Əvvəlki illərdə dünyanı dolaşan quş qripi, donuz qripi, Ebola, SARS kimi viruslardan daha böyük fəlakətlər gətirən koronavirusa yoluxanların, qurbanların sayı artmaqdadır. Səhiyyə işçilərinin, alimlərin səylərinə baxmayaraq hələ də mənşəyi, böyük miqyaslı, sürətli yoluxdurma gücünə malik virus haqqında tam məlumat , açıqlama olmadığı və pandemiya əleyhinə peyvəndin tapılmadığı indiki zamanda «silahsız düşmənə» qarşı mübarizə tədbirləri də müxtəlifdir. Virusdan qorunmağın şərtlərini açıqlayan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri isə dəyişilməzdir: Sanitar- gigiyenik qaydalara ciddi əməl olunmalı, insanlar arasında məsafələrə riayət edilməli, tibbi maska və qoruyucu vasitələrdən istifadə unudulmamalıdır.
Pandemiyanın sürətləndiyi ilk günlərdən ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycan təcrübəsi nümunə göstərilir. Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq hər zaman diqqətdə saxlanılır. İlk gündən ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunduğu üçün yoluxma hallarının sayı minimuma endirilib, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yoluxma və ölüm hallarını üstələyib. Elə buna görə də iyun ayının 1-dən etibarən bəzi sahələrdə tətbiq olunan xüsusi karantin rejimi yumşaldılmış, sərt qadağalar aradan qaldırılmışdır. Çox təəssüf ki, atılan bu humanist addımın şərtlərinə əməl olunmaması səbəbindən son günlərdə virusa yoluxma və ölüm halları nisbətən artmışdır. Təcrübə göstərdi ki, koronavirusla səmərəli mübarizədə vətəndaşların gigiyenik qaydalara ciddi əməl etmələri məsələyə məsuliyyətlə yanaşmaları başlıca şərtdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın ilk günlərdən əhalini məsuliyyətli olmağa çağırışı da əbəs deyildir. Dəfələrlə qeyd olunur ki, ictimai nəqliyyatlardan, metrodan istifadə zamanı tibbi maskalardan istifadə zəruridir. Münbit şəraitə malik ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün nəzərdə tutulan qaydalara biganəlik bəzən ölümlə nəticələnir. Etiraf etməliyik ki, həyat sığortamız olan sosial məsuliyyət məsələlərinə çox zaman əməl etməyənlər özlərinin, ailə üzvlərinin, çalışdıqları təşkilatın əməkdaşlarının da virusa yoluxmasına səbəb olurlar. Halbuki mütəxəssislərin dəfələrlə qeyd etdikləri kimi, pandemiya dövründə yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət olunmalıdır.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələbləri pozanlara qarşı cərimələr müəyyənləşdirilib.
Prezident İlham Əliyevin əsas tövsiyələrindən olan ictimai nəzarət, ictimai qınaq məsələlərinə daha ciddi yanaşmaq həyat tərzimizə çevrilib. Həkimlərin, qanun keşikçilərinin ciddi xəbərdarlıqlarına baxmayaraq küçələrdə, ictimai nəqliyyatda hələ də qoruyucu tibbi maskalardan istifadə etməyənlərin say çoxluğu narahatlıq doğurur. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizədə gigiyenik qaydalara əməl olunması hamının gündəlik həyat tərzinə çevrilməlidir.
Dövlətimiz çətin vəziyyətdən çıxmaq üçün müxtəlif istiqamətlər üzrə tədbirlər görür. Həmişə olduğu kimi, pandemiya dövründə də əhalinin sosial müdafiəsinə xüsusi diqqət göstərilən ölkəmizdə aztəminatlı ailələrin tələbatının ödənilməsi üçün müəyyən güzəştlər edilmişdir. İşsizlər üçün nəzərdə tutulan ödənişlərin davam etdirilməsi insan amilinə diqqətdən qaynaqlanır. Başqa ölkələrdə karantin rejimini pozanlar, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə tətbiq olunan cərimələr, hətta həbs cəzasi Azərbaycanda yoxdur. Əksinə, ölkəmizdə əvvəllər bəzi sahələr üzrə nəzərdə tutulan cərimələrin yumşaldılması əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasına yönəldilsə də, humanizmdən arxayınlaşanlar hətta tibbi maska taxmaq kimi vacib şərt və tələbə də əməl etmirlər.
Pandemiyanın daha geniş miqyasda yayılmaması üçün önəmli addımlar atılan ölkəmizdə qısa müddətdə görülən işlər, Ümumdünya Səhiyyə Təşkilatına, başqa dövlətlərə etdiyi yardımlar beynəlxalq aləmdə nümunə göstərilir.
Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, zəruritibb avadanlığı və ləvazimatlar gətirilmişdir. Pandemiya dövründə istifadəyə verilən 575 çarpayılıq «Yeni klinika»”da xəstələr ən müasir tibbi cihazlar vasitəsi ilə müalicə olunurlar. Ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan yeni xəstəxanalar istifadəyə verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Müxtəlif ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının çarter reysləri ilə Azərbaycana gətirilməsi, onların karantin rejimində saxlanılması təmin edilib. Dünyada tibbi ləvazimat və avadanlıqlarla təminatın problemə çevrildiyi məqamda daxili tələbatı ödəmək üçün ölkəmizdə operativ şəkildə tibbi maska, qoruyucu geyimlər istehsal edən müəssisələr fəaliyyətə başladı. Təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox ianə toplanıldı.
Görülən tədbirlərə baxmayaraq, hələ də koronavirusun yarada biləcəyi fəsadlarla bağlı ictimaiyyət arasında maarifləndirmə işləri sürətləndirilməlidir. Hazırkı vəziyyət nəzərə alınaraq qarşıdan gələn dövrdə koronavirusdan qorunmanın vacibliyi əsas mövzu olmaqla, KİV-lərdə, televiziya kanallarında maarifləndirici verilişlərin sayı artırılmalı, təhlükənin reallığı əyani vasitələrlə göstərilməlidir. Məsələyə laqeyd və məsuliyyətsiz yanaşmanın şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyması ilə bağlı gündəlik materiallar hazırlanmalıdır. Koronavirusa yoluxaraq müalicə olunmuş şəxslərdən müsahibələr götürərək bu xəstəliyin hansı acınacaqlı fəsadlar törətdiyi, insana dözülməz əziyyət verdiyi göstərilməlidir. Həkimlər, infeksionist-mütəxəssislər xəstəliyin törətdiyi təhlükədən danışmalı, məsuliyyətsiz davranışın çox ciddi fəsadlara gətirib çıxardığı mütəxəssislər tərəfindən izah edilməlidir. Koronavirusa yoluxan xəstələri müalicə edən həkimlərin əməyinə verilən ən böyük dəyər hamının gigiyenik qaydalara ciddi əməl etməsi, pandemiyanın tezliklə aradan qaldırılmasına çalışmasıdır. Bəzi məqamlarda xəstəliyin mövcudluğu ilə bağlı yayılan yalan informasiyaların qarşısı alınmalı, sosial məsafəyə riayət olunması ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılmalı, insanların qaydalara riayət etməməsi ciddi tənqid olunmalıdır.
Xuraman İsmayılqızı,
«İki sahil»