AXC hökuməti iqtisadi məsələlərin həllində mühüm uğurlar qazanmışdı

31 may 2018 17:35
1066

1918-ci il mayın 28-də Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri də milli iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsi olub. Həmin dövrdə baş verən dünya və vətəndaş müharibəsi, daşnak və bolşevik talanları, ingilis müdaxiləsi ölkənin iqtisadi həyatını iflic vəziyyətinə salmışdı. Onlarla şəhər, yüzlərlə kənd dağıdılmış, on minlərlə canlı itki verilmişdi. Milli hökumətin qarşısında iqtisadi dağıntı, ərzaq böhranı, bahalıq və möhtəkirliyin artması və s. problemlərlə əlaqədar böyük çətinlikləri aradan qaldırmaq vəzifəsi dururdu. Hökumətin ilk tədbirlərindən biri ərzaq məhsullarının xaricə daşınmasının qarşısını almaq oldu. 1918-ci il 22 iyun tarixli qərarla taxıl, iribuynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara daşınması qadağan edildi. Avqust ayının 27-də verilmiş hökumət fərmanı ilə respublika ərazisində azad ticarətə icazə verildi. Azərbaycan hökuməti 1918-ci il 5 oktyabr tarixli qərarı ilə Bakı Xalq Komissarları Sovetinin, neft sənayesi, ticarət donanması və neft sənayesi ilə əlaqədar olan digər sənaye sahələrinin milliləşdirilməsi haqqında bütün dekret və sərəncamlarını ləğv etdi. Həmin müəssisələr əvvəlki sahiblərinə qaytarıldı.

Dövlətin əsas gəlir mənbəyi neft və neft məhsulları idi. Birinci Dünya müharibəsi ərəfəsində ildə 12 milyon pud neft Cənubi Qafqazın hüdudlarında satılırdı, 400 milyon pud isə çar Rusiyasına göndərilirdi. Sovet Rusiyası ilə iqtisadi əlaqələrin kəsilməsi nəticəsində neft ixracı kəskin şəkildə azalmışdı. Neft ixracını artırmaq məqsədilə 1918-ci il dekabr ayının 10-da Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə büro yaradıldı. Hökumətin həyata keçirdiyi tədbirlər 1919-cu ilin yanvar ayında Bakı şəhərinin zəruri ərzaq məhsulları ilə təminatını yaxşılaşdırdı. Lakin ət, balıq, kartof və s. məhsulların qiymətinin bahalaşması nəticəsində 1919-cu ilin yanvar və fevral aylarında real əmək haqqı müharibədən əvvəlki dövrə nisbətən 20 faiz aşağı düşdü.

1919-cu ilin mart ayında yaradılan yeni hökuməti təşkil etmək Nəsib bəy Yusifbəyliyə tapşırıldı. Yeni kabinetin proqramında ərzaq, ticarət, maliyyə və nəqliyyatın inkişafı məsələlərinə xüsusi diqqət yetirilirdi. Ələt-Culfa dəmir yolunun tikintisinin başa çatdırılması məqsədilə parlament 250 milyon manat pul ayırdı. Əlavə 500 milyon manat vəsaitin verilməsi də nəzərdə tutulurdu. Britaniya qoşunlarının Cənubi Qafqazdakı yeni komandanı, general Korn bildirdi ki, Azərbaycan hökuməti böyük quruculuq işləri - Culfa-Bakı dəmir yolunun tikintisi, suvarma işləri və s. ilə məşğuldur. 1919-cu ilin yay aylarında hökumət neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqavilələri bağladı. Məlum səbəblərə gorə, Rusiya bazarı Cümhuriyyət üçün itirildiyindən bütün diqqəti Azərbaycanı dünya bazarı ilə birləşdirən Bakı-Batum neft kəmərinin işini bərpa etməyə yönəltmək lazım idi. Neft kəmərinin taleyi çox mürəkkəb idi. Onun tikintisinə hələ XIX əsrin sonlarında - 1897-ci ildə başlanılmış, 1907-ci ilin iyulunda isə başa çatmışdı. Neft kəmərinin ümumi uzunluğu 830 km idi və onun marşrutu Zaqafqaziya dəmir yolu boyunca keçirdi. Azərbaycan Bakı neftini Avropa ölkələrinə çıxarmaq üçün Batumi limanından istifadə etmək hüququ əldə etdi.

