Vətən müharibəsi Şəhidi Azər Yusifli haqqında
Dünyaya oğul gətirən hər bir ana, gələcəkdə Vətənə dar gündə arxa-dayaq olacaq, sinəsini düşmən önündə sipər edəcək müdafiəçi, igid, cəsur əsgər yetişdirir. Mərd anaların xeyir-duasıyla savaşa atılan igid, ər oğullar bu gün Vətən qarşısında öz vəzifə borclarını layiqincə yerinə yetirərək elə bir ali məqama yüksəldilər ki... Haqq işi uğrunda açılan davanın yolçusu, bərpa edilən tarixi ədalətin təminatçısı, itirilmiş azadlığın carçısı, nəticədə isə qazanılan zəfərin müjdəçisi kimi.
Qarabağımızın 30 illik bağlı qalmış qara bağlarını, qara düyünlərini dişinizlə-dırnağınızla çözərək bu torpağı öz sahibinə qaytardınız. Vətən adlı toxunulmaz varlığın, müqəddəs qibləgahın qoruyucu mələklərisiniz, şəhadətiylə dastana çevrilən igidlər! Bəli, Vətən qorunarsa əldən getməz. Vətən öz igidləri ilə yaşayarsa, var olar. Varlığınızla bu Vətəni də var etdiniz, əbədiyyət adlı dünyamızda varlığı sonsuz ünvanda qərar tutan Şəhidlər!
2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində yüksək vətəndaşlıq və fədakarlıq nümunəsi göstərmiş mübariz oğullar qanları, canları bahasına xalqımızın qəhrəmanlıq tarixinə parlaq, şərəfli səhifə yazdılar. Belə mübariz oğullardan biri də azadlığını geri qazanmış yurd ərazilərimizdə Vətən torpağına sancdığı zəfər bayrağıyla qəlblərdə, yaddaşlarda əbədiləşən qəhrəmanımız, baş gizir Azər Yusiflidir.
Azər Nazim oğlu Yusifli 1994-cü il martın 28-də Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olmuşdur. Vətənpərvərlik hissləri Azərin şəxsiyyətində orta məktəb illərindən baş qaldırmışdı. Onu bu ruhda tərbiyələndirən ilk müəllimi də anası olmuşdur. 2012-ci ildə hərbi xidmətə yollanan Azər Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə xidmət edərkən kiçik çavuş rütbəsini qazanmışdır. Hərbi xidmətini Sərhəd qoşunları üzrə Cəlilabad rayon Göytəpə hərbi hissəsində davam etdirmişdir. Azər dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlarla və medallarla təltif edilmişdir. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində kəşfiyyatçı kimi iştirak etmiş, düşmənin qərar tutduğu və yüksək strateji mövqelərə malik ərazilər barədə ətraflı məlumat əldə edərək hərbi vəzifəsini layiqincə yerinə yetirmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başlayan andan Sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı kəşfiyyat dəstəsinin üzvü kimi ön cəbhəyə yollanmışdır. İgid Azər Qarabağımızın azadlığı uğrunda Füzulidən Zəngilanacan çox mürəkkəb, ağır və şiddətli döyüş yolu keçmişdir. Belə ki, o, Füzuli, Cəbrayıl, Xocavəndin Ağoğlan (Hadrut) qəsəbəsi, Qubadlı və Zəngilanın işğaldan azad edilməsində mərdlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman oğullar sırasında öz yerini tutmuşdur. Azər ilk döyüş həftəsində yaralansa da, xəstəxanada müalicə almasına baxmayaraq, fikri yalnız cəbhədə çiyin-çiyinə mərdliklə döyüşən hərbçi yoldaşlarının yanında qalır. Hər vasitə ilə onların yanına qayıtmağa can atır. İlahi Vətən məhəbbəti yaralarını unutdurur ona. Özü yaralı ola-ola Vətənin sızlayan yaralarına məlhəm qoymağa tələsir. Yaraları sarğılı vəziyyətdə hələ tam sağalmayan igid yenidən döyüşə yollanır. Təkbaşına düşmənin 40-dan çox canlı qüvvəsini məhv edir. Qızğın, həlledici döyüşlərdə düşmənin ordusu dəfələrlə sarsıdıcı, dağıdıcı zərbələrə məruz qalsa da, Azərin xidmət etdiyi taqım da itkisiz, qurbansız ötüşmür. Belə ki, Azər əlini silahdan ayırmadan düşmən gülləsinə tuş gələn, yaralı hərbçi yoldaşlarını çiynində daşıyaraq döyüş meydanından çıxarmaqla onların həyatını xilas etməyə nail olur.
Cəbrayıl azadlığına qovuşan zaman düşmənə göz dağı verən cəsur əsgərim, müzəffər Ordum irəliləyir deyə, qürur hissi keçirmişdim. Vətənin bir addımlığındaykən Cəbrayıl dağlarının arxasında gurlayan toplar, mərmilər tarixi Xudafərin körpüsünün qarşıdakı zəfərindən xəbər verirdi. Nəhayət ki, qüdrətli ordumuz düşmənin hərbi mövqelərini darmadağın etməklə keçilməz sədləri aşaraq qalibiyyət əzmiylə mübarək qədəmini Arazın sahilinə qoydu. Bu mətin ürəkli igidlərin sırasında Vətən eşqiylə irəliləyən Azər də var idi. Fəxarət hissi ilə irəliləyirdi Araza doğru. Xudafərin körpüsünə üçrəngli bayrağımızı sancmaq üçün...
