30 iyul 2020 10:29
1922

Dünyanı dostluq xilas edəcək

30 iyul Beynəlxalq Dostluq Günüdür!

Dünyanın elə bir guşəsi yoxdur ki, orada dostsuz-tanışsız, yoldaşsız yaşamaq mümkün olsun. İnsanların ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun bəşəriyyət üçün böyük əhəmiyyəti olduğu danılmaz faktlardan biridır. Bəlkə elə buna görədir ki, 2011-ci ildə Paraqvay Respublikasının təşəbbüsü ilə BMT-nin Baş Məclisi iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Qurumun üzvü olan ölkələrdə Dostluq Gününün qeyd olunmasının Baş Məclis tərəfindən tövsiyə edilməsi həm də xalqlar, ölkələr, mədəniyyətlər arasında sülh səylərini ruhlandırmaq və icmalar arasında körpülər qurmaq ideyasından irəli gəlirdi.

Görəsən vur-tut doqquz il əvvəl irəli sürülən bu ideya dünyada xilaskarlıq missiyasını yerinə yetiməyə qadirdirmi? 59 il ömür sürmüş dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Dostoyevski “Dünyanı gözəllik xilas edəcək” fikrini söyləyəndə görünür insanda sadəcə xarici görkəmi deyil, həm də daxili gözəlliyi nəzərdə tutmuşdu. Bu nəzəriyyəni Dostoyevskinin müasiri olan fransız şairi və tənqidçisi Şarl Bodlerə də şamil edirlər. Təbii ki, o da bu ifadəni işlədərkən insanların qarşılıqlı münasibətini, anlaşmasını, mehribançılıq hisslərini, eyni zamanda, sülhü, əmin-amanlığı nəzərdə tutmuşdur...

59 yaşında sürgündə dünyasını dəyişən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli romantik poeziyanın və mənzum faciənin banisi Hüseyn Cavid isə: “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” deyirdi. Turan və ya turançılıq dedikdə bu gün türkdilli xalqların müqəddəs birliyi nəzərdə tutulsa da, böyük ədibin fikrincə, dünyanı qılınc yox, ürəklə ağılın qovşağı olan mədəniyyət xilas edəcək.

 Son iki əsrdə dünya tarixində baş vermiş hadisələrə - qanlı savaşlara, soyqırımlara repressiyalara, deportasiyalara dərindən nəzər saldıqda istər-istəməz belə bir nəticəyə gəlirik ki, dünyada gözəl insanların çoxu mədəni danışıq qabiliyyətinə malik olub, çox gözəl nitqlər söyləyiblər, amma hər kəs gözəl hərəkət etməyə, mədəni rəftara qadir olmayıb. Gözəl şüarların altında dünyada milyonlarla insan məhv edilib, şəhərlər xarabazara çevrilib, müqəddəs məbədlər, məscidlər viranə qalıb. Götürək elə XXI əsrin ötən 20 ilini. Şərqdə baş verən müharibələrin, insan faciələrinin əsas səbəblərindən biri Qərb siyasətinin təkqütblü dünya modeli olmuşdur. Çox təəssüf ki, bu modelin əsas meyarı “Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz’’ fikri üzərində qurulmuşdu. Bu yanaşma da dünya nizamını pozdu, onu həm iqtisadi, həm də mənəvi böhranla üz-üzə qoydu.

Bəşəriyyətin çətin sınaq qarşısında qaldığı belə dövrdə multikultural mühitdə dözümsüzlüyün, milli və irqi ayrı-seçkiliyin, hətta aqressivliyin bəzi xalqlar üçün xarakterik olduğuna şahid oluruq. Görəsən bu gün nə qədər mədəni xalq olmaq lazımdır ki, dünyada erməni həyasızlığına dözə biləsən və ya erməni aqressivliyini mədəni şəkildə dəf edə biləsən? Yaxud atəşkəs dövrü dəfələrlə rəsmi Bakının sülh çağırışlarına məhəl qoymayan İrəvanın sərhədboyu ərazilərdəki silahlı təxribatlarının acı nəticələrinə seyrçi qalasan?

