07 aprel 2020 10:38
1183

Humanizmin növbəti təzahürü

Dövlətimizin başçısı İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına uyğun olaraq yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Son ayların gündəminin əsas müzakirə mövzusu olan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri dövlət-vətəndaş birliyinə, insan amilinə verilən dəyərə bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına uyğun olaraq yaşı 65-dən yuxarı 176 nəfərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi də deyilənlərin bariz nümunəsidir. Onların 165-i kişi, 11-i qadındır. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb. Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub.

Bu günədək imzalanan əfv Sərəncamları, qəbul olunan Amnistiya aktları ölkəmizin demokratik inkişafının, insan hüquq və azadlıqlarının qorunmasının təqdimatı kimi dəyərləndirilir. Şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı ölkəmizdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrə qədər onlarla əfv Sərəncamı imzalanıb, Amnistiya aktları qəbul olunub. Eləcə də, son 16 ildə də isə onlarla əfv Sərəncamı imzalanıb, Amnistiya Aktları qəbul olunub. Bu sənədlər əsasında ümumilikdə on minlərlə məhbus azadlığa qovuşub. Bu qəbildən olan növbəti Sərəncam isə 6 aprel 2020-ci il tarixindən imzalanıb. Göründüyü kimi, Ümummilli Liderin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanizm prinsiplərinə hörmət və dəyər ölkə Prezidenti İlham Əliyevin siyasətində öz prioritetliyini saxlayır.

Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Sabitova “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Sərəncamın icrasına aprelin 7-dən başlanılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu addımı humanizm siyasətinin növbəti təzahürü, dövlətimizin siyasətində insan amilinə verilən yüksək dəyərin, eyni zamanda, böyüklərimizə xüsusi diqqət və hörmətin bariz nümunəsidir. Azadlığa buraxılan yaşı 65-dən yuxarı olan 176 nəfərin yaşayış yeri 39 bölgəni əhatə edir. Onlar 14 günlük karantinə yerləşdiriləcək. Rahatlıqları üçün bütün zəruri olan şərait yaradılacaq. Sağlamlıqları yüksəkdir. Cəmiyyətə daxilolma karantindən keçməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən indiyə qədər 4871 şəxs əfv edilmişdir. Humanizm, mərhəmət, böyüklərə hörmət kimi prinsipləri həyata keçiridyi siyasətin önündə saxlayan Azərbaycanın demokratik dəyərlərə sadiqliyi daim beynəlxalq səviyyədə də təqdir olunur. Bu fikir xüsusi vurğulanır ki, atdığı hər addımında xalqını, hər bir vətəndaşını düşünən dövlət başçısına milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev daim bildirir ki, insanların təhlükəsiz, yüksək rifah şəraitində yaşaması prioritetdir.

Ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Amnistiya aktları 40412 şəxsi əhatə etmiş, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur. Daim qəbul olunan bu sənədləri humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban Əliyeva bildirir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib. Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində də bu əminliyi ifadə edir ki, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unumamalıyıq. Bu gün qarşımızda dayanan əsas vəzifə həmrəy olmaq, koronavirus təhlükəsinə qarşı mübarizədə qalib olmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tovsiyə və tələblərinə ciddi riayət etməkdir. Karantin qaydalarında əksini tapan yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza “Evdə qal” çağırışının edilməsi də böyüklərimizə hörmətdən və onlara sahib çıxmaq istəyimizdən irəli gəlir. Düşünürük ki, dövlətimizin başçısı İlham Əliyevin məlum Sərəncamı ilə azadlığa qovuşmuş yaşı 65-dən yuxarı olan insanlar onlara göstərilən bu diqqət və qayğını, humanizmi yüksək dəyərləndirərək vətəndaşlıq məsuliyyətlərini daha dərindən dərk edəcək, onlarla eyni yaşda olanlarla həmrəylik nümayiş etdirərək öz sağlamlıqlarını qorumaqla yanaşı, doğmalarına, övladlarına və nəvələrinə dəstək olacaqlar. Bu dəstək sağlamlığımıza, xoş ovqatımıza, birliyimizə kömək olacaq.

Yeganə Əliyeva, “İki sahil”