ictimai binanın inşa edilməsi, onların mənzillərlə, torpaq sahələri, minik maşınları ilə təmin olunması, müalicələri üçün hər cür şəraitin yaradılması, müavinətlərinin artırılması ölkəmizdə insan amilinə göstərilən diqqətdir. Amma heç bir dövlətdə mövcud olmayan bu kimi imtiyazlardan qanunsuz olaraq istifadə halları vətəndaşlıq məsuliyyəti ilə bir araya sığmır və insanlığa yaraşmayan hərəkətlərdir.
Daxili və xarici siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olmağa yönələn müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, inkişafını demokratik yolla davam etdirən ölkəmiz düzgün yoldadır. Bu yolda ölkəmizə qarşı qərəzli mövqedə dayananlara xalq-iqtidar birliyi ilə cavab verən vətəndaşlar kimi, əlillər də təxribatlara qarşı ayıq-sayıq olmalı, Azərbaycanın milli mənafelərini, dövlətçilik maraqlarını qorumaq məsuliyyətlərini dərk etməlidirlər. Bu məsuliyyətin dəyişilməz ünvanı müstəqil Azərbaycanın qanunlarına tabe olaraq, ölkədə sabitliyin qorunmasıdır. Necə deyərlər, haqlı olmaq azdır, vaxtında haqlı olmaq lazımdır.
Xuraman İsmayılqızı, “İki sahil”