26 aprel 2024 16:45
632

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az vahid şəxsi kabineti vasitəsilə aparılacaq.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək.

Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır. Təhsilalanların elektron qəbulu prosesində ən vacib məqam rəqəmsallaşma, ölkədaxili informasiya sistemləri ilə inteqrasiya və əlçatan xidmət tələblərinə cavab verməkdir. Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.

Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi vasitəsilə əldə edə bilərsiniz.