Azərbaycan Xalq Cümhuriyyətinin yaşı yüzü haqlayan dəyərli yadigarları sırasında hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci də öz fəxri yerini alır.
Bu yaxınlarda yüz illiyini qeyd etməyə hazırlaşan qocaman kollecin keçdiyi şərəfli yola nəzər salmaqla həm də yüzillik pedaqoji təhsil tariximizin şanlı səhifələrini vərəqləmiş olarıq.
Adı yaddaşlarımızda daha çox Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu kimi hifz olunan kollec 1919-cu ildə Bakı Kişi Müəllimləri Seminariyası kimi fəaliyyətə başlayıb. Daha sonralar müxtəlif zamanlarda kollec adını dəyişsə də, həyata keçirdiyi ali və şərəfli missiya qətiyyən dəyişməyib: Azərbaycan xalqını maarifləndirmək məqsədilə Vətənimizin övladları üçün layiqli, yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaq!
Bu gün də subbakalavr təhsili verən tədris ocaqları sırasında tətbiq etdiyi uğurlu təhsil islahatları və əldə etdiyi nəticələrə görə flaqmanlardan biri olan Azərbaycan Dövlət Pedaqoji Kolleci fəaliyyəti dövründə on minlərlə müəllim yetişdirərək sözün bütün anlamlarında Vətənin ziyalanıb aydınlanmasına misilsiz töhfələr verib.
1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində hazırda əyani və qiyabi şöbələr üzrə dörd mindən artıq tələbə təhsil alır.
Kollecdə “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Peşə təlimi”, “Texnologiya müəllimliyi” , “Fiziki tərbiyə müəllimliyi” , “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Kollecin 269 nəfərlik müəllim heyətində fəlsəfə doktorları, magistrlər və bakalavrlar təmsil olunur.
Tələbə kontingentinin əksəriyyətini qızlar təşkil edən bu təhsil ocağında tədrislə yanaşı, tələbələrin estetik tərbiyəsi də xüsusi diqqətdə saxlanılır.
Hazırda iki tədris korpusunda fəaliyyət göstərən Pedaqoji Kollecin zəngin maddi-texniki bazası mövcuddur. Belə ki, müasir elmi-texniki avadanlıqlarla təchiz edilmiş 36 kabinet, akt zalı, yeməkxana, idman zalları, rəssamlıq emalatxanası, arxiv, muzey, oxu zalı və elektron kitabxana kollecdə təlim-tərbiyəni müasir dövrümüzün və təhsil islahatlarının tələblərinə uyğun şəkildə qurmağa şərait yaradır.
Kollecin məzunlarının böyük əksəriyyəti region gəncləridir. Bu isə o deməkdir ki, ölkəmizin hər yerində bu şərəfli və qocaman təhsil müəssisəsinin yetirmələri böyük sevgi ilə Vətən övladlarını savadlandırırlar.
“İki sahil” qəzeti üçün reportaj hazırlamaq məqsədilə Pedaqoji Kollecin hər iki korpusunda olduğumuz vaxt- həm auditoriyaları və zəngin təchizatlı fənn kabinetlərini gəzərkən, həm çox istedadlı tələbələrinin əl işlərinə heyran qaldığımız rəssamlıq emalatxanasına baş çəkərkən, həm geniş idman zalında olarkən, həm də kollecin həyətində vətənpərvər ruhlu marşların müşayiəti ilə dərs keçən müəllim-tələbə heyətinə rastlarkən qarşılaşdığımız ortaq bir mənzərə vardı: buradakı tələbələrin demək olar ki, hamısı çox böyük həvəslə dərslərinə hazırlaşan, gözlərində təhsil almaq eşqi parlayan gənc insanlardan- gələcəyin mütəxəssislərindən ibarət möhtəşəm bir komandadır.
Kollecin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərovla söhbətimizdə müsahibimiz təhsilin strateji sahə olduğunu vurğulayaraq xüsusilə də gələcəyin müəllimlərini hazırlamağın ikiqat məsuliyyət tələb etdiyini bildirdi: “Bu qocaman təhsil ocağının yüz illiyi ərəfəsində, bir il öncə buraya direktor təyin olunmağımı şəxsimə göstərilən böyük etimad kimi dəyərləndirirəm və bütün fəaliyyətimi bu etimadı doğrultmağa səfərbər etmişəm. Buraya direktor təyin olunarkən mənə çox sadə şəkildə istiqamət müəyyənləşdirilərək tədrisin keyfiyyətinin yüksəldilməsi, kollecdə şəffaflığın tam bərpa olunması və tələbələrin Azərbaycanın milli -mənəvi dəyərlərinə uyğun yetişdirilməsi, gənclərin dövlət və dövlətçilik istiqamətində formalaşdırılması tövsiyə olundu.
Nəzərə alsaq ki, kollecdə oxuyan tələbələrin xeyli qismi doqquzuncu sinfi bitirərək burada təhsillərini davam etdirirlər, deməli, onların tövsiyə olunan tələblərə uyğun şəxsiyyət kimi formalaşmasında bu təhsil ocağının böyük rolu və məsuliyyəti var. Mən əminliklə deyə bilərəm ki, kollecdə bu gün şəffaflıq tam təmin olunub. Bəlkə nadir hallarda hansısa müəllim “köhnə vərdiş”inə uyğun olaraq hansısa “sapmalar”a yol verə bilər, ancaq bu kiçik istisnalar bizim şəffaflığın tam bərpası istiqamətində ümumi fəaliyyətimizə kölgə sala bilməz. Tədrisin keyfiyyəti məsələsinə gəlincə, keyfiyyət gündəlik tələbatdır. Tələbələrin dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyəsi isə tədris qədər vacib məsələdir və buna xüsusi diqqət yetirilir”.
