25 noyabr 2020 19:09
1351

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji, siyasi və iqtisadi qələbəsidir

Qürurverici haldır ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması ilə davam edir. Ağdamdan sonra “Azərbaycanın ikinci Qobustanı” adlandırılan Kəlbəcər kimi mühüm və strateji əhəmiyyətli, o cümlədən çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın  şanlı tarixi zəfəridir.

Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Kəlbəcər həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir. Rayonun strateji əhəmiyyəti, təbiəti, turizmi və digər özəllikləri ilə bağlı bəzi məlumatları sizə təqdim edirik:

Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.  Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Rayon şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Əhalisi 1 yanvar  2020-ci il tarixinə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi XIII–XIV yüzilliklərin abidəsi olan Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var.

Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastırlarıdır. Gəncəsər monastırı (məbədi) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi - Gəncəsər monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb.  Gəncəsər kompleksinin xarici divarlarında  Alban patriarxiyası zamanı həkk olunmuş çoxsaylı qədim yazılar da interyerində olan yazılar kimi, erməni vandalizminə məruz qalıb.

Xudavəng monastırı (məbəd kompleksi) da dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Xudavəng və ya Dədəvəng monastırı Azərbaycan ərazisində ən böyük və gözəl monastırlardan biridir. Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da qanunsuz bərpa işləri başlanılıb. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə davam etdirilib.

Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. Muzeyin fondu 25 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində qədim qəbirüstü qoç və at fiqurları nümayiş etdirilirdi. Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin fondu tamamilə məhv edilmişdir.

Qeyd edək ki, Kəlbəcərdə ümumilikdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərib.

Kəlbəcərdə bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkisidir. Kəlbəcərdə 76 növ mineral, 36 süxur növü olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir.

Kəlbəcərdəki geoloji (paleontoloji) obyektlərdəki yarğan və qobularda 40 metrədək hündürlüyü olan sütunvarı vulkanik çıxışlar mövcuddur. Bunlar vulkanik süxurlar üçün xarakterikdir. İstisu kəndində “Bazaltın sütunvarı aralanması” adlı geoloji abidə yerləşir.

Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara­lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Kəlbəcərin kənd təsərrüfatında isə heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib.

Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.

Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay- onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər turizm baxımından da geniş imkanlara malikdir.Füsunkar təbiətə və zəngin mədəni irsə malik olan Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" müalicə-istirahət sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

Əlbəttə ki, Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz. 27 ildir ki, işğalçı Ermənistan  füsunkar, heyrətamiz, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Kəlbəcərimizin qoynunda məskunlaşıb, suyundan içib, təbiətinin ecazkar mənzərəsindən zövq alıb. Bəs, təcavüzkar dövlət dəyərləndirə bilibmi, bu qədər dəyərli Kəlbəcəri? Təbii ki, yox. Ermənistan heç bir zaman bu cür qiymətli yurda dəyər vermək iqtidarında deyil.

 Qeyd etməliyik ki, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Bütün bunlarla  yetinməyən işğalçı ermənilər Kəlbəcərlə birdəfəlik vidalaşarkən belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar.  Azərbaycanın tarixi torpaqlarına sahib çıxdıqlarını zənn edərək təbii sərvətlərimizi talan edən ermənilər Kəlbəcərdə ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur. Bu işğalçı Ermənistan hakimiyyətinin əsl iç üzüdür.

Göründüyü kimi, bu gün qüdrətli Azərbaycan işğaldan azad olunan ərazilərimizi həm də erməni vəhşiliyindən, faşizmindən xilas edir. Bu baxımdan, 27 il sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir.

Yaqut Ağaşahqızı, “İki sahil”