24 aprel 2024 22:30
738

Xoşbəxt “dəlilər”in Şekspiri

Xalq yazıçısı Elçinin dram əsərləri rejissor üçün sonsuz imkanlar açan, onun təxəyyül və fantaziyasını körükləyən, rejissoru axtarışlara sövq edən məqamlarla zəngindir. Təfəkkürümüzü qəliblərdən, vərdiş qandallarından xilas etməyə çalışan bu pyeslərin hər birinin səhnə taleyi uğurlu olub, hər rejissor bu meydanda öz gücünü sınayıb, bu energetik dalğa aktyorları da öz cazibə qüvvəsində saxlamağı bacarıb.

Elçinin dramaturgiyası janr baxımından çoxşaxəli və zəngindir. O, dramaturgiyamızda yeni janrlar – pyes-pritça, dramatik povestlə yanaşı, ənənəvi janr formalı dram, komediya (tragikomediya) və faciə janrlarında dəyərli əsərləri ilə səhnəmizi zənginləşdirmişdir. Elçinin pyesləri Azərbaycan dramaturgiyasında yeni mərhələdir.

Bu baxımdan, yazıçının dünyanın bir çox ölkələrində səhnəyə qoyulmuş  “Şekspir” dramında bir ruhi xəstəxananın divarları əhatəsindəki xəstələrin daxili aləmi müxtəlif hadisələr vasitəsilə açılır. Obrazlar öz təxəyyüllərindəki dünyada yaşayırlar və bu dünyanın içində də bir Şekspir dünyası var. Yer planetini müharibələrdən qorumaq üçün Şekspirin əsərlərinə ehtiyac var. Bəşəri fəlakətlərdən xilas yollarını xəstələrə məhz sənət əsərləri göstərir. Hamının dəli kimi baxdığı, başqa bir planetdən gəldiyini iddia edən bu insanlar bəşəriyyəti xilas etməyin yollarını nişan verirlər. Əsər həm də bu mesaj verir – insanlığın nicatı göydə deyil, yerdədir, insanı elə insanın özü xilas edə bilər. Tamaşaçı bu nəticəyə gəlir. Dramaturq tarixi şəxsiyyətlərin (Stalinin, Sara Bernarın) iç dünyasını, mənəvi təbəddülatlarını dəlilərin diliylə açır və səhnəyə gətirir.

Bir çox səhnələri dolaşmış “Şekspir” əsəri nəhayət, Bakı Bələdiyyə Teatrında Xalq artisti Mərahim Fərzəlibəyovun yeni quruluşunda səhnələşdirilib. Rejissor əsərə tamamilə fərqli prizmadan yanaşıb.  “Şekspir” dünyanın bir çox ölkələrində səhnəyə qoyulub, müxtəlif rejissorlar bu əsərə fərqli yöndən yanaşıblar, müəllifin fikrinə, məqsədinə maksimum dərəcədə yaxınlaşmağa çalışıblar. Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşa isə insanla dünya arasındakı oyun üzərində qurulub. Beləliklə, teatr səmasındakı göyqurşağına yeni rənglər, çalarlar əlavə olunur. Ruhi-əsəb klinikasındakı xəstələr özlərinin qurduqları xəyali dünyada yaşayırlar və xoşbəxtdirlər. Səhnədə daim yellənməkdə olan saat kəfkiri dünyanın modelidir. Yox, belə getsə, simvollar meşəsində aza bilərik. Yaxşısı budur, rəmz və işarələrin dilini rejissorun vasitəsilə açaq.

Tamaşanın premyerasından sonra Mərahim müəllimlə görüşdük və ayaqüstü söhbət elədik və məni düşündürən sualları ona vermək fürsətini qaçırmadım. Səhnədə, tamaşanın vizual səhnə tərtibatında on oyun zəri görünür. Bu zərlərin hansı anlam daşıdığını soruşdum. Mərahim müəllim belə bir izah verdi: “Əsərdə beş ağıllı (həkim personalı) və beş dəli (pasientlər) var, nəticə budur ki, dünya insanlarla, insanlar isə dünya ilə oyun oynayır. Tamaşaçı səhnədə böyük oyuna şahidlik edir, dünya və insanlar arasında gedən bu oyunda udan, uduzan tərəf varmı? Elçin müəllim bu əsəri bütün zamanlar üçün yazıb”.

