03 iyun 2020 14:46
992

“…Kəbəyə ziyarətin var“

Həmişə Həcc ziyarətindən  söz düşəndə, XIX əsrdə yaşayıb-yaratmış el şairi  Xaltanlı Tağıya  məxsus bu misraları xatırlayıram:

Gərək olmayasan ağıl möhtacı,

Olsan bu dünyada əziyyətin var.

Qaldırsan yıxılanı, doydursan acı,

Sanarsan Kəbəyə ziyarətin var.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra on - on beş, hətta  iyirmi  dəfə Kəbə ziyarətinə gedənlər olub. Bəs görəsən, Xaltanlı  Tağının  dediyi kimi, yıxılanı yerdən qaldıran,  acı  doyduran hacılarımız çoxdurmu?   Axı  hər il ölkəmizdən yüzlərcə müsəlman Səudiyyə Ərəbistanının, Məkkə şəhərində yerləşən  Kəbəni ziyarət edir. Burada qurban kəsir və ziyarətini başa vurub  Hacı titulu alır. Bəlkə bu sualım cəmiyyətimizin bu gün xeyirxah, səxavətli,  necə deyərlər, Allah adamı  olan  insanlara  ehtiyacından yaranır?

Amma  mən  rayonumuzda Kəbə ziyarətindən imtina edən bir ağsaqqal  müəllim tanıyırdım. Ömrünün  40  ilini  pedaqoji   fəaliyyətə, gənc nəslin tərbiyəsinə həsr etmişdi. 70 illik yubileyi ərəfəsində imkanlı övladları məsləhət-məşvərət edirlər ki, ata, gəl, səni bu il Həcc ziyarətinə göndərək, kəndimizdən o qədər adam ziyarətə gedib ki, sən niyə getməyəsən?  Dünyagörmüş Əliabbas müəllim həm bir vətənpərvər ziyalı, həm də müdrik el ağsaqqalı  kimi öz övladlarının gücünü-imkanını sərf-nəzər edib, deyir: - Övladlarım, əgər siz həqiqətən də mənim Hacı olmağımı qəlbən istəyirsinizsə, onda kəndimizin yollarını abadlaşdırın, məktəbimizin həyətinə asfalt döşətdirin!

Övladları elə də edir, bu söhbət dildən-dilə gəzir. Necə deyərlər kişi, sağlığında rəhmət qazanır. Hər dəfə Azərbaycandan yüzlərlə, minlərlə adam müqəddəs Kəbəyə ziyarətə yola düşəndə mən şahidi olduğum bu əhvalatı yada salıram. Və Əliabbas müəllimi elə ziyalılığımızın Kərbəlayısı, cəmiyyətimizin Hacısı kimi  yad edib, ruhuna dualar edirəm.  Bəs bu  ibrətamiz əhvalatı  niyə məhz indi yazmaq fikrinə  düşdüm?  Bu il koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasından belə məlum  olur ki,  Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edibmiş. Ötən il  ziyarətin qiyməti 4285 dollar təşkil edirdisə,  bu il  bu məbləğ 4490 dollardır. Bu da 7600-dən çox Azərbaycan manatı  deməkdir.  Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, yəni təyyarə ilə ziyarətə gedən zəvvaraların  sayı 1500-ə çatacaq.

İstər-istəməz düşünürsən. Vaxtilə  Azərbaycandan avtobusla Həcc ziyarətinə gedənlər 2650 manat, təyyarə ilə gedənlər isə 3750 manat ödəyirdilər. Üstəlik, avtobusla Həccə gedənlərin sayı təyyarə ilə ziyarətə gedənlərin sayından çox olurdu. 8  il bundan qabaq  Həcc ziyarətinə avtobusla gediş ləğv olundu. Qafqaz Müsəlmanları İdarəsini belə bir addım atmağa vadar əsas səbələrdən  biri də avtobusla ziyarətin təhlükəli olması  idi. Həcc ziyarətinə avtobuslarla  gedən  zəvvarların ölümü və yaralanması ilə nəticələnən bir neçə dəfə yol qəzası baş vermişdi. Hətta İraqın Kazımiyyə şəhəri yaxınlığında 33 azərbaycanlı zəvvarın olduğu avtobus  naməlum silahlılar tərəfindən atəşə tutulmuşdu, nəticədə 16 yaşlı Maştağa qəsəbə sakini ölmüş, iki nəfər yaralanmışdı.

Beş il əvvəl Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə 2400 zəvvar getmişdi. Həmin  il  Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 5750 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlara malik hotellərdə qalmaq üçünsə 4700 dollar ödənilirdi. Lakin  bundan başqa zəvvarların hədiyyə almaq üçün, əlavə yemək və s. xərcləri də olur.  Qiymətlərdə hər il müşahidə olunan dəyişiklik isə həm də Səudiyyə Ərəbistanı ilə bağlıdır. Belə ki, burada həm otellərin, qonaq evlərinin qiymətlərindəki, həm də nəqliyyatdakı bahalaşma zəvvarların ümumi xərclərinə təsir edir.