Direktor bildirdi ki, Pedaqoji Kollec mektebgushesi.az saytının 43 kollec arasında keçirdiyi və on doqquz mindən artıq respondentin iştirak etdiyi “Hansı kollecdə yay imtahan sessiyası şəffaf keçirilir?” mövzusunda virtual sorğuda 2 il ardıcıl olaraq qalib gəlib.
Tədrisin keyfiyyətindən söz açan İ.İsgəndərov kollecin məzunlarının Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında yüksək göstəricilərlə fərqləndiyini vurğuladı: “Cari ilin nəticələrinə görə, Pedaqoji Kollecin ibtidai sinif müəllimliyi ixtisasını bitirən 2 məzunumuz MİQ imtahanlarında 58 bal (maksimum göstərici 60 baldır) , 5 nəfər 50 baldan çox, 8 nəfər 40-50 bal arasında keyfiyyət nəticəsi göstərib.
“Texnologiya müəllimliyi” ixtisası üzrə 55 balla bir məzunumuz respublika ikincisi olub, sözügedən ixtisas üzrə 8 nəfər isə 40-50 bal arası toplayıb. Yenə həmin imtahanlarda fiziki tərbiyə müəllimliyi üzrə 2 məzunumuz 40-50 bal arası, təsviri incəsənət müəllimliyi üzrə 7 nəfər 36-40 bal arası nəticə ilə fərqlənib. Bu yüksək rəqəmlər sadəcə statistika deyil, kollecin tədris keyfiyyətinin əyani göstəricisidir. Yaxşı bilirsiniz ki, MİQ imtahanları nə qədər şəffaf və yüksək səviyyədə təşkil olunur. Kollecdə müəllim işləmək üçün müraciət edənlərə də deyirəm ki, MİQ imtahanından 55 bal nəticə ilə gəlin, buyurun işləyin”.
İ. İsgəndərov son dövrlərdə respublikamızda uğurla həyata keçirilən təhsil islahatları nəticəsində ölkə üzrə pedaqoji təhsilə marağın xeyli artdığını, ixtisas seçimi zamanı indi abituriyentlərin daha çox müxtəlif fənn müəllimliyini seçdiyini məmnunluqla vurğuladı: “Kollecə qəbul üzrə keyfiyyət göstəriciləri pedaqoji təhsilə marağın artdığını təsdiq edir. Belə ki, kollec üzrə ümumi göstəricilərə görə, 2019/2020-ci tədris ilində ümumi orta təhsil bazasından (9 illik) kollec üzrə ən yüksək bal 251 baş təşkil edir. Tam orta təhsil bazasından (11 illik) kollec üzrə ən yüksək bal 183.9 bal təşkil edir”.
Kollecdə bacarıqların artırılması istiqamətində təlim və treninqlərin də keçirildiyini bildirən müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlıq etdiyi Türkiyənin “ES Akademi” şirkətinin mütəxəssisi Dr. Erdem Söylemezin Pedaqoji Kollecdə həyata keçirdiyi 3 səviyyədən və 14 mövzudan ibarət “Peşəkar müəllimlik” adlı təlim modulunun böyük maraqla qarşılandığını bildirdi: “Kollecdə əsasən buraxılış tələbələri üçün nəzərdə tutulan təlim modulunda “Aktiv dinləmə”, “Müəllimlik peşəsi təhsili”, “Bədən dili”, “Müəllim və tələbə arasında ünsiyyət”, “İdarəetmə və liderlik”, “XXI əsr gəncinin təhsilində müəllimin rolu”, “Tədris prosesində vaxtın idarə olunması” mövzularında müəyyən səviyyələr üzrə mühazirələr böyük maraqla qarşılanır. Hətta bölgələrdən də məzunlarımız bizə Erdem Söylemezin treninqlərində iştirak etmək üçün mütəmadi zənglər edirlər”.
Sonda direktor rəhbər olaraq müəllim -tələbə heyəti ilə ünsiyyətdə daha çox “tələbkar dost” prinsipi ilə davrandığını diqqətə çatdıraraq kollecin sadalanan istiqamətlər üzrə gələcəkdə daha böyük nailiyyətlər əldə etməsi üçün birgə səylərin vacibliyini vurğuladı.
Yaxınlarda “Yüz ilin məktəbi” adını alacaq zəngin təəssüratla ayrıldığımız kollecin həm mərkəzi tədris binasından, həm də Sabunçu korpusundan çıxarkən diqqətimi bir nüans cəlb etdi. İzləmə kameralarının olmadığı bir küncdə şikayət qutusu qoyulmuşdu. Gözlənilmədən və xəbərdarlıq etmədən getdiyimiz Sabunçu korpusundakı şikayət qutusu boş idi. Əvəzində isə kollecin tədris auditoriyaları, elektron kitabxanası, rəssamlıq emalatxanası, idman zalları, fənn kabinetləri istedadlı, bacarıqlı və təhsil, savad almaq şövqü baxışlarından oxunan gənclərlə, gələcəyin aydınları, ziyalıları və müəllimləri ilə dolu idi... Düçündüm ki, yüz yaşa çatmaq məhz belə kontrastlarla mümkün olur. Daha bir neçə yüzü yaşa “Yüz ilin kolleci”!
Sevinc Abdullayeva,
Vüsal Cahanov (foto), “İki sahil”