28 sentyabr 2020 21:40
1511

Fəzail Ağamalı: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür

«Azərbaycan vətəndaşı uzun illərdir Vətən həsrəti ilə, qaçqın-köçkün vəziyyətində yaşayır. Dövlət başçımızın da söylədiyi kimi, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Bu gün Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun iradəsi Böyük qayıdışı daha da yaxınlaşdırır. Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına yüksək inam ifadə edir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara müraciət ünvanlamaları milli həmrəyliyin bariz nümunəsidir. Yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İnanıram ki, əli silah tutan hər bir Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı, «Ana Vətən» Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı vurğulayıb ki, tarixin bütün sınaqlarında olduğu kimi, bu gün də bir dövlət və xalq kimi birliyimiz müşahidə olunur. Biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan Ordusunun nəzarətindədir. Ordumuz düşmənin hücum təxribatlarına layiqli cavab verərək, əks-hücuma keçib. Təbii ki, kimdən hansı dəstəyi almasından asılı omayaraq çökmüş Ermənistanın qorxaq  əsgəri, anadan əsgər doğulan xalqın qüdrətli ordusunun qarşısından qaçmağa məhkumdur.

Şəmsiyyə Əliqızı,
«İki sahil»