Prezident İlham Əliyevin son həftələr Rusiyanın Ermənistana hərbi yük daşımasını açıq bəyan etməsi Qərb dövlətlərinə bir mesaj kimi də qəbul edilə bilər. Bunun səbəbi də Tovuz döyüşlərindən dərhal sonra şimal qonşumuzun işğalçı Ermənistana 400 tondan çox hərbi yük göndərməsidir. Prezident bu məsələyə Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən də toxunub.Ölkə başçısı deyib: “Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.
Burada bir məsələ xüsusilə diqqət çəkməklə yanaşı, geniş müzakirələrə səbəb olub. Bu da Qərb ölkələrinin susqun mövqe göstərmələridir. İşğalçı ölkənin silahlandırılmasının adı nədir? Bütün münaqişələrin yalnız sülhlə həll olunmasını tələb edən dövlətlər, xüsusilə də Qərb bu məsələyə niyə susur? Əgər Ermənistan-Azərbaycan münaqişəsi müharibəyə çevrilərsə Qərb kimin yanında olacaq? Bununla bərabər, indi “ nə üçün Qərb mediası, Avropa Birliyi, bu məsələdə birbaşa mövqe bildirmir” suallarına da cavab axtarılır.
Bu günlərdə ABŞ Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasya üzrə katibliyinin müavini, tanınmış ekspert Laura Katerine Kooper Azərbaycanla bağlı maraqlı açıqlama ilə çıxış edib. O, Azərbaycanın təhlükəli bölgədə yerləşdiyini, təhülkəli qonşularla yaşadığını vurğulayıb. Laura Kooper Azərbaycanın regionda xüsusi olaraq qlobal rol oynadığını da bildirib. Şübhəsiz ki, bu açıqlama Amerika Birləşmiş Ştatlarının maraqları əsasında ortaya atılan məqamdır.
Müşahidələrə əsasən, Rusiya siyasi dairələri tərəfindən verilən bəyanatlar göstərir ki, onların qonşulara aid siyasətində çox zaman ərazi bütövlüyü və suverenlik kimi milli dəyərlərə o qədər də əhəmiyyət verilmir. Bunu Ukrayna, Moldova, Gürcüstan və s. ölkələrə münasibətdə də gördük. Bu hadisələrdən aydın oldu ki, bölgədəki ölkələrin ərazi bütövlüyü və suverenliyi Rusiya üçün vacib fakt deyil. Təbii ki, bu cür yanaşmalar digər qonşular üçün də təhlükələr yaradır. Bu və digər təhlükələrin hamısı Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına daxil olan bəndlərdə də qeyd edilib.
Xüsusi qeyd etməliyik ki, ABŞ rəsmiləri tərəfindən Azərbaycan haqqında səsləndirilən bu fikirlər birinci deyil. Bundan əvvəl də Azərbaycanın təlükəsizliyini təmin etmək üçün xüsusi proqramlar əsasında maliyyə yardımı ayrılmışdı.
Azərbaycan hakimiyyəti illərdir ki, balanslaşdırılmış xarici siyasət yürüdür. Ona görə də dərhal siyasi sayıqlıq göstərən ölkə Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə öz iradını bildirdi. Deməli, bu narazılıqdan sonra da Rusiya Ermənistana hərbi yüklər daşıyırsa, biz Kremllə siyasi əlaqələri bir qədər korrektə etmək lazım gəlir. Regional iqtisadi layihələrdə iştirak davam edə bilər. Amma siyasi və hərbi əməkdaşlığa yenidən baxmaq zəruri hala çevrilir. Artıq Rusiya Azərbaycandakı hərbi bazarını itirir. Yada salaq ki, əvvəllər biz şimal qonşumuzdan 5 milyard dollar civarında hərbi texnika almışıq. Dövlət başçısı açıq dedi ki, biz bundan sonra hərbi texnikanın alınmasında Türkiyəyə üstünlük verəcəyik.
Mövzuya qayıdaraq deməliyik ki, son həftələrdə Cənubi Qafqazda baş verən təhlükəli hadisələrə Qərb ölkələrindən hələ ki, ciddi bir reaksiya yoxdur. Halbuki həmişə özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi sayan Amerika və Avropa ölkələri həyəcan təbili çalmalı idilər ki, Rusiya Ermənistanı kimə qarşı bu qədər silahlandırır? Axı bu, bölgədə müharibə riski artırır. Bir tərəfdən Qərb ölkələri deyirlər ki, biz müharibə istəmirik, amma göz görə-görə Rusiya Ermənistanı silahlandırır, buna, seyrçi qalırlar. Düzdür, Qərb mətbuatı ara-sıra bu barədə yazır. Amma Qərb rəsmilərindən hələlik heç bir ciddi reaksiya yoxdur. Bununla belə artıq hiss olunur ki, Amerikanın Ermənistan siyasətində müəyyən dəyişikliklər var. Çünki Birləşmiş Ştatlarda artıq anlamağa başlayıblar ki, Ermənistana dəstək verməyə dəyməz və bu ölkə Rusiyanın Cənubi Qafqazda siyasi-hərbi forpostudur. Bu forpostu niyə dəstəkləsinlər? Bu səbəbdən bəlkə də tarixdə ilk dəfə olaraq Amerika Konqresi Azərbaycanın ərazi bütövlüyünü kifayət qədər dəstəkləyən bir sənəd qəbul etdi. Çox inandırıcıdır ki, Qərb ölkələri Rusiyanın Ermənistana silah göndərməsinə bir gün reaksiya verəcəklər. Çünki Azərbaycan rəhbərliyinin fəaliyyəti bu inama zəmin yaradıb.
İşə düşməyə hazır olan TAP və TANAP layihələri bəhs etdiyimiz məsələdə bizə dəstəkçi olacaq. Çünki 7 Avropa ölkəsi yaxınlaşan soyuq fəsillərdə Azərbaycan qazı alacaqlar. Həmin ölkələr yanacaq sahəsində Rusiyanın uzun illər onlara göstərdiyi təsirdən xilas olacaqlar və belə fürsəti çoxdan arzulayırdılar. Təbii ki, həmin dövlətlər Azərbaycanın sərhədlərinin təhlükəsiz olmasında maraqlıdırlar və yeri gələndə ölkəmizin mövqelərini müdafiə edəcəklər.
Məmnunluqla deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın, Pakistanın, Böyük Britaniyanın və daha bir neçə böyük dövlətin mövqeləri Azərbaycana daha yaxındır. Himayədar dövlətlər isə Ermənistana görə savaşan deyil, amma Azərbaycana görə savaşacaq qardaşı Türkiyə var! Bunu da ermənipərəst dairələr çox gözəl anlayırlar. Ona görə Azərbaycan Dağlıq Qarabağda və işğal altında qalan yeddi rayonda antiterror əməliyyatına başlaya bilər. Bu əməliyyat isə Azərbaycana uzun illər arzuladığımız və uğrunda çalışdığımız qalibiyyəti gətirəcəkdir.
Vəli İlyasov, “İki sahil”