18 avqust 2020 18:07
2063

Mərahim Fərzəlibəyov: Özümü xoşbəxt sənətkar hesab edirəm

İkisahil.TV-nin bugünkü qonağı  Azərbaycan Respublikasının Xalq artisti, «Şöhrət» ordenli rejissor Mərahim Fərzəlibəyovdur

-Mərahim müəllim, qismətə inanırsınız və çətinliklərdən qorxmursunuz. Ən çətin gününüzdə belə, işıq axtarır və o işığa doğru gedirsiniz. Uğurularınızda bu amillərin rolu olubdurmu?

- Əlbəttə, sənət aləmində özümü xoşbəxt sənətkarlardan hesab edirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, işini sevən, ona ciddi yanaşan sənətkarlar özlərini xoşbəxt hesab edirlər. Sənətkarlar heç vaxt deyə bilməzlər ki, hər zaman  işıqlı həyat, gözəl, xoşbəxt günlər yaşayıblar. Sənət adamlarının həyatı həmişə enişli-yoxuşlu olur.  Mən orta məktəbi bitirdikdən  sonra ilk olaraq sənədlərimi Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq  fakültəsinə  vermişdim. Təəssüflər olsun ki, ora daxil ola bilmədim. Orta məktəbdə Azərbaycan  bölməsini bitirdiyim üçün rus dilini mükəmməl bilmirdim. Ancaq buna baxmayaraq Leninqrada üz tutdum, və ali məktəbə daxil oldum. Orada zamanının ən böyük rejissoru, SSSR –nin Xalq artisti, Lenin mükafatı laureatı Qeorgi Aleksandroviç Tovstonoqovun rejissorluq  sinifinə  daxil oldum. İnstituta müsabiqə yolu ilə daxil olduğuma görə, oranı bitirdikdən  sonra Qroznu şəhərinə dəvət aldım.  Lermontov adına Rus Dram Teatrnda  üç il ardıcıl çalışdım. Elə sualınızın cavabı olaraq demək istərdim ki, bu işıqlı yol sənətimdə məni hər zaman müşayiət etdi.

- Adətən incəsənət universitetinə daxil olan gənclər tez məşhurlaşmaq üçün aktyor olmaq istəyirlər. Siz isə rejissor oldunuz...

- O, zamanlar Bakıda teatr üçün baza rolunu oynayan xalq teatrları  var idi. Mən də ilk dəfə xalq teatrına həvəskar aktyor kimi daxil olmuşdum. 1964 – cü ildə bizim böyük novator rejissorumuz Tofiq Kazımovun «Sən həmişə mənimləsən»” tamaşasına baxdım və bu tamaşa məni çox valeh etdi. Həmin tamaşada üçüncü kurs tələbəsi olan dəyərli aktrisamız Amaliya Pənahova Nargilə” obrazını oynayırdı. Bu tamaşa məni o qədər duyğulandırdı ki, tamaşadan sonra mən aktyor yox, məhz  rejissor olmaq qərarına gəldim.  Tanrı sanki mənim səsimi eşitdi və o tamaşadan sonra rejissorluq sənətinin ardınca getdim. Buna görə də özümü xoşbəxt sənətkar hesab edirəm.

- Mərahim müəllim, aktyorlar hər zaman rejissorlardan narazı olurlar ki, onların potensialını ortaya çıxara bilmirlər. Siz belə bir vəziyyətlə rastlaşmısınızmı?

- Təsadüfi şəkildə  aktyorluq sənətinə gələnlərdə istedad axtarmaq çox çətindir. Belə insanlarda daxili aktyorluq istedadı olmur və rejissor o aktyorları çox çətinliklə idarə edir, nəticədə  rejissorun özünə də işləmək çox çətin olur. Hansısa  bir tamaşadan və yaxud da filmdən yüz faizlik nəticə almaq istəyən rejissor istedadsız aktyorla çalışdığı zaman  çox az faizli nəticə əldə edəcəkdir. Truppada rejissor artıq öz aktyorlarını tanıyır və bilir ki, hansı  aktyor hansı rolun öhdəsindən gələ bilər. Mən hesab edirəm ki, mütləq teatrda aktyor birinci növbədə istedadlı olmalıdır. Yalnız belə olduğu halda,  rejissor istədiyi nəticəyə nail ola bilər.

