18 sentyabr 2020 19:11
991

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Göygöl rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Goranboy rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən bildirilib ki, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Onlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Müraciətlər zamanı əsasən fərdi şəkildə qaz çəkilişlərinə köməklik göstərilməsi, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bəzi vətəndaşlar isə bundan öncə keçirilən qəbul zamanı onlara qaz çəkilməsi üçün köməklik göstərildiyinə görə təşəkkür ediblər.

Sonda baş direktor R.Əliyev Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə qazlaşma ilə bağlı məsələlərin hava şəraitinin kəskin soymasına qədər icra edilməsi barədə tapşırıqlarını verib.