Dünyanı sarsıdan pandemiya dövründə BMT-nin müharibə bölgələrində sülh çağırışlarına baxmayaraq, erməni silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatı, mülki əhaliyə atəş açması bu işğalçı dövlətin necə təcavüzkar olduğunu bir daha təsdiq etdi. Bu, bir daha işğalçı Ermənistanın dünyadakı bəşəri dəyərlər anlayışına münasibətinin həqiqi mahiyyətini ortaya qoydu. Tarix boyu, elə bu gün də dünyada epidemioloji və təbii fəlakətlər zamanı həmrəyliyin ən əsas müqavimət yollarından biri olduğu vurğulanır.

Əslində pandemiya imkan verir ki, multikultural münasibətlərin kimin üçün dəyərlər sistemi, kimin üçün isə yalnız mənfəət və ya assimilyasiya üçün alət, süni şüar olduğu bir daha özünü göstərsin. Azərbaycan multikultural dəyərlərə sahib ölkə olaraq bu şərtləri həm mənəvi, həm də maddi şəkildə sübut etdi. Videokonfrans şəklində keçirilən beynəlxalq tədbirlərdə dünyaya “COVID-19-a qarşı birlikdəyik” mesajı ünvanlandı. Qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Üstəlik ölkəmiz bu günə kimi 30-dan çox dövlətə, 3 beynəlxalq təşkilata humanitar yardım, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün 10 milyon dollar maddi dəstək göstərib. Azərbaycanın koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir.

Fikrimcə, indiki zamanda “dünyanı dostluq xilas edəcəkmi” sualına dürüst cavab vermək üçün əsl dostluğu da təbliğ etməyin vaxtıdır. Karl Marksın maraqlı bir fikri var, deyir ki, insanlar bir-biri ilə iki şərtlə yaxın dost olurlar, ya səmimiyyətdən, ya da ki, qorxudan. Bu fikri indiki zamanda təkcə insanlara yox, həm də dövlətlərə şamil etmək olar. Çünki dövlətlər arasinda qarşılıqlı səmimiyyət, dostluq münasibətləri yalniz bu və ya digər ölkə rəsmilərinin görüşündə dilə gətirilir, təntənəli şəkildə “Dostluq” ordenləri təqdim olunur... Doğrudur, ola bilər ki, mən mövzudan bir az kənara cıxıram. Amma məqsədim əsl dostluqdan bəhs etməkdir. Söz yox ki, dostluğun da öz səddi-sərhədləri var. Hər şey çərçivə daxilində olmalıdır. Dostluqdan sui-istifadə etmək, hansısa fürsəti gözləmək olmaz. Ədəbi mənbələrdə bildirilir ki, borc içində yaşayan Fyodor Mixayloviç Dostoyevskinin həyatı çox ağır keçirmiş. Belə bir vaxtlarında naşirlərdən biri yazıçıya əsərlərinin üç cildliyini buraxmaq istədiyini və buna görə ona üç min rubl pul verməyi təklif edir. Bu təklif Dostoyevski üçün göydəndüşmə olur, amma müqavilənin şərtinə görə yazıçı qısa müddətdə daha bir roman yazmalıymış. Dostları bunu biləndə yazıçıya məsləhət görürlər ki, yeni yazacağı əsərin planını tutsun, onların da hərəsi bir hissəsini yazsınlar. Dostoyevski etiraz edir. O, birgə yazılacaq əsərə öz imzasını qoymağı vicdanına sığışdırmır. Bu hərəkəti onu dostlarının gözündə daha da böyüdür. Belə olan təqdirdə dostları ona yaxşı stenoqrafçı tapırlar. Beləliklə, o, yeni əsərini müqavilədə göstərilən vaxtda təhvil verir.

...Söz yox ki, dünyada elə şeylər var ki, yaş üstünə yaş gəldikcə onun mənasının dərinliyinə varırsan, həyat təcrübəsindən öyrəndiklərini miras kimi gənc nəslə ötürmək istəyirsən.