Tamaşa xoşbəxtliyə can atan tənha insanların ağlagəlməz üsullarla həyatdan zövq almaq üçün göstərdikləri səylərdən bəhs edir. Səhnənin ortasında saat kəfkiri aramsız olaraq yellənir, bu saat dünyanı simvolizə edir və tamaşanın ideya-bədii həlli üçün rejissor tərəfindən tapılmış uğurlu detaldır. Baş həkim (İlqar Musayev) dəlilərə həsəd aparır, onlar öz xəyali dünyalarında xoşbəxtdirlər və arzularının gerçəkləşəcəyinə inanırlar. Baş həkim pasiyentlərinin ağıllı fikirlərinə o qədər inanır ki, o da onlar kimi xoşbəxt olmaq istəyir. Lakin bu mümkün deyil. O, ürəyindəki qürur nöqtəsini tapa bilmir, yeknəsək həyatına rəng qatmağı bacarmır. İstedadlı aktyor İlqar Musayev xarakterik rollar ifaçısı kimi tanınır və bu tamaşada da potensialını ortaya qoyur, baş həkimin daxili sarsıntılarını qabarıq ştrixlərlə canlandırır. 

Tamaşaya bilet alan tamaşaçı sanki bununla öz həyat təcrübəsindəki hansısa boşluğu doldurmağa çalışır. Yaranmış mənəvi boşluq isə onun mövcud şəraitdəki durumunun səciyyəsi ilə sıx bağlıdır. “Şekpir” tamaşasının qəhrəmanlarına həyatda da rast gələ bilərsiniz. Qəlbi arzularla dolu yaxud günahlarından xilas olmağa çalışan, mənəvi ağrılar içində qıvrılan, xoşbəxtlik axtarışına çıxmış insanlara Yer kürəsinin hər yerində rast gəlmək mümkündür. Və bir də var xəyali dünyalarında o “xoşbəxtliyi” yaşayanlar. Onlar bir məkana toplaşmış “dəli”lərdir. Tamaşanın rejissoru həkim-pasiyent münasibətlərini fərqli istiqamətə yönləndirir, mövzuya baxış bucağını, yanaşma tərzini dəyişir və beləliklə də tamaşanın intellektual yükünü artırır. Azərbaycan teatrının səhnəsində hər deyəndə belə tamaşaya rast gəlmək mümkün deyil. Bu intellektual oyun insanların iç dünyasına nüfuz etməklə onların xislətini üzə çıxarır. Tamaşanın plastika kompozisiyası çevik və mütəhərrikdir. Rejissorun vizual təhkiyəsi tamaşanın ideya-bədii həllinin tapılmasına hesablanıb. Mizanlar zərgər dəqiqliyi ilə işlənib.

Əməkdar artist Hüsniyyə Mürvətovanın canlandırdığı Sara Bernar obrazı kamerton kimi situasiyanı sanki tənzimləyir, tamaşaya lirik-sentimental çalar qatır. Hüsniyyə Mürvətova özünəməxsus ecazkar plastikası olan aktrisadır və fərqli qadın xarakterləri yaratmaqla daxili imkanlarının genişliyini hər dəfə sübut edir, heyrətləndirməyi bacarır. Sara Bernarın daxili temperamenti, hiss və duyğuları bədən dili ilə səhnəyə hərarət gətirir. “Sən elə oynamalısan ki, səhnəni yerdən səmaya qaldırasan”. Bu fikirlər Sara Bernarın sənət eşqinin ifadəsidir. Onun ən çox sevdiyi rol Cülyettadır, çünki Cülyetta sonsuz arzular, gözəllik, sevgi deməkdir. Onun Stalinlə üz-üzə gəlməsi sevgi ilə nifrətin qarşılaşmasıdır. Doğrudan da “teatr olmasa, bu soyuq həyatda necə yaşamaq olar?” Teatr bizə həqiqətləri anladır. Tamaşa içrə cövlan edən oyunbazlığa Şekspirin Cülyettası belə qoşulur.