- Bəs, bugünkü aktyorlarımızdan necə, razısınızmı?

-Ümumiyyətlə, hər bir aktyorun məktəbi olmalıdır. Məktəb isə   teatrdır. Teatr müqəddəs bir yerdir və orada oynayan aktyor öz obrazını daha tez qavrayır, rejissoru  daha tez duyur. 60 - 70-ci illərdə şərəfli yol keçən Azərbaycan teatrının tarixinə nəzər salanda bir-birinin ardınca nəhəng simaların olduğunu görürük. Əfsuslar olsun ki, son 20 ilin müşahidəsinə baxsaq  belə görkəmli aktyorların olmadığına təəssüflənirik. Bu gün  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yüzdən  çox aktyor məzun edir. Bunların içərisindən yaxşı aktyorlar seçmək çox çətindir, çünki bir daha vurğulamaq istəyirəm ki, tələbələrin çoxu bu  sahəyə təsadüfən gəlirlər. Lakin az da olsa məsələn,  təmsil etdiyim Bakı Bələdiyyə Teatırında istedadlı, böyük potensiala malik gənclərdən ibarət aktyor truppası var. Artıq iki ildir ki, bu teatrda çalışıram və orada iki teatrın quruluşunu vermişəm. Onlardan biri  Cümhuriyyətimizin 100 illiyinə həsr olunumuş «Şanlı Vətən”» , digəri isə İmadəddin  Nəsiminin yubileyinə həsr olunmuş   İsa Hüseynovun məşhur romanı əsasında «İmadəddin Nəsimi»” tamaşasıdır.  

-Hər bir sənətin sahibi işinin çətinliyini görərək uşaqlarını o sənətdən uzaqlaşdırmaq istəyir. Sizdə necədir? Ailədə yeni rejissorlar varmı?

- Kiçik qızım özümün çəkdiyim «Mənim ağ şəhərim»” filmində iştirak edib. Qızım çox istəyirdi ki, bu sənətə yiyələnsin. Ancaq mən onun istedadının hansı səviyyədə olduğunu gördüyüm üçün bir ata kimi öz tövsiyələrimi verdim. Onun bu sənətdə öz sözünü deyə bilməyəcəyini başa saldım. Artıq bu gün o başqa bir sənətin sahibidir, öz işinin öhdəsindən məharətlə gəlir. Oğlum Samir Fərzəlibəyov kinorejissorluq fakültəsini bitirib və hal- hazırda Moskvada Sergey Bondarçukun şirkətində həm rejissor, eyni zamanda, kompyuter qrafikası ilə məşğul olur.

-Mərahim müəllim, dövlət tərəfindən bütün mükafatlara layiq görülmüsünüz. Bu, sizdə hansı hissləri yaradır?

- Bilirsiniz, hər bir sənətkar öz işi ilə məşquldur. Mənim əsas işim teatrda tamaşa hazırlamaqdır. Bir tamaşa hazırlayanda heç vaxt qarşıma məqsəd qoymuram ki, mütləq tamaşaçıların xoşuna gəlməlidir, mən sadəcə çalışıram ki, işimi mükəmməl şəkildə yerinə yetirim. İlk dəfə 1984 – cü ildə Anarın «Beş mərtəbəli evin altıncı mərtəbəsi»  romanı əsasında «Təhminə və Zaur» əsərin Azərbaycan Dövlət Akademik Milli Teatrında səhnəyə qoydum. Ttamaşa çox uğurlu alındı. 5 il tamaşa Amaliya Pənahova və Fuad Poladovun ifasında anşlaqla getdi. Daha sonra İlyas Əfəndiyevin 11 əsərinə Milli Teatrda quruluş verdim və bu əsərlər də tamaşaçılar tərəfindən bəyənildi. Bir daha vurğulamaq istərdim ki, sənətkar öz işi ilə məşğul olmalıdır. Görülən işin yaxşı və yaxud pis olması  tamaşaçılar tərəfindən qiymətləndiriləcək.

- Karyeranızda ən özəl hesab etdiyiniz iş hansı olub və nəyə görə, özəl hesab edirsiniz?

