Fevralın 23-də Beynəlxalq Mətbuat Mərkəzində nasir, publisist, Əməkdar Jurnalist Yusif Kərimovun “Sarı gəlin” romanının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın aktual mövzuya həsr olunduğunu bildirib, onun tarixi əhəmiyyətini qeyd edib.
Bildirilib ki, Xocalı soyqırımının ildönümünə həsr olunan “Sarı gəlin” romanı iki gəncin nakam məhəbbəti fonunda Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvar faciəsinə məruz qoyan, qəlbimizi əbədi olaraq “şəhid dərdi” ilə yükləyən mürəkkəb ictimai-siyasi hadisələrdən bəhs edir. Bu hadisələr bilavasitə Qarabağ hadisələri ilə bağlıdır. Ötən əsrdə başımıza gələn müsibətlərin demək olar ki, hamısı Vətənimizin bu dilbər guşəsini ana bətnindən qoparmaq istəyən erməni faşistlərinin və onlara havadarlıq edən qüvvələrin təcavüzkar siyasəti nəticəsində baş verib.
Tamamilə yenilənmiş romanın süjet xətti müəllifin “Çardaq” və “Səni mənə verməzlər” əsərlərindən qaynaqlanır.
Tədbirdə digər çıxış edənlər əsər haqqında fikirlərini söyləyiblər. Qeyd edilib ki, “Sarı gəlin” romanının əhatə etdiyi məkan və hadisələr olduqca geniş və rəngarəngdir.
Sonda müəllif Yusif Kərimov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub