06 dekabr 2019 10:22
1084

İnkişafın uğurlu davamına səs verək!

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai seçiciləri ilə ilk görüş keçirildi

“Bütün seçkilərdə mütəşəkkil qaydada iştirak edərək güclü və uğurlu  seçki kampaniyası aparan Yeni Azərbaycan Partiyası  23 dekabr bələdiyyə   seçkilərində də yüksək fəallıq nümayiş etdirərək növbəti dəfə inamlı və parlaq qələbəsini təmin etməkdə qərarlıdır. Bu inama əsas verən, təbii ki, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xalqın Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamdan, həyata keçirilən siyasətə böyük dəstəyindən irəli gəlir.”

Bu fikirləri bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai  seçiciləri ilə görüşündə  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi.

Azərbaycanın davamlı inkişafından, bələdiyyələrin bu inkişafa dəstəyindən geniş bəhs edən H.Mirələmov bildirdi ki, ölkəmizin iqtisadi inkişafı beynəlxalq aləmdə möcüzə kimi dəyərləndirilir.  Enerji resurslarından səmərəli istifadə nəticəsində  əldə olunan neft-qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi  Azərbaycanın  iqtisadi imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığının təmin edilməsini şərtləndirir.

Deputat ölkəmizin davamlı inkişafında Yeni Azərbaycan Partiyasının öz yeri, payı olduğunu xüsusi qeyd etdi: “Bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasını dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayaraq, atdığı addımları, qəbul etdiyi qərarları ilə bunu bir daha təsdiqləyir. Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir. Seçkilərin hər bir mərhələsinin demokratik, beynəlxalq standartlara uyğun təşkili üçün ciddi addımlar atılır. Ölkəmizin uğurları, Yeni Azərbaycan Partiyasının davamlı inkişafa, yeni-yeni hədəflərin gerçəkləşməsinə töhfələri hər bir seçki prosesinin partiyanın tarixinə uğur səhifəsi kimi yazılmasını şərtləndirir.”

“Xalq üçün” devizi ilə seçkilərə qatılan YAP bələdiyyə seçkilərinin  imzatoplama prosesini yüksək fəallıqla  həyata keçirərək təbliğat-təşviqat mərhələsinə  xoş ovqatla start verib. Bu  kampaniya çərçivəsində  paytaxt və  ölkənin bütün regionlarında vətəndaşlarla  görüşlər keçirilir, növbəti dövr üçün görüləcək işlərin proqramı təqdim olunur.”

“Prezident İlham Əliyevin rəhbərliy

i altında ölkəmiz ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla uğurla gedərək, dinamik sosial-iqtisadi inkişafa nail olmuş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyası bir daha bu reallığa işıq salır ki,  xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədləri dəstəkləyəcək, inkişafın uğurlu davamına  səs verəcəkdir” söyləyən H.Mirələmov qeyd etdi ki,    YAP Xətai rayon təşkilatı həmişə olduğu kimi, növbəti bələdiyyə seçkilərinə hazırlıq prosesində də fəallığı ilə diqqət çəkir.  Özündə 4 seçki dairəsini, 135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda,   16371 üzvü birləşdirən YAP Xətai rayon təşkilatı daim fəal olmuş, yüksək nəticələrlə prosesi başa çatdırmışdır. Seçicilərin rayon üzrə ümumi sayı 160 mindən artıqdır.  19 nəfər Xətai bələdiyyəsinin, 13 nəfər isə kənd Əhmədli bələdiyyəsinin üzvü seçiləcək.  Ümumilikdə  32 yerin hər birinə partiyanın namizədləri irəli sürülüb.

Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülənlərdən Rövşən Məmmədov , Rəqsanə Paşayeva, Aytac Zeynallı, Aliyə Naxçıvanlı, Könül Əfəndiyeva, Türkan Sadıqova, Südabə Cümşüdova, Nərminə Hacıyeva, Səbinə Əliyeva və başqaları çıxış edərək öz platformalarını seçicilərə çatdırdı, onlara dəstək olmağa çağırdılar.

YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli  son illər bələdiyyələrdə və parlamentdə qadınların təmsilçilik faizlərinin artmasını təqdir edərək,  seçiciləri seçkilərdə fəal olmağa,   Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırdı.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), 
“İki sahil”