27 iyul 2020 10:47
1122

Koronavirus geri qayıdır?

Dünya ölkələrində məhdudiyyətlər yenidən tətbiq edilir

Bir sıra əcnəbi ölkələrdə hökumət karantini ləğv etsə də, insanlar normal həyata tam qayıtmağa macal tapmamış xəstəliyin yeni dalğası başladı. Dövlət idarəçiləri məcbur şəkildə yenidən müxtəlif məhdudiyyətlər tətbiq etməli oldular.

İspaniya, Yunanıstan, İtaliya və Yaponiya

Xəstə sayının artması əsasən xəstələrdə koronavirusa qarşı immunitetin tez itməsi ilə əlaqədardır.

Mütəxəssislər sübut ediblər ki, virusa qarşı immunitet təxminən 2-3 ay mövcud olur, sonradan yenidən yoluxmaq təhlükəsi yaranır. Avropada karantin may ayında ləğv edilsə də, statistika göstərir ki, yoluxma sayı artmaqdadır. Hələ ki, İspaniya yenidən karantin elan etməkdən imtina etsə də, Əndəlüsdə açılan bütün çimərliklər yenidən bağlanıb. Yunanıstan Bolqarıstan istisna olmaqla, bütün sərhəd keçidlərini bağlayıb. COVID-19 testi olmadan ölkəyə daxil olmağın mümkün olmamasına baxmayaraq, xəstəliyin demək olar ki, bütün halları xaricdən yoluxmalardır.

İtaliya hələlik turistləri qorxutmamaq üçün çimərlikləri, restoran və muzeyləri bağlamır, ancaq məsafə qorunsun deyə biletlər məhdud formada satılır. İtalyan operasına 2000 bilet yerinə 600 bilet satılıb. Pekində də məhdudiyyətlər yenidən tətbiq edilməli oldu, ancaq onlar xəstəliyi lokallaşdırmağı və ikinci dalğanın gəlməsinin qarşısını almağı bacardılar.

Yaponiya

Tokio rəhbərliyi yumşaldılmalar tətbiq etsə də, son iki ay ərzində gecə klublarında və əyləncə məkanlarında yoluxanların sayının maksimuma çatdığı bildirilir. Şəhərdə təhlükəli vəziyyət hələ də davam edir.

Amerika

İkinci dalğa amerikalılardan da yan keçməyib. ABŞ-ın bir sıra ştatlarında koronavirusla bağlı məhdudiyyətlər ləğv olunmayıb, ölkəyə gələnlər isə mütləq 14 gün karantində saxlanılır.

Avstriya

15 iyundan Avstriyada maskadan xəstəxanalar, aptek, lift, taksi və turist avtobusları istisna olmaqla, qalan yerlərdə istifadə etməməyə icazə verildi, sosial məsafə rejimi ləğv olundu. Lakin minlərlə gəncin bir yerə yığılaraq, qonaqlıqlar və ya nümayişlər təşkil etməsi yoluxma sayının yenidən yüksəlməsinə səbəb oldu. İctimai yerlərin açıldığı 15 may tarixində təxminən 50 xəstə var idisə, hazırda bu rəqəm minə çatır. Kütləvi yoluxma sayı ölkənin Yuxarı Avstriya regionundakı ət kombinatlarından birində qeydə alındı. 9 iyuldan ictimai yerlərdə maskalardan istifadə qaydası yenidən tətbiq edildi, 3000 insan karantinə alındı. Virusun yenidən tüğyan etdiyi rayonların izolyasiyası ilə bağlı hökumət tədbirlər planı hazırlayır. İqtisadiyyata daha böyük zərbə vurmamaq üçün bütün ölkəni deyil, klasterlər üzrə müəyyən rayonları bağlamaq nəzərdə tutulur.

Serbiya

Bu ölkədə koronavirus xəstəxanaları yenidən açılmağa başlayıb, maskalardan kütləvi istifadə etmək şərti qoyulub, klub və kafelərin iş saatları məhdudlaşdırılıb.

Avropada koronavirusa görə ən sərt komendant saatının tətbiq edildiyi ölkə Serbiya olmuşdu. Təxmini göstəricilərə görə, ölkədə hazırda 20 min xəstə var, halbuki iki həftə əvvəl xəstə sayı tamamilə azalmışdı.

Monteneqro

Hazırda Monteneqroda da COVID-19 xəstələrinin sayı dayanmadan artmaqdadır. İyulun əvvəllərində artıq 300 xəstə mövcud idi, baxmayaraq ki, bir ay bundan əvvəl ölkə “koronavirusdan azad” elan olunmuşdu. Orada yenidən bir neçə regionda sərt qaydalar tətbiq edilib, maskadan istifadə yenidən məcburi olub, bütün dini, siyasi və sosial toplantılar ləğv edilib, işçilər onlayn işləməyə başlayıblar.

İsrail

Yoluxma sayının 50 % artması ilə İsrailin yenidən məhdudiyyətlər tətbiq edəcəyi bəllidir. Ölkənin baş naziri Binyamin Netanyahu 2 iyulda koronavirusun yayılması ilə bağlı toplaşmaq hüququna yenidən məhdudiyyət tətbiq edildiyini açıqladı.

Cənubi Koreya

May ayının 6-sı, məhdudiyyətlərin tam ləğv olunduğu gün Cənubi Koreyanın Yönin şəhərinin 29 yaşlı sakinində koronavirus testi müsbət çıxdı. Sonradan onun bayram tədbiri ilə əlaqədar ölkəni gəzdiyi və yüzlərlə insanı yoluxdurduğu məlum oldu. Bu hadisədən sonra hökumət karantin qaydalarını sərtləşdirməyə, toplaşan zaman insan sayına məhdudiyyətlər tətbiq etməyə məcbur oldu.

MDB ölkələrində, Qazaxıstan, Özbəkistan və s. yoluxma sayının artmaması üçün müəyyən qadağalar tətbiq edilməkdədir.

Nubar Süleymanova, “İki sahil”