- Hər zaman deyirlər ki, tamaşalar mənim övladlarımdır. Mən isə deyərdim ki, yaxşı, pis tamaşalar var. Deməli həyatımda elə tamaşalar olub ki, düşünmüşəm ki, mən bu əsəri götürməyə bilərdim və yaxud da ki, bu aktyora verməyə bilərdim. Amma artıq qatar platformadan getmiş olur. Lakin elə tamaşalarda olub ki, düşünməmişəm ki, tamaşaçılar tərəfindən bu qədər sevilər. Məsələn, Həsən Həsənovun "Büresseldən məktublar" adlı əsərini tamaşaya qoydum. Əsər Mirzə Fətəli Axundov və oğlu Rəşid bəy haqqında idi. Tamaşaçılar Axundovun həyatını bilsələr də, Rəşid haqqında çox az məlumatlı idi. Həqiqətən də, gözləmirdim ki, tamaşa belə anşlaqla keçə bilər. Uzun illər bu tamaşa tamaşaçıların sevimli əsərinə çevrildi.

- Mərahim müəllim, Bələdiyyə Teatrının gənc aktyorları ilə “Vətən biz səninləyik” adlı  gözəl bir iş ərsəyə gətirmisiniz...

- Bu videoçarx təsadüfən yaranmayıb. Belə ki, bizim teatr vətənpərvərlik mövzusuna hər zaman böyük üstünlük verib. Teatrın yaradıcısı  Amaliya xanım Pənahova fəaliyyətə başladığı ilk gündən vətənpərvəlik mövzusuna xüsusi diqqət yetirirdi. Teatrda Böyük Vətən Müharibəsində Qələbənin  75 illiyi ilə və Rəsul Rzanın 110 illiyi ilə əlaqədar vaxtı ilə müharibənin ən çətin dövrlərində Rəsul Rzanın yazdığı «Vəfa»” adlı dram əsərini səhnələşdirmək qərarına gəldim. Mən o əsəri oxuduqda gördüm ki, əsər bu gün də hələ öz aktuallığını itirməyib. Bakının neft ölkəsi olması, cəbhəyə kömək etməsi,  bunların  hamısı Rəsul Rzanın əsərində çox gözəl təsvir olunub. Belə oldu ki, pandemiya ilə əlaqədar bizim teatr da məşqləri dayandırmaq məcburiyyətində qaldı. Ancaq teatrın bədii rəhbəri Aynur Muxtarova  bildirdi ki, biz onlayn şəkildə məşqlər edərək  Rəsul Rzanın şeirlərindən istifadə etməklə vətənpərvərlik mövzusunda videoçarx hazırlayaq. Bir neçə gün ərzində Rəsul Rzanın vətənpərvərlik mövzusunda yazdığı şeirlərdən ibarət 7 dəqiqəlik videoçarxı ərsəyə gətirdim. Bu videoçarx hər bir azərbaycanlıda qürur hissi doğuran  general-mayor Polad Həşimova həsr olundu. Bundan başqa öz daxilmdə düşündüm ki, mən bunu edə bilərəmmi? Videoçarxda Rəsul Rzanın şeirində anaya müraciət olunur. Çarxın o hissəsində  Polad Həşimovun anasına müraciət etmişik. Yeri gəlmişkən bu videoçarxda Bələdiyyə Teatrının ən gözəl aktyorları iştirak ediblər. Hüsniyyə Mürvətova, Tural Əhmədov, İlqar Musayev, Ülviyyə Rza və  Elçin Muradov. Bu aktyorlar çox gənc olmalarına baxmayaraq şeirləri çox gözəl ifa ediblər.

- Mərahim müəllim, sənətdə öz möhürünü vurmuş dəyərli bir sənətkar kimi incəsənətə gəlmək istəyən gənclərimizə məsləhətiniz nədir?

 - Bilirsiniz, bu sənətə gəlmək üçün birinci növbədə istedad lazımdır. Bu  sahə elə bir sahədir ki, onu məktəbdə, universitetdə öyrənmək mümkün deyil. Əgər bir opera müğənnisinin səsi yoxdursa, nə qədər vokal dərsi keçsə də, ona köməyi olmayacaq. Yalnız elmi tərəfdən səsin sirlərini öyrənmək  olar.  Bizim teatr aləmində də belədir. Aktyorun əgər istedadı yoxdursa o, sənətdə uğur qazana bilməz. Özü də ətrafındakılar da bundan çox əziyyət çəkə bilər. Arzum budur ki, incəsənətə  sözün həqiqi mənasında istedadı olan gənclər gəlsinlər.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»