14 iyul 2020 12:45
865

Bu təxribat  işğalçı Ermənistanın təcavüzkar siyasətinin növbəti təzahürüdür

“Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir”

“Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törədiblər. Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, işğalçı Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşmışdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qoruyub və Ermənistan əsgərləri bir santimetr belə, Azərbaycan torpağına keçə bilməyib. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat bir daha onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında politoloq Yusif  Bağırzadə deyib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür: “Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.”

Y. Bağırzadə  qeyd edib ki,  Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olub: “Dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etdi. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130 ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu, bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var. Əminəm ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər. ”

Həmsöhbətimizin sözlərinə görə növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır: “Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə, bu kimi iddiaları ironiya ilə qarşılayırlar.”

Yaqut Ağaşahqızı, “İki sahil”