Hökumətin daxili siyasətinin mühüm hissəsini aqrar məsələ təşkil edirdi. Bu, respublika əhalisinin yarıdan çoxunun kənddə yaşaması ilə əlaqədar idi. Həmin dövrdə Azərbaycanda əkinə yararlı torpaq sahələrinin 30 faizi xəzinəyə, 50 faizii kəndlilərə, 20 faizi mülkədarlara məxsus idi. 1920-ci ilin mart ayında hökumət aqrar siyasətlə bağlı Əmək Nazirliyinin hazırladığı qanun layihəsini müzakirə etdi. Qanun layihəsində kənd əhalisi üçün 7 desyatindən 50 desyatinədək, şəhər əhalisi üçün isə 1 desyatindən 12 desyatinədək torpaq verilməsi nəzərdə tutulurdu.

Azərbaycan hökumətinin sosial-iqtisadi siyasətində bir sıra nöqsanlara da yol verilmişdi. Dövlətin aparıcı xadimlərinin təcrübəsizliyindən, radikal islahatların aparılmamasından müxalifətçi qüvvələr, ilk növbədə isə bolşeviklər bacarıqla istifadə edirdilər.

1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Həmin vaxt büdcənin əsas hissəsi neft satışı və vergilər hesabına artırdı. O illər üçün bu göstərici 30 faiz idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki, neft üçün olan aksiz vergiləri idi. O illərdə yaradılmış gömrük xidməti xəzinəyə 100 milyon manat yatırmışdı. Daha 15 milyon manat isə azad ticarət, eləcə də yük və sərnişin daşımaları üçün alınan rüsumlar hesabına əlavə edilmişdi. Məhdud büdcə əsasən vətəndaşlara, xüsusilə sənaye fəhlələrinə əməkhaqqı ödənilməsi üçün istifadə edilirdi.

İqtisadiyyatda neft sektorunun aparıcı roluna baxmayaraq o illərdə Azərbaycan daha çox aqrar, xüsusilə də heyvandarlığa istiqamətlənmiş ölkə kimi tanınırdı. Bu dövrdə iribuynuzlu heyvanların sayı 1 milyon, at 150 min, camış 300 min, dəvə 12 min, qoyun və keçi isə 1,5 milyon başa çatırdı. Eyni zamanda əsas strateji mallara tələbat idxal hesabına ödənilirdi. Buğdaya olan tələbatın ödənilməsi üçün Azərbaycan 7 milyon pud (112 milyon ton) buğda və 16 ton şəkər almalı oldu.

Ölkənin enerji potensialı artırdı. Bu dövrdə elektrik stansiyalarının gücü 63,7 min kilovata çatırdı. Onun 56 min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə isə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.

Mövcud olduğu 23 ay ərzində AXC hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi. Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etmək və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. (Cümhuriyyət dövründən qabaq xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da təsərrüfatların və hökumətin maliyyəsinə olduqca mənfi təsir göstərmişdi).

Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Gürcüstanla bağlanan müqavilə mühüm əhəmiyyətə malik idi. 1918-ci il dekabrın 26-da bir illik müddətə bağlanan bu müqaviləyə əsasən böyük ehtiyac olan məhsulların bu respublikaların tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının ümumi satışı isə 20 milyon puddan çox olmamalıdır. Gürcüstanın bəzi məhsullarının (daş kömür, meşə materialları və s.) neftin dəyərinin 1/10 hissəsi həcmində Azərbaycana gömrüksüz satılması nəzərdə tutulurdu. Müqaviləyə görə, alınan məhsulların başqa ölkələrə satışına icazə verilmirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Rusiya ilə iqtisadi əməkdaşlığa da böyük əhəmiyyət verir, neft, pambıq və başqa ixrac məhsulları üçün Rusiya bazarının əhəmiyyətini nəzərə alırdı. 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycanın birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalanmışdı. Lakin Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etsə də, onlara əməl etmədi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən mühüm hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi. Təbii sərvət iqtisadi inkişaf üçün maddi baza olsa da, iqtisadi qüdrət və gücün təbii sərvətdən asılılığının həmişəlik olmadığı və gələcəkdə dəyişəcəyi Azərbaycan Xalq Cümhuriyyətinin istinad etdiyi başlıca iqtisadi müddəalardan biri idi. Digər tərəfdən, fəhlə və dövlət qulluqçularının məvacibinin həcminin dəfələrlə qaldırılması haqqında hökumətin qəbul etdiyi qərarlar büdcədə böyük kəsir yaradırdı və bu kəsirin də ödənilməsi tarif normalarının artırılması və əlavə kağız pulların kəsilməsi hesabına həyata keçirilirdi. Bütün bunlar həm də bahalığa və inflyasiyaya, zəhmətkeşlərin sosial vəziyyətinin pisləşməsinə səbəb olurdu. Sosial-iqtisadi sahədə xeyli işlər görülsə də, fəhlə məsələsinin, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib məsələlərdən olan aqrar məsələnin həll olunmaması əhalinin vəziyyətini pisləşdirirdi. Bundan istifadə edən sosialistlər fraksiyası və Azərbaycan Kommunist Partiyası əhali içərisində narazılığı artırmaq üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirmiş və Bakı əməliyyatı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi üçün əlverişli zəmin yarada bilmişdilər.

Neft sənayesini böhrandan cıxarmaq yolunu tutan Azərbaycan Xalq Cumhuriyyəti hökuməti yarandığı ilk gündən bu sahədə konkret addımlar muəyyənləşdirdi. Azərbaycan Parlamenti neft istehsalı və satışını öz nəzarəti altına aldı. Bununla bağlı olaraq dəfələrlə hökumətin məruzələrini dinlədi, neft sənayesinin rentabelliyinin yüksəlməsinə yardım edən bir sıra qanunverici sənədlər qəbul etdi. Bu məqsədlə müxtəlif idarələrdə neft məhsulları ilə bağlı sui istifadə və cinayətləri təhqiq etmək üçün xüsusi təftiş-istintaq komissiyası təsis olunmuşdu. 1919-cu il iyulun 27-də qəbul olunmuş qanunla komissiyaya bütün hökumət müəssisələri və vəzifəli şəxslərdən, ictimai təşkilatlardan istənilən zəruri məlumatları almaq, hər bir şəxsin çağırılan zaman gəlməsinin təmin edilməsi, hər bir şəxsə qarşı cinayət təhqiqatı qaldırmaq, poçt-teleqraf yazışmasına baxış və zəbt etmə, təhqiqat müddəti ərzində vəzifədən kənar etmək hüququ nəzərdə tutulurdu. Bütün bunlar həmin məsələnin hökumət üçün strateji əhəmiyyətli olduğunu təsdiq edir. Vaxtilə S.Şaumyan höküməti Sovet Rusiyasının arzusu naminə neft stansiyasının milliləşdirilməsini elan etdiyindən, indi milli hökumətin ilk zəruri addımı 1918-ci il oktyabrın 6-da neft sənayesinin özəlləşdirilməsi haqqında qərar verməsi oldu. 1918-ci il oktyabrın 7-də hökumətin neft mədənləri və zavodlarını, Xəzər ticarət donanması gəmilərini neft firmaları və gəmi sahiblərinə qaytarmağı nəzərdə tutan dekreti nəşr olundu və bununla da hökumət neft sənayesində xüsusi mülkiyyət prinsipini bərpa etdi.

Cavid Əkbərov, “İki sahil”

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan  edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda  müsabiqəyə təqdim edilir.