09 iyun 2020 11:32
1354

Qondarma «Milli Şura»da inək söhbəti - VİDEO

Bu qurum indi daha çox baytarlar cəmiyyətinə bənzəyir

Bir xeyli vaxtdır ki, sosial şəbəkələrdə qondarma «Milli Şura»nın onlayn iclaslarının görüntüləri yayılmaqdadır. Onlar iqtidara özlərini real alternativ qüvvə kimi sırımaq istəyən şəxslər idilər. Lakin videogörüntülər onların fərsizliklərini və saxta vətənpərvərliklərini olduqları kimi göstərdi. Görüntülər təkcə qondarma «Milli Şura»nın siyasi gücsüzlüyünü göstərmədi, həm də onların sadəcə  söyüş söyməklə, qeybətlə məşğul olduqlarını aşkara çıxardı.

Bu videoya baxandan sonra çox təəssüf edirsən ki, belələri siyasətlə məşğul olmaq iddiasındadırlar. Təbii ki, söyüş söymək, başqalarını təhqir etmək, qeybətlə məşğul olmaq nəinki siyasətçiyə, ümumilikdə insana yaraşan xarakter deyil. Bu, məsələnin daha çox mənəvi tərəfidir.

Məsələnin siyasi tərəfi üzərində də daha çox dayanılmalıdır. O baxımdan ki, bu qurumda çəmləşənlər guya ciddi siyasətlə məşğul olan, bütün günü hakimiyyəti tənqid edib, onun yerinə gəlmək iddiasına düşmüş şəxslərdir. İllərdir görüntü yaradırlar ki, ciddi proqramlar üzərində işləyiblər və ölkənin gələcəyi ilə bağlı müəyyən yeni baxışlara malikdirlər, hakimiyyətə gəlsələr, indikindən daha yaxşı işlər görəcəklər. Amma illərdir ki, bunu necə edəcəklərini sanki sirr saxlayırlar. Reallıqda konkret heç bir ağlabatan proqrama malik olmasalar da müəyyən qədər bu görüntünü yaratmağa çalışırdılar.

Məhz son videokonfransda isə lap «gül vurublar». Ölkənin siyasi gündəmini müzakirə etmək əvəzinə qondarma «Milli Şura»nın  sədri Cəmil Həsənli, qondarma qurumun üzvü Gültəkin Hacıbəyli ilə inəklərlə bağlı danışıb. İngilis bayrağı kimi külək hara əssə o istiqamətə əyilən, yəni hər iki-üç ildən bir siyasi mövqeyini dəyişən Gültəkin Hacıbəyli bu videokonfransda  inəklərin bioloji durumlarından bir lətifə də guppuldadıb. Deyib: «Cəmil müəllim, yadınızdadır siz mənə danışmışdınız: Bakıdan Mərkəzi Komitənin katiblərindən biri gedib  rayondakı mal fermasına. Buğanı görüb deyib ki, nə qəşəng inəkləriniz var. Deyiblər ki, inək deyil- buğadır. O da başa düşməyib ki, buğa nədir? Deyiblər ki, bu inəyin erkəyidir. O da qayıdıb deyib ki, hə demək istəyirsiniz ki, inəyin əridir də…»

Bu zaman qondarma qurumun üzvləri bir xeyli gülüşürlər və inəyin «ərinin» müzakirəsi onların əsas mövzusu olur. Yəni bu, bir daha göstərir ki,  qondarma «Milli Şura»nın elə bir ciddi üzvü və normal düşüncəli insanı yoxdur ki, ciddi mövzulara, maraqlı söhbətlərə baş qoşsunlar. Bu görüntülər bir daha göstərir ki, qurum daha çox baytarlar birliyinə bənzəyir

Ümumiyyətlə qondarma «Milli Şura»nın  əvvəllər də yayılan videokonfranslarındakı görüntülər, ilk növbədə, aydın şəkildə göstərir ki, əsas müxalif qüvvə olduqlarını deyənlər öz iclaslarında qeybətlə, dürlü-dürlü söyüşlər söyməklə, lağlağı söhbətlərlə məşğuldurlar. Eyni zamanda, ölkənin problemlərini müzakirə etmək əvəzinə, sosial şəbəkələrdə fırtına qoparmağın yollarını axtarırmışlar. Bəli, bunlar çayxana söhbətlərinin onlayn versiyası idi- başqa heç nə!

Qeyd edək ki, bundan əvvəlki  videokonfranslarda  Gültəkin Hacıbəyli elə bir goplar edir ki, hətta öz əqidədaşları onun ağlına keçə yamamaq arzusuna düşürlər. Məsələn, həmin görüntülərdə qondarma «Milli Şura»nın «başbiləni» Cəmil Həsənli 2025-ci ildə həm prezident, həm də parlament seçkilərinin olacağını deyir. Ancaq bu vaxt sabiq millət vəkili, vaxtilə mövcud hakimiyyətin ən fəal müdafiəçisi olan Gültəkin Hacıbəyli «Siz niyə belə pessimistsiniz? Mən hazırlaşıram, uzaqbaşı sentyabrda hakimiyyətə gəlim,»- deyə etirazını bildirir.

