Bu ildən başlayaraq muxtar respublikanın ən böyük üzümçülük təsərrüfatı olan və Babək rayonunda fəaliyyət göstərən “Sumqala”da plastik səbətlərin istehsalına başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən il təsərrüfatın 80 hektarlıq sahəsindən min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiyanın və Ukraynanın bazarlarına ixrac olunub. Təsərrüfatda tutumu 2500 ton olan soyuducu anbarın tikintisi başa çatdırılıb, yığılan məhsulun bazara çıxarılması üçün plastik səbətlərin istehsalı sahəsi yaradılıb. Soyuducu anbar istehsal olunan məhsulun uzun müddət keyfiyyətli saxlanılmasına və istənilən mövsümdə bazara çıxarılmasına imkan verirsə, plastik səbətlərin istehsalı sahəsi isə idxaldan asılılığı aradan qaldırır. Ötən il tədarük olunan məhsulun daşınması bu il yeni istehsal sahəsinin yaradılmasını zərurətə çevirib. Artıq gündəlik 5-10 kiloqram tutumlu səbətlərdən 7500, 12-15 kiloqram tutumlu səbətlərdən 6000, 30 kiloqram tutumlu səbətlərdən isə 4500 ədəd istehsal olunur.
Yeni istehsal sahəsinə 10 nəfər işçi cəlb olunub. Qeyd edək ki, səbətlərin muxtar respublikadakı digər təsərrüfatlara satışı da həyata keçirilir.