13 noyabr 2020 18:16
2649

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

44 günlük müharibənin nəticələri münaqişənin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti şəkildə sübut etdi.

Ali Baş Komandan “münaqişənin hərbi həll yolu yoxdur” deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən qüvvələrin planlarını və taktikasını alt-üst etdi. Sentyabrın 27-dən başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü və regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən Prezident İlham Əliyevin ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Hamı Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı siyasi reallıqlarla barışmağa məcbur oldu.

Azərbaycan Prezidenti dünya hərb taktikaları tarixində unikal bir yenilik etdi. Ölkəmiz onillər boyu uğurlu diplomatiya ilə kənar qüvvələri neytrallaşdırmaqla təcavüzkar Ermənistanı hərb meydanında təkləmək, Ermənistanın heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi güclə təkbaşına icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya masasına əyləşdirmək kimi uğurlu formul ortaya qoydu.

Dinc şəkildə ədalətə və beynəlxalq normalara uymayan Ermənistan Azərbaycanın hərbi gücü ilə buna məcbur edildi. Azərbaycan Prezidenti eyni vaxtda həm diplomatik, həm hərb arenasında, həm də informasiya müharibəsi meydanında bütün qüvvələri vahid hədəfə yönəltməyin uğurlu nümunəsini yaratdı. Düşmənin təxribatlarına uymadan yalnız hərbi hədəflərlə müharibə aparan Azərbaycan dünyaya həm də müharibə qanunlarını pozmadan hədəfə yetişməyin mümkün olduğunu da sübut etdi. 44 gün ərzində 30 illik təcavüz və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini ləğv etmək Azərbaycan tarixinin həqiqətən şanlı səhifəsidir. Prezident İlham Əliyev haqqımızı dünyaya təlqin edə-edə bu böyük nəticələri əldə etdi. Azərbaycanın haqqına hörmət edən, etməyə məcbur edilən, ya da heç olmasa neytral qalan ölkələrin sayı və dairəsi genişləndi. Azərbaycan cənab Prezident İlham Əliyevin sayəsində müharibədən daha da güclənərək çıxdı.

Atəşkəs bəyanatının imzalanması dövlətimizin başçısı İlham Əliyevin böyük intellektual və fiziki səylərinin əhəmiyyətli nəticəsidir. Dünya tarixi müharibə tam bitməmiş düşmənin “əlinin arxasını yerə qoyduğu” az-az məqamlar tanıyır ki, bunun da ən uğurlu nümunəsini Azərbaycan Prezidenti yaratdı.

Bu qalibiyyətli müharibə Azərbaycan-Türkiyə qardaşlığını daha da gücləndirdi. Naxçıvanın tam blokadadan çıxışı regionumuzun geosiyasi mənzərəsini dəyişdirən əhəmiyyətli faktorlardan biri olacaq. Sülhyaratma missiyasının icrasında qardaş Türkiyənin legitim rolunun rəsmən təmin edilməsi Prezident İlham Əliyevin tarixi geosiyasi uğurlarından biridir.

Cavid Əkbərov, “İki sahil”