Koronavirus pandemiyasının təsiri nəticəsində dünya ölkələrinin iqtisadiyyatında tənəzzül müşahidə olunmasına baxmayaraq Azərbaycan iqtisadiyyatın dayanıqlılığını təmin edə bilib. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkə iqtisadiyyatının dirçəldilməsi ilə yanaşı, əldə olunan gəlirlərin böyük bir hissəsinin əhalinin sosial müdafiəsinə yönəldilir. Xüsusən koronavirus pandemiyası ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər tədqirəlayiq hesab olunur. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, xüsusilə də məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bununla kifayətlənməyərək aprelin 17-də dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Onu da xatırladaq ki, dövlət başçısı İlham Əliyevin Prezidentlik fəaliyətində sosial sahə daim prioritet məsələ kimi diqqətdə saxlanılıb. Pandemiya dövründə sosial-iqtisadi sferada görülən işlər də bunu təsdiqləyir.
Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, ilk sərt karantin rejimi zamanı yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərildi. 20 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verildi. Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün daha bir sıra addımlar da atdı. Məsələn, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı və bu məqsəd üçün 10 milyon manat ayrıldı. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənildi və buna da 40 milyon manat xərcləndi.
Bununla yanaşı, əhalinin aztəminatlı təbəqəsi üçün 190 manat birdəfəlik yardımın edilməsi də müsbət təcrübələrdən biri idi və dövlətin öz vətəndaşlarına, onların sosial problemlərinin həllinə nə dərəcədə həssas yanaşdığını təsdiqlədi. Baş Nazir Əli Əsədov tərəfindən yaxın günlərdə imzalanan qərar əsasında sərt karantin tədbirlərinin tətbiq edildiyi şəhər və rayonlarda əhaliyə yenidən 190 manat birdəfəlik yardım veriləcək.
Eləcə də işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək. Heç şübhəsiz ki, atılan bu addımlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş məmnunluğu, onun sosial rifahının yaxşılaşdırılması dayanır. Bütün görülən işlər, sosial sahədə reallaşdırılan tədbirlər də isbatlayır ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir.
Nigar Orucova,
“İki sahil”