Yeni Azərbaycan Partiyası 9 fevral növbədənkənar parlament seçkilərinin bütün mərhələlərini seçki qanunvericiliyinə uyğun həyata keçirir. Artıq yanvarın 17-dən seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə “Daha güclü Azərbaycan naminə” devizi ilə qatılan Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında yüksək əhval-ruhiyyə mövcuddur.
9 fevralda Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi irəli sürülən İskəndərov Vüqar Yapon oğlunun təbliğat-təşviqat kampaniyası uğurla aparılır.
250-dən çox şəhər sakininin qatıldığı tədbirdə YAP-ın namizədi böyük coşğu ilə qarşılanıb.
Görüşdə YAP Mərkəzi seçki qərargahı Şəki rayon şöbəsinin sədri Kamil Məmmədov çıxış edərək bildirdi ki, 9 fevral növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Zəngin seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bu mərhələdə də xüsusi fəallığı ilə diqqət çəkir. Partiyanın hər bir namizədi mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onları narahat edən məsələlərlə tanış olur, həlli ilə bağlı görəcəkləri işlər barədə müzakirələr aparırlar.
Partiyamız böyük beynəlxalq nüfuza malikdir, bir sıra ölkələrin aparıcı partiyaları ilə əməkdaşlıq edir ki, bütün bunlar da YAP-ın nə qədər mükəmməl bir siyasi qurum olduğunu təsdiqləyir. Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb.
Deputatlığa namizəd Vüqar İskəndərov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Şəki rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində nailiyyətlərin qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə aparılan effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daima onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm.”
Sakinlər YAP-ın namizədi haqqında öz müsbət fikirlərini söyləməklə yanaşı, aparılan islahatlar çərçivəsində belə perspektivli kadrlara yer verdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”