20 iyul 2020 10:36
1238

Müsəlləh ordumuz Ali Baş Komandanın əmrini gözləyir

Prezident İlham Əliyev: Ordumuzun uğurlu əməliyyatı, hərbi qələbə xalqımızda ruh yüksəkliyi yaradıb

30 ilə yaxındır ki, Azərbaycan dövləti Ermənistanla  müharibə şəraitində yaşayır. 1994-cü ildə Atəşkəs elan olunmasına baxmayaraq Ermənistan  tərəfi təxribatları törətməkdə hələ də davam edir. Qarabağ müharibəsi, Aprel döyüşləri və vaxtaşırı baş verən bu təxribatlar Ermənistanın məkirli və riyakar siyasətinin bariz nümunəsidir.  Lakin regional və beynəlxalq müstəvidə “mənəm-mənəm” deyən  Beynləxalq təşkilatlar, Siyasi Birliklər, hüquq  müdafiəçiləri Ermənistan tərəfindən Azərbaycana qarşı davamlı həyata keçirilən terror aktlarına, soyqırımlara  nəinki siyasi qiyməti verməyiblər, hətta qınaq obyektinə belə çəkməyiblər. Dünyanın ən böyük  beynəlxalq təşkilatı, bütün dövlətlərin təmsil olunduğu  BMT-nin siyasi  platformasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi məlum qətnamələrin belə  icrası hələ də  kağız üzərindədir. Düşmənin Azərbaycan xalqına və dövlətinə qarşı törətdiyi saysız-hesabsız təxribatlarına, insanlığa sığmayan əməllərinə, faciələrinə  qiymət verməkdə qərarsızdırlar.

Bu gün siyasi tribunaların arxasından insan haqlarının pozulduğunu əsas götürərək çıxış edən siyasi fiqurlar başa düşmürlərmi bütün bu faciələrin fonunda insan qanı axıdılır, insan haqları pozulur? Həmin tribuna aşiqləri hesab etmirlərmi bu faciələrin qurbanlarının statistik rəqəmləri onların  məruzələrindəki haqsız, böhtan nümunələrindən daha ağırdır?

Siyası cəzasını almayan erməni vandalları məhz buna görə təmas xəttində və sərhəd  zonalarında dəfələrlə atəşkəsi pozaraq  xalqımıza qarşı amansız cinayət əməlləri törətmişlər. Zaman-zaman ermənilər sabitliyimizə, həmrəyliyimizə sarsıdıcı zərbələr endirməyə, nifaq salmağa çalışmışlar.

12 iyul 2020-ci il tarixdə  Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir. Lakin Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində düşmən  hücumunun qarşısı qətiyyətlə alınmışdır. Düşmən tərəfi çoxsaylı itkilər vermişdir, onların hərbi texnikası, canlı qüvvələri dağıdılmış, döyüş qüvvələri sarsılmışdı.

Bununla, Azərbaycanın igid oğulları Qəhrəmanlıq salnaməsində yeni bir səhifə  Tovuz hadisələri -İyul savaşı kimi yaddaşlarda qalan bir tarix yazdı.

Təbii ki,  müharibələr itkisiz olmur. İşğal altında olan torpaqlarımızı azad edərkən  şəhidlər verdik.

Torpaqdan pay olmaz. Şəhidlər ölməz. Qədirbilən Azərbaycan xalqı bu amalla bir nöqtədə birləşməyə müvəffəq oldu.

Ordumuza, dövlətimizə, dövlət başçımıza böyük dəstək  fonunda siyasi partiyaların, Qeyri-Hökumət təşkilatlarının siyasi əqidəsindən,  fəaliyyət sferasından, məramından, individual mövqeyindən asılı olmayaraq həmrəylik platformasında hər kəs bu vətənin bir əsgəri kimi Ölkə rəhbərimiz cənab Ali Baş Komandan İlham Əliyevin  ətrafında   dövlətimizə, ordumuza dəstək olmaq məqsədi ilə müsəlləh ordu kimi birləşməyi bacardılar.

Xalqımız bu haqq savaşında səfərbər olaraq düşməndən torpaqlarımızı azad etməyə hər an hazır olduğunu göstərdi. Səfərbərliyə qoşulan insanların, xüsusilə gənclərin, qadınların həmrəyliyi isə rəqəmlərin dili ilə olduqca möhtəşəm səslənir. İnsanların ordumuza dəstək yürüşü  xalq-ordu birliyini göstərməklə yanaşı, eyni zamanda düşmənə öz dəyanətini, şücaətini nümayiş etdirdi. Cənab Prezident bu proseslərlə bağlı bildirmişdir: Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.

Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Bizim düşmənin hücumunu hər zaman dəf edəcək nizami ordumuz var, bu ordunun yenilməz gücü var. Bu güc isə  öz canından, qanından keçməyə hər zaman hazır olan Vətən oğullarımızdır. O vətən oğulları onu ömür boyu gözləyən beli bükülü  anası, göz yaşlı yarısı, qəlbi nisgilli bacısı və hər zaman başını dik tutub qəlbi sınıq övladlarını öz canını qurban verdiyi Vətənə əmanət edən və “Vətən sağ olsun” deyə əmanət etməyə hazır olan qəhrəmanlarımızdır.

Bəli, hər kəs ordumuzun zəfər zəngini eşitmək istəyir, şəhid analarımızın övladlarının qisasını almaq istəyir. Bu zaman Ali Baş Komandanın qətiyyəti və ordumuzun şücaəti sayəsində çox da uzaqda deyil!

 Hər birimiz bir əsgərik!

Biz hər zaman sülhün tərəfindəyik. Biz heç vaxt öldürmürük, qanlar axıtmırıq. Biz sadəcə torpaqlarımıza uzanan xain əlləri, sərt baxışları kəsirik. Düşmən bizim torpaqda olmamalıdır. Biz torpaqlarımızı qoruyuruq. Biz Vətənimizi sevirik!

Təbii ki, şəhidlik məqamı, qəhrəmanlıq anlayışı ərazi parametrləri ilə ölçülmür. Amma fəxrlə deyə bilərik ki, Mübarizlər yurdu Biləsuvar da haqq savaşında öz qəhrəmanları ilə hər zaman döyüşüb və döyüşəcək. Biləsuvarı şəhidsiz təsəvvür etmək mümkün deyil. Bu torpaqın hər qarışında 133 nəfər  Biləsuvar şəhidlərinin qanı axır. Tovuz döyüşlərində baş leytenat Rəşad Rəşid oğlu Mahmudov fədakarlıq göstərərək qəhrəmancasına  şəhid olmuşdur. 12 iyul savaşında şəhidlərimizin mütləq əksəriyyəti zabitlər, gizirlərdir. Hətta Azərbaycan generalitetinin vuran ürəyi General Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlərimizin şəhadəti bir daha onu göstərdi ki, hər bir Azərbaycan zabiti, generalı əsgəri ilə birlikdə  hərbi xidmət keçir, döyüşlərdə isə önündə gedir.

Bütün şəhidlərimizin şəhadəti mübarək!

Strateqlərdən biri deyir ki, müharibələri axmaqlar başlayar, igidlər davam etdirər, ağıllılar bitirər. Müharibəni kimlər başlaması məlumdur. Biz isə qəhrəmanlıqla davam edirik.

Ləman Yüzbaşova,

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,
YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasının sədri