13 dekabr 2019 15:02
1250

Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib

Yeni il ərəfəsində Kürdəmir rayonunun 1609 nəfər əhalisi olan Qarabucaq qəsəbəsində qazlaşdırma işləri başa çatıb və əhali təbii qazla təmin edilib. 280 fərdi ev olan qəsəbənin qazlaşdırılması birpilləli sistem üzrə aparılıb, ümumilikdə 26 min 964 metr müxtəlif diametrli daşıyıcı və yerüstü borudan istifadə olunub. Fərdi mənzilin hər birinə qaz sayğacı və tənzimləyici quraşdırılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi hər bir mənzilin mətbəxinə daxili qaz xətti çəkib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun iri yaşayış məntəqələrindən olan Qarabucaq qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 13-də açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov sakinləri təbrik edib, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial layihələrdən, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bölgələrdə, o cümlədən Kürdəmirdə reallaşdırılan layihələrdən danışıb. Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 60-da təbii qaz yanır və 21317 abonent “mavi yanacaq”dan istifadə edir ki, bu da rayon əhalisinin 99,4 faizini təşkil edir. Rayonda qazlaşdırılmayan yalnız iki kənd - Qarabucaq və Qurdbayram kəndləri qalıb. Hazırda bu kəndlərdə layihə-smeta işləri görülür. Gələn il rayonun bütün yaşayış məntəqələri təbii qazla tam təmin ediləcək.

Mərasimdə Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək, dövlət başçısının tapşırığı ilə respublikamızın, o cümlədən regionun bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Kənd sakinləri Yeni il ərəfəsində təbii qazın verilməsi ilə əlaqədar sevinclərini ifadə edib, insanların güzəranının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.