18 oktyabr 2020-ci il. Heç zaman unutmayacağım şərəfli və möhtəşəm bir gün. Cəbrayılın başucunda Xan Arazın sinəsi üstə məğrur dayağa dönmüş, əsrlər şahidi tarixi Xudafərin körpüsünə üçrəngli bayrağımızı sancdığın gün necə də qürurlanmışdım, Şəhidim!
Cəbrayılın zəfər günündə “Xudafərin körpüsünə bayraq sancan əsgərim! O mübarək əllərindən öpərək qarşında minnətdarlıq hissi ilə baş əyirəm” deyə sonsuz qürur və sevinc göz yaşlarıyla adını bilməyə-bilməyə sənə səslənmişdim. Şəhidlik xəbərini duyunca isə dərin hüzn və kədər hissi ilə indi deyirəm ki, uğrunda can verib, baş qoyub uyuduğun o müqəddəs Vətən torpağının hər qarışından öpərək ruhun qarşısında dərin ehtiramla baş əyirəm, Şəhidim!
Mübarək əllərinlə sancdığın o üçrəngli, şanlı bayraq Cəbrayılın zəfər tarixinə yeni bir ucalıq, qalibiyyət dastanı yazdı. Ucalığınla gözümüzdə daha da ucaltdın yaşı bilinməyən qədim Xudafərini. Xoş zəfər müjdəli qətiyyətli səsin, harayın qulaqlarımızda, məğrur duruşunsa fotolarda donub qaldı, nur simalı Şəhidim!
Necə də qürurvericidir qəhrəmanımızın xatirəyə dönmüş fotosu. Sınıq körpü üzərində dalğalanan üçrəngli bayraq, qarşısında cərgə ilə düzülmüş cəsur Azərbaycan əsgərləri, öndə isə onların silahdaşı Azər Yusifli. Xudafərinin qurtuluş xəbərini Ali Baş Komandanımıza çatdıran müzəffər, qalib əsgər! Bir zamanlar bayraqsız seyr edərdik Xudafərini. İndi səni bayrağından ayrı təsəvvür edə bilmərik ey vüsal körpümüz, zəfər körpümüz, qalibiyyət körpümüz! Çünki qəhrəman əsgərimin zəfər və qalibiyyət müjdəli sonsuz harayı var sal daşlarında.
Zəngilan zəfər çalanda şəhərin mərkəzi hissəsində yerləşən Prokurorluq binasına erməni bayrağını çıxarıb yerində üçrəngli bayrağımızı ucaldanda da kövrəkcəsinə qürur hissləri dolmuşdu qəlbimə. “Bu gün Xan Arazla mən bəxtiyarlıqdan ağlayırıq. Zəngilanda bayrağımızı ucaldan igid, Allah səni dünyanın bəxtiyarı etsin!” deyə onda da sənə səslənmişdim. Nə biləydim ki, bu şərəfə də sən layiq görülmüsən, bayraqdar igidim! Son dəfə sancdığın bayraq da Zəngilanda dalğalandı, son döyüş əməliyyatın da Zəngilanda başa çatdı. Lakin sənin şəhadətinlə, əbədiyyətinlə! Şəhadətini Zəngilan torpağının azadlığı uğrunda qazanan igid! Sənin zəfər anında sancdığın bayraqlar o mübarək torpaqlarımızda indi elə qürurla, elə məğrurcasına dalğalanır ki. Bu qürurun, bu məğrurluğun ünvanı isə sənin müqəddəs şəhadətindir, ey zəfər yolunun dönməz yolçusu!
Sən bir elin igid oğlu, bir ananın ciyərinin parası, bir atanın arxa-dayağı, bir Azərbaycan gözəlinin nakam qalmış, əbədi məhəbbətisən, bu dünyadan toy-düyünsüz köçən nişanlı igid! Mənimsə adını iftixarla andığım bayraqlı Xudafərinimin qəhrəmanısan, ər qardaşım!
Hər dəfə sənin kimi yüzlərlə Şəhid oğulların qanı, canı bahasına azad edilmiş yurd yerlərimizə yolumuz düşdükcə əziz xatirənizi kövrək hisslərlə yad edəcək, şərəfli adınızı uca tutacağıq. Qarabağımızda ucaltdığınız üçrəngli şanlı bayrağımız kimi!
Cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında imzaladığı Sərəncama əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilmiş qəhrəman şəhidlərimiz sırasında Azər Nazim oğlu Yusiflinin də adı vardır. Bundan əlavə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təltif olunmuş hərbi qulluqçularından biri də, həmçinin Azər Yusiflidir.
Ünvanın əbədiyyətdir, torpağın bağrına zəfər eşqi ilə bayraq sancaraq ali mərtəbəyə yüksələn qəhrəman Azər! Hünərinlə, əzminlə, rəşadətinlə Vətənimizin, xalqımızın, millətimizin başını ucaldan qeyrətli oğul! Məqamın uca, ruhun şad, şərəfli adın mübarək olsun, cənnətməkan Şəhidim!
Sevinc Ədalətqızı,
Yazıçı, publisist, tədqiqatçı, “Qızıl Qələm Media mükafatı” laureatı