23 iyun 2020 18:25
1483

“Milli dəyərlərimiz düşüncəmizdə” müsabiqəsinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqəsinin qalibləri müəyyənləşib.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn müsabiqəyə, ümumilikdə, 42 iştirakçı tərəfindən 43 esse təqdim olunub. Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş esselərə baxış keçirib. Seçim zamanı mövzunun təsvir və ya tərənnüm gücü, eyni zamanda, bəhs olunan mövzunun reallığı, essedəki mətnin mövzuya uyğun dolğunluğu, müəllif fikrinin anlaşılan formada, birmənalı şəkildə çatdırılması, essedə göstərilən faktın doğruluğu, heç bir yerdə dərc olunmaması, Azərbaycan ədəbi dilinin orfoqrafik, qrammatik və punktoqrafik (durğu işarələri) qaydaları əsasında yazılması nəzərə alınıb.

Qeyd edək ki, esse müsabiqəsində I yer üzrə qalib seçilməyib.

Müsabiqənin nəticələrinə əsasən Naxçıvan Musiqi Kollecinin müəllimi Elnurə Əsgərova II, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Fatma Babayeva III yerin qalibi olublar.

Müsabiqədə “Şərq qapısı” qəzetinin əməkdaşları – Güntac Şahməmmədli və Türkan Hüseynli fərqlənərək fəxri fərmana layiq görülüblər.