09 aprel 2020 18:55
1005

Tailandlı qadın koronavirusa təkrar yoluxub

Tailand vətəndaşı olan qadın COVID-19 xəstəliyindən sağaldıqdan bir həftə sonra koronavirusa təkrar yoluxub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çayyaphum əyalətinin səhiyyə departamenti məlumat yayıb.

Martın əvvəlində səyahətdən qayıdan 38 yaşlı qadının virusa yoluxduğu məlum olub. Martın 12-də o, Banqkokdakı xəstəxanalardan birinə yerləşdirilib və iki həftədən çox müalicə aldıqdan sonra sağalaraq evə buraxılıb. Çayyaphum əyalətinə qayıdan qadında aprelin 4-də yenidən koronavirus aşkarlanıb. Hazırda əyalət xəstəxanasında onun müalicəsi davam edir. Bu, qəribə hadisə olsa da, təkrar yoluxmanın tibbi sənədlərlə və üçqat testlərlə təsdiqləndiyi bildirilir.

Koronavirus demək olar ki, Çayyaphum əyalətindən yan keçib. Əyalətdə iki dəfə xəstələnən qadın da daxil olmaqla, cəmi dörd yoluxma faktı qeydə alınıb.

Bakı vaxtı ilə saat 18:00-a olan məlumata əsasən, Tailandda yeni koronavirusa 2 min 423 nəfər yoluxub, 32 nəfər həyatını itirib, 940 nəfər isə sağalıb.