04 sentyabr 2020 17:56
1133

Azərbaycanın sözünün mənası və çəkisi böyükdür

Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir. Dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Təsadüfi deyil ki, BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bande Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş 31-ci xüsusi sessiyasının təfərrüatları üzrə qətnamə layihəsi ilə əlaqədar keçirilən ilk qeyri-rəsmi məsləhətləşmə zamanı Azərbaycana öz minnətdarlığını bildirib: "Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün, BMT Baş Assambleyasına isə sessiyanın keçirilməsinə razılıq verdiyi üçün minnətdarıq. Baş Assambleyanın pandemiyaya həsr olunan xüsusi sessiya keçirməsi ilə bağlı təklif COVID-19-a qarşı qlobal öhdəliyi səfərbər etmək baxımından etibarlı platformadır. Bizim koordinatorlar sizin əməkdaşlığınız və dəstəyinizlə danışıqlar üçün möhkəm zəmin yaradan gözəl layihə hazırlayıblar. İnanıram ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcəkdir".

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəbbüsləri dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ona görə ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Elə BMT Baş Assambleyasının sədri də inandığını bildirib ki, bu xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq: "BMT-nin üzvü olan çoxsaylı dövlətlərin xüsusi sessiyanın uğurla baş tutmasına göstərdiyi maraq məni çox sevindirir və bu sessiyanın təşkilinə töhfələrini vermiş şəxslərə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü Qoşulmama Hərəkatının üzvləri, Avropa İttifaqının aparıcı dövlətləri, Afrika, Asiya, Latın Amerikası ölkələri müdafiə edib. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Dünyanın təhdid olunduğu bir reallıqda hər bir dövlət və lider öz simasını ortaya qoyur. Bu gün sözün həqiqi mənasında Azərbaycan dövləti, onun lideri cənab İlham Əliyev bütün dünya üçün bir nümunədir. Çoxları güman edirdilər ki, yəqin ki, dünyanı təhdid edən ümumbəşəri bəlaya qarşı mübarizədə ən böyük öhdəliyi üzərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Fransa, Rusiya, Böyük Britaniya və virusun yayıldığı Çin götürərək analoji təşəbbüslə çıxış edəcək. Amma belə olmadı. Bu təşəbbüslə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi. O dövlət ki, iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, iki dəfə bu quruma sədrlik edib. Bütün bu amillər göstərir ki, bu gün beynəlxalq ictimaiyyət arasında Azərbaycanın, onun Prezidenti cənab İlham Əliyevin çox böyük nüfuzu var. Dövlətimizin başçısının  hər bir təşəbbüsü beynəlxalq aləmdə çox ciddi rezonansa səbəb olur, təşəbbüsləri birmənalı şəkildə dəstəklənir.

Nigar Orucova, “İki sahil”