Ermənistanın formalaşdırdığı muzdlu dəstələr, baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın silahlı fotoları və «sülh təşəbbüsləri» terrora çağırış, faşizmə dəstəkdir
Xalqımızın əsrlərdən bəri yaşadılan mənəvi dəyərləri arasında xeyirxahlıq, mərhəmət, başqalarına yardım kimi insani keyfiyyətlər bütün səviyyələrdə özünü göstərir. Xeyirxahlıq elə bir qiymətli, əvəzsiz, vicdani borc, nemətdir ki, o, nə qanunla tənzimlənir, nə də kimlərinsə göstərişi ilə yerinə yetirilir. Bu xeyirxah əməldə əsas meyar könüllülükdür. Zamanla fərdi keyfiyyətdən ictimai borca çevrilən bu mənəvi dəyər sosial həyatımızın gündəlik tələbatı kimi təsdiqlənib.
Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarla görüşündə standartları Azərbaycanda yazılan bu yarışları xalqları birləşdirən həmrəylik bayramı adlandıran Prezident İlham Əliyev ilk dəfə ölkəmizdə həyata keçirilən könüllülər hərəkatını da yüksək qiymətləndirmişdir: «Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var… İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.»
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda «Könüllülər ili» elan olunması gənclərə diqqətin ifadəsi olmaqla, xalqımızın başqalarına nümunə olan milli dəyərlərinin əbədiyaşarlığını da göstərir. Cari ilin iyul ayında Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində törətdiyi təxribatlara cavab olaraq 50 mindən yuxarı gəncin Dağlıq Qarabağın işğaldan azad olunması üçün ordu sıralarına yazılması könüllülük hərəkatı ilə vətənpərvərlik hisslərinin vəhdətindən yaranan Vətənə sədaqət andının ifadəsi idi. İndi dövlət strukturlarında belə könüllülərin sayı yüzlərlədir.
Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, müdafiə qüdrətinin gücləndirilməsi üçün əlavə vəsaitlərin ayrılması, əsgərlərin döyüş hazırlığı, yüksək əhval-ruhiyyəsi xalqımızın qələbə əzmini artırır. Azərbaycanın hərbi qüdrətinin işğalçı ölkədən üstün olmasını Ermənistanın hərbi ekspertlərinin, deputatlarının da etiraf etmələri, əsgər analarının övladlarının qondarma rejim olan «Dağlıq Qarabağ respublikası»ndakı döyüşlərdə iştirakına etiraz etmələri hərbi hissələri boşalan Ermənistanı daha miskin vəziyyətə salıb. Rusiyanın 102-ci bazası hesabına təhlükəsizliyini qoruyan, havadarlarından aldığı hərbi sursat, avadanlıq, texnika ilə özünü döyüşə hazır hesab edib, «əlavə ərazi qoparmaq» iddiasında olan, son çarə kimi guya «konüllülər»dən ibarət dəstə «formalaşdıran», xarici ölkələrdən muzdlu döyüşçülər gətirən Nikol Paşinyanın bu gedişləri də onu məğlubiyyətdən xilas etməyəcək. Yəni, insanlıq naminə təşəbbüsə qoşulan, başqalarına dəstək göstərən Azərbaycanın könüllülərindən fərqli olaraq Paşinyanın « könüllüləri»nə terrorçu, qatil adı daha çox yaraşır. Həmin «könüllülər» cəbhə bölgəsində gedən döyüşlərdə iştirak, azərbaycanlı hərbçiləri, mülki əhalini qətlə yetirmək üçün hazırlanır. Əsgəri xidmət üçün çağırışçı tapa bilməyən Paşinyanın «könüllülük» təşəbbüsünün nə ilə nəticələnəcəyi hələ bəlli deyil. Özünə inamsızlıqdan yaranan bu isterikanı «döyüşə qocalar gedir» adlandırmaq daha məqsədəuyğun olardı. Çünki demoqrafik vəziyyəti acınacaqlı olan Ermənistanın hərbi xidmətə yararlı gəncləri ölkəni tərk edir. Tarixləri, keçmişləri bəlli olmayan, köçəri həyat keçirən ermənilərin özlərinə məxsus əraziləri olmayıb. Bu baxımdan «Vətən» məfhumundan, torpaq sevgisindən məhrum ermənilər üçün yaşadıqları, xoş gün gördükləri yerlər onlar üçün elə vətəndir.
Paşinyanın «könüllülük» əməlinin daha bir nümunəsi həyat yoldaşı Anna Akopyanın nümunə kimi «silaha sarılaraq» işğalçı ölkənin qadınlarını belə «Dağlıq Qarabağ uğrunda» döyüşlərə sövq etməsidir. Müxtəlif mətbu orqanlarında yayımlanan Anna Akopyanın silahlı fotosu sülh, ədalət, xeyirxahlıq rəmzi olan qadın, ana adına ləkədir. Azərbaycanın işğal olunmuş ərazilərində Paşinyanın həyat yoldaşının bu əməllərinin tənqid olunduğu İtaliya mətbuatında dərc olunmuş «Akopyan erməni qadınlarını mülki azərbaycanlılara qarşı hücuma hazırlayır» adlı yazı Ermənistanın işğalçılıq siyasətini tənqiq edən məqalələrdən yalnız biridir. Amma bütün dünya ictimaiyyəti kimi Ermənistanı dəstəkləyən dairələrə də aydındır ki, yeni təxribatlara çağırış olan belə «nümunələr» sonda işğalçının özünün rüsvayçılığı, məğlubiyyəti ilə nəticələnib.
