Xəbər verildiyi kimi, sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb. Apelyasiya şikayəti ilə bağlı digər xüsusatlara sentyabrın 28-də saat 15:00-da keçiriləcək prosesdə baxılacaq.
“İlk olaraq onu vurğulamaq istərdim ki, Tofiq Yaqublunun 4.3 il müddətinə azadlıqdan məhrum olunması ilə bağlı qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. Azərbaycanın məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlardan sonra sosial mövqeyi və siyasi mənsubiyyətindən asılı olmayaraq məhkəmə hakimiyyətinin hər bir vətəndaş üçün ədalətli və humanist mövqedən çıxış etməsinin növbəti sübutudur”.
Bu fikirləri politoloq Yusif Bağırzadə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərarı “İki sahil”ə şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb: “ Eləcə də səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, eyni zamanda, öz xahişi ilə tanıdığı həkim Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün lazımi şərait yaradılıb. Bundan sonra T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirilib. T.Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Daha sonra TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada T.Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.
Göründüyü kimi, müvafiq dövlət institutları tərəfindən T.Yaqublu ilə bağlı bütün lazımi addımlar atılıb və nəhayət, sentyabrın 18-də həm millət vəkillərinin, həm tanınmış elm və mədəniyyət xadimlərinin də müraciətləri nəzərə alınaraq məhkəmə tərəfindən T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirildi. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin bariz nümunəsidir”.
Y.Bağırzadə vurğulayıb ki, radikal müxalifətin və xaricdəki “5-ci kolon”un bu qərarı “qələbə” kimi yozmaları, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirmələri bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur: “Milli Şura” təmsilçiləri, eləcə də onlar kimi düşünən digərləri öz məqsədləri üçün ən ali prinsipləri belə tapdalamağa hazırdırlar. T.Yaqublunun həkimi Adil Qeybulla haqlı olaraq məhkəmə tərəfindən verilmiş qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmmək istəyənlərin bu antiinsani davranışını qınadı: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər”.
Həmsöhbətimiz sonda Adil Qeybullanın fikirlərini də bölüşərək bildirib ki, neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənlərdən, insanların sosial durumunun ağırlaşmasını istəyənlərdən, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardan bundan artıq münasibət gözləmək mümkün deyil.Kimin nə deməsindən asılı olmayaraq T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəmətə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi, iflasa məhkumdur.
Yaqut Ağaşahqızı, “İki sahil”