02 dekabr 2020 16:35
578

Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq

Böyük strateji əhəmiyyətə malik Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, mürəkkəb relyefə malik rayonlarımızın heç bir şəhid vermədən, bir güllə atmadan işğaldan azad edilməsi mühüm əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Dəhliz rolunu oynayan Laçının azad olunması ilə ərazi bütövlüyümüzün bərpa olunduğunu söyləyən S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq, bu bölgələri ən qabaqcıl standartlara uyğun yenidən bərpa edəcək. Bütün bunlar bölgədə yaşayan bütün insanlar, o cümlədən ermənilər üçün yeni perspektivlər açacaq.

S.Fətəliyeva deyib ki, Ermənistanın düşdüyü acınacaqlı vəziyyət onun işğalçılıq siyasətinin nəticəsidir. Əgər bu ölkə zamanında Azərbaycanın çağırışlarına əməl edib işğalçılıq siyasətinə son qoysaydı, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin iştirakçısı ola bilərdi. Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciəti zamanı bu məsələlərlə bağlı fikirlərini ətraflı şəkildə bildirdi.

“Noyabrın 10-da imzalanmış Bəyanata əsasən, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin qətiyyətli iradəsi nəticəsində Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Belə ki, bununla Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat “damarı” yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.