Bəs görəsən müasir texnologiyalar, internet əsrində yaşayan gənclər böyüklərdən bu estafeti qəbul etməyə nə dərəcədə hazırdırlar? Axı biz dostluqda, mərdlikdə, sədaqətdə sayılıb - seçilən şəxsiyyətlərimizin adına dastanlar qoşa-qoşa, əməllərini nəsildən-nəsilə yetirən xalq olmuşuq. Fəqət, burası da var ki, müasir zaman prizmasından baxanda məhəbbətin də, dostluğun da xarakteri dəyişir. Canlı ünsiyyət formalarının yerini virtual görüşlər, dostluqlar əvəz edir. Fikrimcə, heç bir virtual münasibət canlı münasibətlər qədər qəlbəyatımlı, könül və ruhoxşayan ola bilməz. Dost insana arxadır, köməkdir, dayaqdır. Dost - üzləşdiyin problemləri daha asanlıqla dəf etməyə dəstək, güc verən qüvvədir, qüdrətdir.

Belə nəql edirlər ki, qədim zamanlarda çox müdrik bir qoca varmış. Onun yeddi qoçaq oğlu, vur-tut yeganə bir gözəl qızı varmış. Ailənin sonbeşiyi olan bu gözəl on beş yaşına yenicə çatmışdı. Günlərin bir günündə qarlı qış səhərlərinin birində qoca yuxudan oyanıb görür ki, həyətdə üç ləpir var. Bu ləpir izləri ailənin başçısını xeyli düşüncələrə qərq edir. Yeniyetmə qız olan evin həndəvərində gecənin bir aləmi üç nəfərin xəbərsiz-ətərsiz gəzib-dolaşması müdrik qocanın səbrini daşırır. O, dərhal oğlanlarını yuxudan oyadır, özü başda olmaqla qar üstündə görünən ləpirlərin izinə düşüb gedirlər. Birinci ləpir onları dağın başında görünən bir daxmaya gətirir. Qapını açan şəxsdən soruşurlar ki, “kimsən, niyə gecənin bir aləmi bizim həyətə gəlmişdin?”

O gülümsünərək deyir ki, “mən var-dövlətəm, gəlmişdim sizinlə bir olam”. Qardaşlar yerbəyerdən dərhal dillənirlər ki, “Bax, bizə elə bu lazımdır. Axı bizim var-dövlətə ehtiyacımız var!” Ataları başını bulayıb etiraz edir. Deyir ki, “övladlarım, gəlin gedək, bu bizə lazım deyil”.

Qayıdıb ikinci ləpirin izinə düşürlər və görürlər ki, iz onları yenə dağın qoynunda başqa bir səmtə aparır. Burada da qapını üzlərinə açan şəxsdən soruşurlar ki, “sən kimsən, niyə bizə gəlmişdin?”. O da cavab verir ki, “mən güc-qüvvətəm, gəlmişdim sizinlə olam”. Qardaşlar yenə səs-səsə verib deyirlər, ki, “gəlin bunu aparaq, gücümüz-qüvvətimiz artsın!” Ataları yenə razı olmur. Nəhayət, üçüncü ləpirin izi ilə gedirlər. Dağın zirvəsində nəhəng bir qayanın yaxınlığında izin sahibinə rast gəlirlər. Ondan da məsələni soruşanda nurani simalı şəxs deyir: “Mən dostluğam, evinizə səmimiyyət, dostluq gətirmişdim, istədim sizinlə dost olum...” Ata oğlanlarına deyir ki, “Baxın, bizə elə bu lazımdır”. Qardaşlar bir-birinin üzünə baxıb susurlar. Ataları dostluğun əlindən tutub həyətinə gətirir. Qapıdan girən kimi “dostluğun” ardınca həyətə “var-dövlət”, “güc-qüvvət” də daxil olur. Ata üzünü yeddi oğluna tutub deyir: “Baxın, övladlarım, dostluq olan yerdə var-dövlət də olur, güc-qüvvət də.”

Bəli, əsl dostu qorumaq elə Vətəni qorumaq, bəşəriyyəti xilas etmək qədər şərəflidir...

Nurəddin Muğanlı, “İki sahil”