29 sentyabr 2020 02:18
723

Serbiyanın xəbər portalları Ermənistanın cəbhə xəttindəki təxribatları ilə bağlı materiallar yayıb

Serbiyanın nüfuzlu xəbər portallarında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq, Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Ordusunun cavab tədbirləri ilə bağlı bəyanatı haqqında məqalələr dərc edilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, “Hacıyev: Ermənistanın hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır” başlıqlı məqalə Serbiyanın “Danas.rs” və “Naslovi.net” portallarında dərc olunub.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı bölgələrində əhalisi sıx olan ərazilərdə yaşayan mülki şəxsləri, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasından danışılıb.