25 sentyabr 2025 12:43
164

“Sənət inciləri” adlı silsilə mühazirə-konsertlər başa çatıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Sənət inciləri” layihəsi başa çatıb.

“İki sahil” xəbər verir ki,  Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan layihə üzrə silsilə mühazirə-konsertlərin sonuncusu sentyabrın 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, müsəlman Şərqində ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin zəngin irsini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, Üzeyir bəy çoxcəhətli yaradıcılığı, yorulmaz pedaqoji fəaliyyəti və maarifçi görüşləri ilə xalqımızın mədəni və milli şüurunun inkişafında müstəsna rol oynayıb.

Sonra tədbir MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın “Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi” mövzusunda mühazirəsi dinlənilib.

Daha sonra konsert proqramı təqdim olunub. Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) əsərləri əsasında hazırlanan rəngarəng proqramla tamaşaçıların könlünü oxşayıblar. Konsert təhsil ocağının professor-müəllim heyəti və tələbələri tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, “Sənət inciləri” layihəsi üzrə ilk mühazirə-konsert sentyabrın 19-da Azərbaycan Dillər Universitetində və ikincisi isə sentyabrın 22-də Bakı Dövlət Universitetində təşkil edilmişdi.