Haqlı olaraq insanlar düşünür: bu söyüşcül, iradəsiz və savadsız bir toplumlamı hakimiyyətə gəlmək istəyirsininz? Bu, artıq dəhşətdir, populistlərin imkanlarından min dəfə irəli hoppana biləcəyinə dair sərsəmləmədir vəssalam...Özlərinin də dedikləri kimi, 100 insanı «Eşkiya dünyaya hökmdar olmaz» serialına baxmaqdan qoparıb öz videoçıxışlarına baxmağa məcbur edə bilmirlər. Çünki cəmiyyət artıq onların boşboğazlıqlarından təngə gəlib.

Başqa bir məqam : yenə də əvvəlki  videokonfranslarda iclasın müəyyən bir yerində İbrahim İbrahimliyə söz verilir və «deyəsən, yatıb onu qıdıqlamaq lazımdır» deyilir. Çox gülməli və acınacaqlı səhnələrdir. Bəli, mütləq bunları qıdıqlamaq lazımdır ki, yuxudan ayılsınlar, dünyaya açıq gözlə, həm də bir az məsuliyyətlə baxsınlar.  

Sonuncu gülməli məqam isə Əli Kərimlinin telefonunun iclasda deyildiyi kimi, «Deyəsən Əli bəyin «zaryadkası» qurtardı» ifadəsidir. Bu, sözün birbaşa mənasında o deməkdir ki, Əli Kərimlinin həqiqətən, siyasi baxımdan «zaryadkası» çoxdan qırmızı göstərir. Bütün siyasi fəaliyyəti nəticəsində ciddi yanlışlara yol verən, populizmdən və siyasi riyakarlıqdan əl çəkməyən Əli Kərimli  xeyli tərəfdarlarını itirib. Bu gün  AXCP sədri sadəcə bir qrup adamla qeybət etməklə məşğuldur. Onun və qondarma «Milli Şura»dakıların isə iki hədəfi var imiş - sosial şəbəkələrdə «fırtına» yaratmaq, digər müxalifətçiləri aşağılayıb gözdən salmaq. Həqiqətən, bunu yaxşı bacarırlar…

Bu görüntülər bir daha sübüt etdi ki, qondarma «Milli Şura»da cəmləşənlər bu ağılla, illərdir dəyişməyən düşüncələri ilə siyasətlə məşğul olmaqdan birdəfəlik əl çəkməlidirlər.  

Ən sonda danılmaz faktdır ki, «Milli Şura» adlanan qondarma qrup xalqın dəstəyindən məhrumdur. Hər hansı sosial qayğıların, siyasi çətinliklərin çözümü ilə bağlı real heç bir proqrama malik olmayan qurum şər-böhtanla, özlərinin də dedikləri kimi, sosial şəbəkələrdə «fırtına» qopartmağa güc veriblər. Axırıncı videogörüntülər isə onların məhv olma prosesi idi və bununla da onlar iflas kəndirini boğazlarına məhz özləri keçirmiş oldular.

Məhz bu videoparçaların yaratdığı qalmaqallar səbəbindən indiyə qədər qondarma  «Milli Şura»nın rəhbər heyətindən ikisi - Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək istefa veriblər. Lakin onlardan daha ağır təhqirlər səsləndirən və gerçək simaları ifşa olunan Gültəkin Hacıbəyli, Rahim Hacıyev üzr istəmək və istefa vermək haqqında hələlik heç bir açıqlama ilə çıxış etməyiblər.

Bir sözlə, bu videokonfranslar «Milli Şura» adlı qondarma dərnəyin və bu dərnəkdəkilərin cılız hissələrlə yaşadıqlarını, küçə jarqonları ilə danışdıqlarını, ədəb-ərkan normalarını pozduqlarını ortaya qoydu. Əslində qondarma qurum yaranan gündən naqis doğulmuşdu. Videokonfranslar bir daha qondarma «Milli Şura»nın xaricdəki qüvvələrin istifadə etdiyi bir vasitə olduğunu təsdiqlədi. Gültəkin Hacıbəylinin söylədikləri də bunu göstərir. Aydın olur ki, onlar hazırda Qərbin tələbini yerinə yetirmək üçün çalışırlar. Videokonfranslarla qondarma «Milli Şura»dakılar özlərini ifşa etdilər. Ona görə də bu dərnəkdən istefalar davam edəcək.

Elçin Zaman,

«İki sahil»