20 aprel 2024 19:42
749

Taxta bazarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-4

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

 Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 Əlavə məlumat veriləcək.

***

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

***

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.