Strateji əhəmiyətli Orta Dəhlizin fəal iştirakçısı və qurucularından olan ADY Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu daha cəlbedici və dayanıqlı edir
145 illik tarixə malik olan Azərbaycan dəmir yollarının son illərdə yenidən qurulması, müasir dünya standartlarına cavab verməsi üçün misli görünməmiş işlər həyata keçirilir. Son illər ərzində ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə transformasiyadan keçir. Ənənəvi idarəetmə strukturu və şirkətdaxili əməliyyatlar yenidən təşkil edilir, uzumüddətli inkişaf strategiyası formalaşdırılır, sosial maraq və öhdəliklərə daha böyük diqqət ayrılır.
Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə ölkəmizdə 2005-ci ildən başlayaraq hər il 13 oktyabr tarixi dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası nəhayət, 2005-ci ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinə də qoşulub. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir.
Son vaxtlar ölkəmizdə şaxələndirilmiş hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm multimodal layihələr həyata keçirilməkdədir. Yenidən qurulan dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və ölkəmizin tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr verib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyd edilən tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.
Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin nəqliyyat-logistika sahəsində zəngin ənənələrə malik olduğunun bariz nümunəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra Tarixi İpək Yolunun dirçədilməsi istiqamətində lokomotiv rolunu oynayaraq təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) və tarixi Zəngəzur nəqliyyat dəhlizlərinin əsas təşəbbüskarı kimi çıxış edir.
Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olmuşdur. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, artıq Çin-Avropa Dəmiryol Ekspresinin işə düşməsi Orta Dəhlizin daha dayanıqlı olduğuna bir işarədir: “Çindən Azərbaycan istiqamətində müntəzəm blok qatarlarının sayı artmaqdadır. Bu il də həmin proses davam edir ki, bu da Azərbaycan üzərindən tranzit daşımalarının sayına birbaşa təsir edir. Azərbaycan marşurutu üzrə multimodal daşımalar Xəzər dənizi üzərindən Gürcüstan istiqamətində marşurutlar şaxələnir. Bu şaxələnmə Gürcüstan limanları və Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən Avropaya daşınma imkanları mövcuddur.”
R.Ağamirzəyev qeyd edib ki, regionda baş verən yeni geosiyasi vəziyyət fonunda Orta Dəhlizin önəmi artmaqdadır, Azərbaycanın bu yeniliyə uyğun olaraq işğaldan azad edilən ərazilərdə dəhlizin şaxələndirilməsi istiqamətində ciddi işlər görülür: “Horadiz-Ağbənd layihəsinin icrası demək olar ki, son mərhələsindədir. Horadiz-Ağbənd layihəsinin bir seqmenti də İran istiqamətində olan Araz dəhlizi də nəzərdə tutulur. Güman ki, gələn il bu layihə reallaşar, digər tərəfdən Naxçıvan dəmir yollarının yenidən qurulması nəzərdə tutulur. Həmçinin Qars-İğdır-Dilucu dəmir yolları layihəsi icra mərhələsindədir. Yaxın 5 il ərzində bu layihənin tamamlanması ilə Azərbaycan istiqamətinə gələn yük axınının fərqli marşurutlar üzrə daşınmasına imkan verəcək. Həmçinin Şərqi Anadoluda Sivasın Divriği ilçəsindən Qars istiqamətində ikinci dəmir yolu xətti layihəsinin icrasına başlanılıb. Ötən ilin sonlarında Dünya Bankı ilə Türkiyə hökuməti bu layihəni elan ediblər. 660 km-lik dəmir yolu xəttinin tikintisi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Bu gün Divriği-Qars dəmir yolu vasitəsilə 750 min ton yük daşınması mümkün idisə, yeni xəttin tikilib istifadəyə verilməsindən sonra bu rəqəmin 20 milyon tona çatdırılaraq, dəhlizin ötürücülük qabiliyyətinin artırılması ilə nəticələnəcək. Bu da Orta Dəhlizin daha dayanıqlı fəaliyyətinə zəmin yaradacaq.”
Ekspert hesab edir ki, Azərbaycan yerləşdiyi srtateji mövqeyi ilə yanaşı, çeşidli nəqliyyat növlərinə çıxışı təmin edir: “Yəni, fərqli nəqliyyat növləri üzrə daşınma imkanı yaradır ki, bu da öz növbəsində Orta Dəhlizi daha cəlbedici edir. Rəqəmlərə də diqqət yetirsək aydın görmək olur ki, ötən il 4.5 milyon ton yük daşınmışdısa, 2023-cü illə müqaisədə 62 faiz artım deməkdir. Həmçinin 2030-cu ilə qədər Orta Dəhlizlə ən azı 10 milyon ton yükün daşınması və Ələt limanının ikinci fazası üzrə 500 min TEU (Twenty-Foot Equivalent Unit, konteynerlərin ölçülməsində istifadə olunan bir vahiddir) konteynerin qəbulu və ötürülməsi imkanı nəzərdə tutulur.”
Onu da vurğulamaq yerinə düşər ki, 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü ildə Azərbaycanla Çin arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir. Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir.
Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib. Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.
Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqi təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.
Bütün qeyd edilən işlər 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.
Orxan Vahidoğlu, “İki sahil”,
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur