28 iyul 2020 18:08
1555

Hədəf bəllidir: Hər bir yaşayış məntəqəsi 24 saat keyfiyyətli içməli və suvarma suyu ilə təchiz olunsun

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayırıb.  Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında istismara verildi. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

2020-ci ilin martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançay su anbarının imkanlarından istifadə edilməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa olunub. Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib.

Bütün bunlarla yanaşı, ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması dövlətimizin daim diqqətindədir.

İyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatlı müşavirədə Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Dövlətimizin başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi: “Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq.”

Xəbər verildiyi kimi, iyulun 27-də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. Nəzərdə tutulan Tədbirlər Planına uyğun olaraq 2020–2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və bununla bağlı məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını həyata keçirəcək. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ilin avqust–dekabr aylarında ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, istismarı, ölçmələrə nəzarətin təşkili və bununla bağlı məlumatların onlayn rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası həyata keçiriləcək. Sənədə əsasən, “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–sentyabr aylarında II Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını və layihələndirməsini həyata keçirəcək. Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq. Tədbirlər Planının reallaşdırılması nəticəsində Azərbaycanda 10 yeni su anbarları yaradılacaq. Bakıya III Şollar su kəməri çəkiləcək.

Bütün bunlar bir daha sübut edir ki, həyata keçirilən içməli su və suvarma suyu layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə, iqtisadiyyatın inkişafına hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə bəllidir: Hər bir yaşayış məntəqəsi 24 saat keyfiyyətli içməli və suvarma suyu ilə təchiz olunsun.

Orxan Vahidoğlu, “İki sahil”