21 fevral 2020 19:14
1531

Xarici investorların Azərbaycana marağı ona görə artıb ki...

Prezident İlham Əliyevin modern xarici siyasəti Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi tanıdıb

Prezident İlham Əliyev müstəqil və modern xarici siyasəti ilə Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi tanıdır. Elə bunun nəticəsidir ki, son illərdə dünyada Azərbaycana maraq və rəğbət artır. Beynəlxalq reytinq təşkilatlarının, iqtisadi forumların hesabatlarında, iclaslarında Azərbaycanın adı xüsusi vurğulanır. Hər ötən il Azərbaycan irəliyə doğru inamla addımlayır.

Yanvarın 21-də İsveçrənin Davos şəhərində sayca 50-ci Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Avrasiyada körpü rolunu oynayır.

Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos Forumunda iştirak edən cənab İlham Əliyev 2020-ci ildə 14-cü dəfə bu mötəbər toplantıda iştirak etdi. Bu, həm Azərbaycana göstərilən yüksək etimad idi, həm də ölkə rəhbərinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksəksəviyyəli işgüzar görüşləri maraqla qarşılandı.

Davosda Prezident İlham Əliyevin dünyanın tanınmış şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə səslənən fikirlər də təsdiq edir ki, həm dünya dövlətlərinin, həm də transmilli şirkətlərin Azərbaycana böyük rəğbəti var. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illər Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-dən çox saziş imzalanıb.

Avropa İttifaqının 20-dən çox ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. Ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti isə dünyanın 20 ən böyük ölkəsindən gəlir. Onların arasında Rusiya Federasiyası, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya və digər ölkələr var.

2007-ci ildən başlayaraq Davos Forumunda mütəmadi olaraq iştirak edən Prezident İlham Əliyev ölkəmizdə investorlar üçün yaradılan şəraiti və imkanları dünyaya bəyan edir. Məhz ölkəmizin başçısının uğurlu diplomatiyası nəticəsində 2007-ci illə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluğun səviyyəsi 4 dəfədən çox, işsizliyin səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

2007-ci ildən keçən dövr ərzində Azərbaycana 111 milyard dollardan çox xarici investisiyanın cəlb olunması deyilənləri təsdiqləyən reallıqdır. Əgər Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci illərdə 64-cü yerdə idisə, 2017-2018-ci illərdə 137 ölkə arasında 35-ci yerə qədər yüksəldi.

Bu gün Azərbaycan həm də dünyanın əsas enerji ixracatçılarından biridir. Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilən ölkəmiz Şimaldan Cənuba və Şərqdən Qərbə yüklərin daşınmasında mühüm nəqliyyat qovşağı kimi tanınır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin may ayından fəaliyyət başlayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə həyata keçirilən proseslərə böyük töhfə verir.

Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənab İlham Əliyevin praqmatik xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Azərbaycan, eyni zamanda, sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə regionda və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfə verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

Elçin Zaman, “İki sahil”