Stalin obrazının ifaçısı Rəşad Kəsəmənli öz rolunun öhdəsindən bacarıqla gəlir. Milyonlarla insanın qanını tökmüş diktator tamaşaçılar qarşısında diz çöküb törətdiyi cinayətlərə görə üzr istəyir, bağışlanmağı üçün yalvarır. Dünyanı barmağına dolayan Stalinin qoltuğundakı qlobus acı gülüş doğurur. Diktatorun etiraf monoloqları mənə Qərb filosofu Bertran Rasselin “Stalinin pis yuxusu” hekayəsini xatırlatdı. Bir gün Stalin istiotlu araqdan içib kresloda yuxulayır. Yuxusunda görür ki, Qərb müttəfiqləri onu əsir götürüblər. Ona izah olunur ki, siz saysız-hesabsız cinayətlər törətmisiniz, əgər öz günahlarınızı etiraf edib tövbə etsəniz, öz xoşbəxtliyinizi başqalarının xoşbəxtliyində tapa bilsəniz, mənəvi əzablardan xilas ola bilərsiniz. Biz sizin ruhunuzu xilas etməyə çalışırıq. Stalin isə hiddət və qəzəb içində onların bu təklifini rədd edir və bu məqamda yuxudan ayılır. Bu hekayədə Stalini dəyişmək, öz xislətindən döndərmək mümkün olmur. Elçinin “Şekspir”ində isə Stalin “yumşalır”, günahları üçün əfv diləyir.

Bu qrotesk realizminin (oyunun) mahiyyətində dünyanın qaçılmaz həqiqətləri sayrışır.

Zülfiyyə Qurbanovanın yaratdığı Ər-arvad obrazı şəxsiyyətin ikiləşməsinin bariz nümunəsidir. Aktrisa səhnədə vizual metamorfozanın öhdəsindən sənətkarcasına gəlir, isterik məqamları inandırıcı boyalarla təqdim edir və haqlı olaraq tamaşaçı rəğbəti qazanır. Bakı Bələdiyyə Teatrının ən istedadlı aktrisalarından olan Ülviyyə Rza rolun fəaliyyət xəttini sonadək saxlayır, mütəmadi qeydlər aparmaqla pasiyentlərin cızıqdan çıxmasına imkan vermir. Aktrisanın oyununda fərdi-psixoloji qat dominant rol oynayır.

Tural Əhmədin Drob-13-ü son dərəcə dinamikdir, o, başqa planetdən gəldiyini zənn edir, polislər onu tutub ruhi xəstəxanaya gətiriblər, şəxsiyyət vəsiqəsi isə yoxdur. Bu tip xəstələrin sənədinin olmaması onların psixoloji atributudur. Drob-13-lə Sara Bernarın dialoqları tamaşaya xüsusi temperament qatır. Onları güdən həkim münasibətlərinə mane ola bilmir. Səhnədə Romeo və Cülyetta sevgisinin şahidi oluruq. Aktrisanın obrazı psixoloji, ruhsal qatda təqdim etməsi bu münasibətlərin dialektikasına təbii don biçir. 

Veneralı demişkən, “bu planetin işlərindən baş açmaq çətin məsələdir”. Toğrul Rza səhnədəki passiv duruşu ilə belə nəzərləri öz üzərinə fokuslamağı bacarır. Veneralı son dərəcə əhəmiyyətli obrazdır, o, daim özgə planetdən kiminsə gələcəyini gözləyir, binokl daim əlindədir. O, xilas yolunu naməlum məchulluqda – göylərdə axtarır. Tamaşanın qəhrəmanları gerçəklik koordinatlarından qopsa belə, ağıllılardan daha artıq dərəcədə xoşbəxtdirlər. İlk baxışda absurd görünən məqamların güclü məntiqi seyrçidə sarsıntı hissi oyadır.  

Müəllif və rejissor isə tamaşaçıya insanlığın xilasının dahilərin yazdığı əsərlərdə gizləndiyi mesajını verir. Sonda personajların əlində Şekspirin kitablarını görürük. İllüziyalar ifşa olunur; başqa planetdən kimsə gəlib dünyamızı xilas etməyəcək. Yaşadığımız dünyadan gözəli yoxdur və insanlar Yer planetini qorumalıdır. Bunun üçün dahilərin zəkasına arxalanmalıyıq, bəşəriyyəti onların yazdığı kitablar xilas edəcək. Rejissorun əsas ideyası bundan ibarətdir.  

“Şekspir” tamaşası ideya və məzmununa, ifaçıların plastikasına, rejissorun səhnə fəndlərinə və estetik parametləri düzgün müəyyənləşdirməsinə, orijinal tapıntılarına görə Bakı Bələdiyyə Teatrının ən uğurlu işlərindəndir.

Kənan Hacı