26 oktyabr 2020 13:43
1960

Bu yol Şuşa yoludur - Şuşaya məktub

         O gün gəldi müjdə olsun, gözəl Şuşa, cənnət Şuşa. Harayına səs verir, murdar erməninin ayağını müqqəddəs torpağından qoparmağa gəlir igid oğulların. O dolanbac yollarından boylanan boynuna dolanmağa, həsrətlə yollara baxan gözlərinin qadasın almağa gəlir əzizlərin, doğmaların. Yolunu düz 28 il gözlədiyin ər oğulların səni əsirlikdən qurtarmağa gəlir. Haray yetir Laçına, Xankəndinə. Xarı bülbülə də de solmasın onun ətrini duymağa tələsir qəhrəmanların. Vaqifə, Natəvana da de ki, artıq yad baxışlar altında dolanmayacaq ruhları, azad oldular. Xəbər yetir dağlara qoy bir-birinə “qoruyun qoynunuzda irəliləyən igidləri” –  desinlər. O gün çatdı, köksünə sancılan o yad əşyanı – erməni bayrağını qoparır atır igid oğulların. Azərbaycan əsgəri üçrəngli, ay-ulduzlu bayrağı Cıdır düzündə göylərə yüksəltməyə tələsir. Eşidirsən, sənə doğru can atan oğulların ayaq səslərini? Eşidirsən, Füzulidə, Zəngilanda, Cəbrayılda oxunan əzan səsini? Küləklər əsib sənə gətirirmi azadlığın ətrini, igidlərin doğma nəfəsini. Düz 28 il sürdü ayrılığımız “bir igidin ömrü qədər” ayrı qalsaq da, bir ananın övlad həsrəti kimi olsa da ayrılığımız torpaqlarımız yenidən əsl sahibinə öz anasına, Azərbaycanına qovuşur. İllər sonra müqəddəs torpağımıza qədəm qoymaq qismət oldu həsrətini çəkənlərə. Bu illər bir sınaq idi, bəlkə də! Bizim tarix qarşısında sınağımız.  

Nədəndir bilmirəm amma hər dəfə səndən danışanda yadıma Fikrət Sadıq, onun yanıqlı misraları düşür həmişə:

Şuşa yadıma düşəndə

Sınır qəlbim şüşə kimi

Görəsən, görərmiyəm

Şuşanı bu qışa kimi?!

Düz 28 qış gəldi keçdi, qar yağdı, buz tutdu bulaqların, sən orda yad tapdaqda bizsiz dondun biz isə də burada sənsiz yanıb kül olduq. Fikrət Sadıq kimi yüzlərlə insan səni görmədən nisgilli köçdü dünyadan. Neçə insan son nəfəsində Şuşa azad olunanda ordan – o ətirli torpağından gətirin tökün məzarıma deyə vəsiyyət etdi.

Daha neçə qışı gözləyəcəyik daha neçə yayı qarşılayacağıq? Artıq bitir bu çətin suallar da, Şuşasızlıq dərdi də. Hamının arzusu, yuxusu çin oldu. Həqiqətə çevrildi xəyallarımız, bitdi sənsizliyimiz. Azərbaycanın hər qarışı əzizdir, – deyir igidlərin, amma sənin yerin bir başqadır. Sən baş tacısan doğma yurdun. Sən təkcə şuşalılar üçün yox, bütün azərbaycanlıların əzizisən. Sən tariximizsən, canımız, nəfəsimiz Vətənimizin almaz qaşı, alınmaz qalasısan. Ali Baş Komandanın dediyi kimi: “İşğal edilmiş hər qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu,bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox isdedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Qəm yemə, xarabaya dönmüş halınla bizi qarşıladığın üçün. Darıxma, doğma, əziz Şuşamız, köksündə illərdir, dolaşıb sənə zərbə vuran tarixini, sərvəti talan edən vandalların izlərini siləcəyik ürəyindən. Əvvəlkindən də gözəl qurub-yaradacaq ər oğulların, qızların hər qarışını. Sən yenə də ən gözəl şəhəri olacaqsan Vətənimizin. Yenə hər yay minlərlə adamı oraya səsləyəcəksən. Yenə İsa bulağına axışacaq, burada sərinləyib, dincəlib, çəmənlikləri qarış-qarış gəzib xarı bülbül axtaracaqlar. Yenə dağ-daşın, meşələrin, yaylaqların, bulaqların hamını heyran qoyacaq. Yolunu gözlə yolçəkən gözlərindəki həsrət əbədi olaraq bitəcək. Sən həmişə bizim olmusan, yenə də bizim olacaqsan əzəli, əbədi sahibinin – anan Azərbaycanın. Daha qərib olmayacaqsan torpağında, daşında gül açacaq gələn qışı da yazı, yayı da, payızı da gələn neçə-neçə fəsilləri də Cıdır düzündə qarşılayıb İsa bulağından yola salacağıq. Yollarda qalan gözlərinə can qurban deyən igidlərin yoldadır. 270 yaşını birlikdə qeyd etmək diləyilə...

Ramiyyə ƏKBƏROVA