Bəzi məqamları xatırlatmaqla Anna Akopyanın da həyat yoldaşı Nikol kimi faşizmə xidmət etdiyini aydın görmək olar.
...2018-ci ildə Paşinyanın xanımı Anna Akopyanın dəvəti ilə Rusiyanın qadınlardan ibarət heyəti «Qadınlar sülhün tərəfdarıdır”» adlı tədbirdə iştirak etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmişdilər. Sonra həmin heyətin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına məktub göndərərək təşəbbüsün dəstəkləməsini və sülhyaratma ideyasını məntiqli sona çatdırmaq üçün nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil olunmasını xahiş etmişdilər.
Qeyd edək ki, xeyirxah təşəbbüslərin dəstəklənməsi, humanitar tədbirlərin keçirilməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi bütün dünya ictimaiyyətinə bəllidir və geniş miqyasda dəstəklənir, nümunə göstərilir. İllərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin, beynəlxalq hüquq normalarının qorunmasına, işğala məruz qalsa belə münaqişənin danışıqlar yolu ilə həllinə çalışan Azərbaycanın sadiq qaldığı prinsiplər beynəlxalq səviyyədə dəstəklənir. Rusiyalı qadınlara cavab məktubunda Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Ermənistanın təcavüzkarlıq siyasətinin regionda sabitlik üçün törətdiyi fəsadları, ermənilərin əsrlərdən bəri etnik təmizləmə siyasətindən əziyyət çəkən azərbaycanlılara qarşı vəhşilikləri tarixi həqiqətlərin dili ilə çatdıran Leyla Əliyeva tarixçi, siyasətçi kimi bildirdi ki, humanitar platforma, dialoq məkanı kimi tanınan ölkəmiz səmərəli danışıqlar üçün hər zaman açıq tribunadır. Bu şərtlə ki, müzakirələr birtərəfli mövqeyə deyil, həqiqətə, reallığa əsaslansın, regionda əmin-amanlığa xidmət etsin. «Biz sülh istəyirik! Biz düşmənçilik edən tərəflərdən xahiş edirik, XXI əsrdə bizim qardaşlarımızın, oğullarımızın, nəvələrimizin müharibədə daha həlak olmamaları üçün nə mümkündürsə etsinlər» söyləyən, işğalçı ilə işğala məruz qalanları «düşmənçilik edən tərəf» adlandıran rusiyalı qadınların münaqişəyə birtərəfli yanaşma tərzi «sülhyaratma missiyasının» mahiyyətinə uyğun deyildi. Əvvəla, rusiyalı qadınların qondarma «Dağlıq Qarabağ respublikası»na səfəri beynəlxalq səviyyədə təsdiqlənən Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin pozulması idi. Özlərini ziyalı adlandıranlar bu barədə müfəssəl olmasa da, sərhədlərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn tələblərindən xəbərdar olmalı idilər. Ən azından Xocalı soyqırımında ermənilərin qətlə yetirdikləri 613 günahsız azərbaycanlının ruhuna hörmət etməli idilər. Nəzərə alaq ki, «sülh carçıları hesab edilən bu ziyalı qadınlar» Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri olan bir ölkəni təmsil edirdilər. Belə yerdə «üzrü günahından betər» məsəli yada düşür.
Maraqlıdır, iki il bundan əvvəl «sülh çağırışı»na qoşularaq Azərbaycanın işğal olunmuş ərazilərində «istirahət edən» həmin ziyalı qadınlar Anna Akopyanın hərbi mundirinə, əlindəki silaha nə ad verərdilər? Yenədəmi «sülh tərəfdarı» kimi, özlərinin ifadəsi ilə deyilsə «düşmən tərəfləri» barışığa çağırmağa sözləri olardımı? Ermənistanın Azərbaycana qarşı döyüşə hazırlanan «könüllülər»ini sülhə dəstək təşəbbüsü adlandırmağa vicdanları yol verərdimi? Bundan əlavə, Rusiyanın forpostu Ermənistana davamlı olaraq silah-sursat yardımına, işğalçını açıq-aşkar silahlandırmasına necə münasibət bəsləyərdilər? Axı, Anna Akopyanın əlində tutduğu və Azərbaycana yönəltdiyi avtomat da Rusiyadan Ermənistana verilən çoxsaylı silahlardandır.
Yəni könüllülər hərəkatı, «sülhə çağırış» təşəbbüsləri o zaman dəyərli, humanist olur ki, həqiqətən xeyirxahlığa, bəşəri ideyalara, insanlığa xidmət etsin. Bu sahədə Azərbaycanın xalqları birliyə , həmrəyliyə çağıran könülülük təşəbbüsləri bəllidir və dünya birliyi tərəfindən dəstəklənir. Görəsən, Ermənistanın şər qüvvələrə xidmət naminə hazırlanan «qaniçən könüllülər»in xəyanətlərinə, qadınları silahlandırmasına «dur» deyən tapılacaqmı? Sualın cavabını İyul döyüşlərini davam etdirməyə hər an hazır olan Azərbaycan əsgəri verəcək. Bunu isə Ermənistan kimi, havadarları da bilir.
Xuraman İsmayılqızı, «İki sahil»