07 sentyabr 2020 12:07
3495

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə start verilir.

Birlikdən "İki sahil"ə verilən məlumata görə, layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 20 gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq aşağıda qeyd olunan mövzular üzrə onlayn təlimlər keçiriləcəkdir:

Əsas anlayışlar, yol nişanları

Yol nişanları, nişanlama xəttləri

Yol işlərində istifadə olunan işarələr, NV-lərinin tanınma nişanları, Nizamlayıcının siqnalları

Svetaforun siqnalları, NV-lərin üstün hərəkət rejimi ilə hərəkəti. Xüsusi siqnalların tətbiqi. Hərəkətə başlama manevr etmə

NV-lərin yolun hərəkəti hissəsində yerləşməsi, hərəkət sürəti

Ötmə və qarşılıqlı keçmə. Dayanma. Durma. Parklama

Piyada keçidləri, yolayrıcıların keçilməsi. Nizamlanan yollar

Nizamlanmayan yolayrıcılar. Avtomagistralda hərəkət. Dəmiryol keçidlərində hərəkət

Yaşayış zonalarında hərəkət. Sürmə təlimi. NV-lərdə səs siqnallarından və xarici işıq cihazlarından istifadə edilməsi

Nasaz NV-lərin yedəyə alınması, adamların daşınması, yüklərin daşınması

İctimai Nəqliyyatdan istifadə qaydaları. Sanitar qaydaların qorunması. Məsafələrin saxlanılması

Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək. Layihənin sonunda layihədə aktiv iştirak edən gənclərə layihədə iştirak etdikləri üçün diplom və şəhadətnamələr təqdim olunacaqdır.

16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır. İştirak üçün müraciət etmək istəyənlər 11 sentyabr 2020-ci il tarixinə qədər müvafiq ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

Qeydiyyat üçün bu linkdən istifadə etmək olar.