“Bu gün Ağdam azaddır. Bu gün biz qayıdırıq. Biz Ağdamı dirçəldəcəyik. Bu sözlərin eynisini Prezident İlham Əliyev Şuşa haqqında demişdir. Cənab Ali Baş Komandanın səsləndirdiyi hər sözü, hər ifadəni, hər kəlməni ayrı-ayrılıqda tezis kimi qəbul etmək olar. Hesab edirəm ki, eyni sözləri Ağdama da şamil edə bilərik. Bütün ağdamlıların dilində və ürəyində bir dua, bir minnətdarlıq var. Hər kəs cənab Ali Baş Komandana minnətdardır. Onun müdrik siyasəti nəticəsində bir güllə belə atmadan, bir şəhid vermədən Ağdam rayonunu işğaldan azad etdik. Bugünkü siyasi qələbələrimizdə Vətən uğrunda canını verən şəhidlərimizin rolu danılmazdır. Onların qarşısında baş əyirəm”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.
Ə. Haqverdiyev qeyd edib ki, Ağdama Qarabağın “toy otağı”, bərli-bəzəkli evi deyirlər: “Ağdam mərd oğullar məskəni, abırlı-ismətli qızların vətənidir. Təsadüfi deyil ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş rayonumuzdur. Ağdam Allahverdi Bağırov, Fred Asif kimi milli qəhrəmanların torpağıdır. Xocalıya qucaq açan, Şuşanı bağrına basan, Xocavəndə pənah duran qəhrəman rayondur Ağdam. Ağdam Şuşanın arxa cəbhəsidir. Tarixçilər yaxşı bilirlər ki, əcdadlarımızın əcdadı Pənahəli xan Şuşa qalasından sonra Ağdamda Şahbulaq qalasını tikdirir. Ağdam Xankəndiyə və Şuşaya qarabağlılar demişkən həmkövşəndir. Ağdam ağır pirlər, ocaqlar, ağalar, gözəl ürəkli adamlar rayonudur”.
Rayon təşkilatının məsləhətçisi vurğulayıb ki, Ağdam rayonu özündə gözəl evlər və şəhərsalma nümunələrini əks etdirirdi: “Bu şəhərin evləri dünyada marağa səbəb olurdu. Əsası XIX əsrdə qoyulan Ağdam Cümə məscidi isə memarlıq abidəsidir. İşğaldan azad olunduqdan sonra Ağdamı heç ağdamlıların özləri də tanıya bilməmişlər. Həmişə eşidərdim, deyərlər ki, ermənilər ağdamlılardan qorxublar, onlara, onların qoçaqlıqlarına həsəd aparıblar. İndi işğaldan sonra görüntüləri görəndə anladım ki, sanki erməni terrorçuları Ağdamdan qisas alıblar. Daşın üstündə daş qoymayan düşmən beynəlxalq jurnalistlərin də adlandırdığı kimi, Ağdamı “ruhlar şəhərinə” çeviriblər. Dağıdılmış ərazilərdə monitorinqlər aparılması üçün yerli və beynəlxalq ekspertlər dəvət olunacaq, dağıntıların miqyası hesablanacaqdır. Daha sonra biz Ağdamı adına layiq yenidən tikəcəyik, həm də ən müasir şəhər üslubunda. Cənab Prezidentin planları çoxdur. Biz öz torpaqlarımızı yenidən qurub yaradacağıq”.
Müsahibimiz deyir ki, Bakı şəhəri, Suraxanı rayonunda anadan olub: “Bütün uşaqlığım, gəncliyim, həyatımdır Suraxanı! Lakin bilənlər bilir ki, əsilim- nəsilim Qarabağlıdır, Şuşalıyam, Ağdamlıyam, Azərbaycanlıyam! Tale elə gətirdi ki, biz illərdir görmədiyimiz torpaqlarımızı indi görürük. Atamın kəndini gördük. Atam xaraktercə çox möhkəm və hazırlıqlı adamdır. Amma gözləri doldu. Axı Ağdam da onun həyatı və bizlərə mirasıdır. İndi bircə təəssüfümüz var ki, nənəmizi öz torpağına tapşıra bilmədik. Onu illərdir bizlərə qucaq açan Suraxanı torpağına əmanət edib gedirik. Lap elə bu dəqiqə desələr olar, gedərik. Atam artıq planlar da qurub. Bizlər Qarabağın bundan sonrakı inkişafına öz töhfələrimizi verməliyik”.
Ə. Haqverdiyevin sözlərinə görə, gənclər ölkə başçısının ümidlərini doğrultmalı, öz tarixi torpaqlarımızın inkişafı naminə çalışmalıdırlar. O özü də bugünə qədər Suraxanı rayonunda ölkəmizə və Yeni Azərbaycan Partiyasına ləyaqətlə xidmət etməyə çalışır: “Mən bir gənc kimi bundan sonrakı bütün ictimai-siyasi, humanitar fəaliyyətimi Ağdama, Şuşaya, Xankəndinə və bütün Qarabağa həsr etməyə hazıram. Yaxşı bir söz var, deyərlər ki, “mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa”. Cənab Prezident, Ali Baş Komandan torpaqlarımızı müzəffər ordumuzla birgə azad edib, indi isə növbə bizlərindir”.
Ceyhun Piriyev, “İki sahil”