02 may 2024 20:29
317

“Parlamentarizm”: Ali məktəblər üçün dəyərli dərs vəsaiti

Ali təhsil müəssisələrində kadrlarla iş keyfiyyətinin artırılması, səmərəli fəaliyyətin təşkili məqsədilə yeni dərs vəsaitlərinin nəşr edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan parlamentinin yaradılması, zəngin və ibrətamiz tarixi fəaliyyətini hərtərəfli tədqiq etmək məsələsi elm adamlarının qarşısına vacib bir vəzifə olaraq qoyulub.

Görülən işlər əhəmiyyətli olsa da, tədqiqini gözləyən elmi-tarixi və nəzəri problemlər hələ qalmaqdadır.

Bu baxımdan Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadənin müəllifi olduğu “Parlamentarizm” kitabı gənc nəslin müstəqil dövlətçilik ruhunda, milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində böyük elmi-nəzəri dərs vəsaitidir. Kitab dövlətin idarə edilməsində, seçicilərin problemlərinin səsləndirilməsində, siyasi plüralizmin möhkəmlənməsində, hökumətin fəaliyyətinə cəmiyyətin nəzarətinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edən parlamentlərin roluna həsr edilib.

Azərbaycan parlamentarizminin keçdiyi tarixi yolun araşdırılması, zəngin təcrübəsinin öyrənilməsi, müvafiq elmi-nəzəri ümumiləşdirmələrin aparılması, nəticələrin çıxarılması və lazımi ibrət dərslərinin alınması A.Mirzəzadənin müəllifi olduğu kitabın əsas qayəsidir. Məlum olduğu kimi, parlamentarizm dövlətin parlament vasitəsilə idarə edildiyi dövlət quruluşu sistemidir, ali dövlət hakimiyyətinin xüsusi təşkili formasıdır. Dövlət quruluşunun parlament formasının siyasi əsasını təşkil edən ideyalar, dəyərlər və prinsiplərin toplusudur.

Kitabda parlament tarixi araşdırılır, ayrı-ayrı ölkələrin parlament təcrübəsi müqayisə edilir. Parlamentin funksiyaları, dövlətin idarə edilməsində spesifik rolu göstərilir. Parlament və prezidentli respublikaların fərqi verilir.

Eyni zamanda, xüsusi olaraq Azərbaycanın ilk parlament təcrübəsi, Sovet Azərbaycanının parlament tarixi, müstəqil Azərbaycanın parlament təcrübəsi araşdırılır, elmi qiymət verilir. Yeni nəşrdə görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda həm birinci siyasi hakimiyyəti dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etməyə başlamasından sonra Azərbaycanda parlamentin əhəmiyyətinin artırılması istiqamətində müstəsna fəaliyyəti də xüsusi qiymətləndirilir.

Kitab ali məktəblərin bakalavr və magistr pillələrinin tələbələri və mövzu ilə bağlı maraqlananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu il “Azərbaycan Nəşriyyatı” MMC-də nəşr olunan 152 səhifədən ibarət kitabın elmi redaktorları mərhum siyasi elmlər doktoru, professor Hadi Rəcəbli və siyasi elmlər doktoru, professor Həvva Məmmədovadır.

Cavid Əkbər, “İki sahil”