Beləliklə, minimum hesablasaq bir zəvvarın gediş-gəliş, qonaqlama, qoyun qurbanı kəsmək  və ən azından  ucuz hədiyyələr almaq üçün  təxminən 9 minə yaxın və ondan çox  Azərbaycan manatı xərcləyir. Bundan əlavə təkrar gedən zəvvarlar əlavə pul ödəyirlər. Ötən illərdə bu 535 dollar, yəni təxminən 900 manat  idi. Bu da ümumi xərclərlə birlikdə 10 min manatı ötüb keçir. Müxtəlif ölkələrdə Həccə sərf edilən vəsait fərqlidir, məsələn, Amerikadakı müsəlmanlara Həcc ziyarəti azı 10 min dollara başa gəlir. Təbii ki,  Həcc ziyarəti həm də İslamın 5 şərtindən biridir. Hər müsəlmanın imkan daxilində həyatında ən azı bir dəfə bu şərti  yerinə yetirilməsinin xüsusi qaydaları, tələbləri var. Şair demişkən,“Hər kimə həcc nəsib olsa, Xuda qismət edər…”   Lakin  İslam peyğəmbəri özü də buyurub ki, Vətəni sevmək imandandır! Elə isə müharibə şəraitində yaşayan bir ölkənin hospitallarında cəbhə bölgəsində  yaralanmış əsgərlər müalicə olunursa, dinc əhalinin əkin-biçini düşmən tərəfindən iri çaplı silahlarla atəşə tutulursa, bu səbəbdən insanlar məhsulunu vaxtında yığa bilmirsə və azdan-çoxdan ərzaq korluğu çəkirsə, təkrar-təkrar Kəbəni, Kərbəlanı, Məşhədi ziyarət edənlər hansı vətənpərvərlikdən dəm vura bilərlər? Vətəni, xalqı  ağır gündə unutmaq insafsızlıqdır. Elə götürək  son iki-üç ayada  xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən evdən çıxa bilməyən ahıl insanlara, işsiz, aztəminatlı ailələrə dövlətlə yanaşı, neçə-neçə  iş adamları, qeyri-hökumət və ictimai təşkilatlar əllərindən gələn yardımı göstərdilər. Hətta mübarək Ramazan ayında  bir çox  kənd və qəsəbələrdə xeyriyyə aksiyaları keçirildi. Bəli, bu gün cəmiyyətimiz sözüötən,  xeyirxah,  dar ayaqda  bir-birinə  yardım əlini   uzadan   aqil və adil  insanların sorağındadır. Başımıza gələn müsibətlərin çoxu da vətəndaş ola bilməməyimizdən irəli gəlir. Xalq şairi Məmməd Araz ürək yanğısı ilə deyirdi: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”.

Bu məqamda  Cəlil Məmmədquluzadənin  hələ  yüz on bir  il bundan  öncə  “Molla Nəsrəddin” jurnalında yazdığı fikri xatırlatmaq istərdim: "Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur" Amma   bu fikri  təkcə din xadimlərinə, ziyarətgahlarda təkrar-təkrar  pul xərcləyən Hacılara şamil etmirəm. Son vaxtlar  ölkəmizdə gedən  prosesləri  izləyir,  xalqın taleyinə biganəlik göstərən rüşvətxor və korrupsioner   məmurların aqibətini də görürük. Vətən eşqinin dəbdəbəli saraylardan,  vəzifə kürsülərindən,  xarici banklarda və evlərdə  tığ vuran milyonlardan və milyardlardan çox-çox uzaq olduğunun bir daha şahidi olduq.  Görəsən,  həmişə  vətənpərvərlikdən dəm vuran bəzi ağzıgöyçəklər  ölkəmizin  çətin  günlərində  düşünürlərmi ki, rüşvətlə, oğurluq  yolla  qazandıqları bir göz qırpımında əlindən  çıxa  bilər?!  Əsl Vətən sevgisinin isə reklama, tele-şouya ehtiyacı olmur. Xalqımızın mənəvi gücü onun maddi gücündən qat-qat güclüdür.  Aprel döyüşləri zamanı  bu güc özünü büruzə verdi.  Ən kasıb insanlar şor-çörək yeməyə, ac-yalavac qalmağa razı idi, təki Qarabağ  düşməndən azad olsun! Bu, bizim xalqımızın yekdil qərarı idi. Bu istək, bu qərər bizim xalqımızın mənəvi gücünü sərgiləyirdi.  Axı qədim Şuşa  da Allahın bizə bəxş elədiyi, fəqət illərdir ki, ziyarətinə həsrət qaldığımız müqəddəs şəhərdir. O Aprel günləri bizim hamımız – hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Kəbəsi, Kərbalası Şuşa olan bir müqəddəs ziyarətgahın zəvvarları olmaq arzusuyla yaşayırdıq... Bəli, gec-tez  qeyrətli vətən oğullarının qanı bahasına Qarabağımızın azad olunduğu  gün gələcək! Fəsad gələn yerdən nicat   da gələr, deyiblər. Və Şuşa başda olmaqla işğaldan azad olmuş şəhərlərimiz biz və bizdən sonra gələcək nəsillər üçün müqəddəs ziyarətgah olacaqdır!..

Nurəddin Muğanlı,

“İki sahil”