02 mart 2020 20:18
4114

Bir vaxtlar qızıldan da baha olan ədviyyatlar

Spesifik dada və ətirə malik olan ədviyyatlar müxtəlif ölkələrdə yeməklərə dad qatmaq və cadu və pisliklərdən qorunmaq üçün istifadə edilir. Onların hamısı bitki mənşəlidir. Tarixçilər təsdiqləyirlər ki, ədviyyatlardan insanlar hətta duzdan əvvəl istifadə etməyə başlayıblar. Demək olar ki, bütün ölkələrdə ədviyyat otları bitir.

Zəfəran - dünyanın ən bahalı ədviyyatlarından biridir. Bir kiloqram zəfəranın qiyməti min dollardan bahadır. Hazırlanması üçün zəfəran çiçəyinin ləçəklərindən istifadə edilir. Onun hər çiçəyində cəmi üç ləçək olur. Bir kiloqram hazırlanması üçün əl ilə yüz minlərlə ləçək toplanır və sonra zəif ocaqda qurudulur.

Darçın - ən qədim ədviyyatlardan biridir. Darçın Şri-Lanka və Hindistanda böyüyən kiçik bir həmişəyaşıl ağacın qabığından hazırlanır. Seylon adalarını işğal edən portuqallar uzun müddət bu ədviyyatın ticarəti ilə məşğul olmuşdular. 17-ci əsrdə hollandlar Seylonu portuqalların əlindən aldılar və dərhal yerli camaata ildə adambaşına 28 kq darçın toplamaq tapşırığı verildi. Oradan yığılan darçını aparıb Avropada çox baha qiymətə satırdılar və ya qızılla mübadilə edirdilər.

Vanil - bəzi hind qəbilələri vanildən pul kimi istifadə edirdilər. Hazırda isə vanil istehsalının dünya üzrə mərkəzi artıq Cənubi Amerika deyil, Madaqaskar hesab edilir. Əl ilə hazırlanan təbii vanil çox bahalıdır, ona görə də daha çox onun süni əvəzedicisindən istifadə edilir.

İstiot - Orta əsrlərdə Avropada istiot qızıldan daha baha idi. Onu sabit valyuta hesab edirdilər. O zamanlar Avropada zəngin avropalı tacirləri “istiot kisəsi” deyə adlandırırmışlar.

Qədim hind alimləri cirə, mixək və darçının insanı qorxu və həyəcandan, zəncəfil və şüyüdün isə həsəd və qəzəbdən xilas etdiyini düşünürdülər. Paxıllıq hissini zəncəfil, cirə və istiotla yox edirdilər. Avropada mixək ədviyyatdan daha çox dərman kimi istifadə olunurdu.

Mollusk adasını avropalılar “ədviyyatlar adası” adlandırırdılar. 17-ci əsrdə bu adaya sahib olmaq uğrunda Hollandiya və İngiltərə müharibəyə başlamışdı. Adada Avropada çox məşhur olan muskat qozu bitirdi. Muskat qozunun bir funtunu Fransada bir inəklə dəyişmək mümkün idi.

Ancaq 19-cu əsrdə dünya bazarı yarandıqdan sonra ədviyyatlar artıq yalnız elit təbəqəyə məxsus lüks məhsul olmaqdan çıxaraq hamı üçün əlçatan olmağa başladı. Normal qiymətə hər kəs onları ala bilir. Ədviyyatları artırmaq üçün onlara bəzən başqa qatqılar da əlavə edildiyinə görə, bütöv, üyüdülməmiş formada almaq məsləhət görülür.

Nubar Süleymanova, “İki sahil”