07 yanvar 2021 15:49
3139

Azərbaycanda turizm və turizm iqtisadiyyatı

Müasir dövrdə turizm insanların həyat ehtiyaclarının ödənilməsində önəmli yerlərdən birini tutur. Hər il milyonlarla insan ənənəvi yaşayış yerlərindən uzaqda olan rayonlara, regionlara, xarici ölkələrə səfərlər edir, fərqli məkanlarda istirahət edirlər. Belə səyahətlərin təşkili bütövlükdə bir sıra sahələrin inkişaf etdirilməsini, o cümlədən səyahətçilərin məmnunluğunu təmin edəcək müvafiq infrastrukturun qurulmasını, turizm məhsulları və xidmət sahələrinin yaradılmasını, istehsal fəaliyyətlərinin təşkil olunmasını tələb edir ki, bu da yekun nəticədə bir çox ölkələrin ümumi iqtisadiyyatında əhəmiyyətli yer tutan turizm iqtisadiyyatının formalaşmasına gətirib çıxarır.

 2020-ci ildə bəşəriyyətin bəlasına çevrilən Koronavirus “COVID-19” pandemiyası turizm sektoruna milyardlarla dollar həcmində ziyan vurmuşdur. Umid edəcəyik ki, pandemiya problemi yaxın vaxtlarda  aradan qaldırılacaq və həyat öz ənənəvi ritminə qayıdacaq, turizm və turizm fəaliyyəti bərpa olunacaq.

 “COVID-19” pandemiyası dövrünü nəzərə almasaq, son 15-20 ilin statistik göstəricilərinin təhlili göstərir ki, turizm sektoru ən dinamik inkişaf edən sahələrindən biri kimi ölkələrin iqtisadiyyatında mühüm yer tutur və ən gəlirli sahələrdən biridir.

Bir neçə ölkənin timsalında turizmin ölkələrin iqtisadiyyatında necə əhəmiyyətli yer tutduğunun şahidi olmaq olar. Məsələn, 2017-ci ildə qardaş Türkiyə Cümhuriyyətində turizm sahəsindən əldə edilən gəlir təxminən 25 milyard dollar təşkil etmiş, il ərzində 32.4 milyon turist Türkiyəyə səfər etmişdir. Bütövlükdə turizm sahəsindən əldə edilən gəlir ölkənin ümumi daxili məhsulunda əhəmiyyətli çəkiyə malikdir.

Qonşu Gürcüstan dövlətində turizm sektoru ölkənin ümumi daxili məhsulunun 7,3%-ni (rəqəmlər 2016-cı ilin statistik göstəricilərindən götürülmüşdür) təmin edir. Gürcüstana səyahət edən turistlərin xərcləri ölkənin ödəniş balansına da əhəmiyyətli dərəcədə təsir göstərir – xidmətlərin ixracından əldə olunan gəlirlərin təxminən 61.4 faizi turizmin payına düşür.

Azərbaycan Respublikası da turizmin inkişaf etdiyi ölkələr sırasına daxildir. Son 20 ildə turizm sahəsinin inkişaf dinamikasına nəzər yetirsək, burada əhəmiyyətli müsbət nəticələrin əldə olunduğunu görərik. Əlverişli coğrafiyamız, təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz də turizmin inkişafı üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, ölkəmizdə turizmin təşviqi ilə bağlı aparılan ardıcıl və məqsədyönlü işlər, qəbul edilən dövlət proqramları, o cümlədən "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı", "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı", 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması, hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi, turizmə aid normativ-hüquqi bazanın və idarəetmə sisteminin təkmilləşdirilməsi və s. tədbirlər dövlətin bu sahəyə diqqət və qayğısının hansı səviyyədə olmasının göstəriciləridir və bütün bunlar turizmin ölkəmizdə dinamik inkişafı üçün münbit zəmin yaratmışdır. 

Xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  son illər ölkəmizdə struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər digər sahələrdə olduğu kimi turizmin inkişafına da əhəmiyyətli təkan vermiş, turizm iqtisadiyyatının ümumi iqtisadiyatda payı artmış, ölkəmiz turizm sahəsinin inkişaf templərinə və səviyyəsinə görə qabaqcıl dövlətlər sırasına çıxmış, turizm sahəsində rəqabətqabiliyyətliliyə görə 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir. 2019-cu ilin statistik göstəricilərinin təhlili göstərir ki, həmin ildə ölkəmizə 3.17 milyon xarici vətəndaş səfər etmişdir. Xarici ziyarətçilər tərəfindən çəkilən turizm xərclərinin həcmi təxminən 2.97 milyard manat həcmində olmuşdur. Yerləşdirmə və iaşə sektorunun həcmi isə 1.97 milyard manat təşkil etmişdir ki, bu da 2019-cu ildə ümumi daxili məhsulun 2.4 faizinə bərabərdir. Bu sahənin əhəmiyyətinin bir göstəricisi də ondan ibarətdir ki, 2019-cu ildə turizm sahəsinin inkişafı üçün 59.3 milyan manat kapital qoyuluşu edilib. Bu da yerləşdirmə və iaşə sektorundakı məşğulluğun səviyyəsinin 3 faiz artmasına səbəb olmuş və hazırda bu sahədə məşğul olanların sayı 80.5 min nəfərə çatmışdır. Həmin ölkələrdən gələn vətəndaşların sayı təxminən 2,338 milyon nəfər olmuşdur.  

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə səfər edən xarici vətəndaşların sayına görə ilk beşliyi Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı tutur. İlk onluqda yer tutan sonrakı ölkələr isə Birləşmiş Ərəb Əmirlikləri, Hindisatan, Ukrayna, Türkmənistan və İraq olmuşdur.

Turizmin inkişafı üçün zəruri xüsusiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın müasir inkişaf potensialı, onun coğrafi şəraiti, ərazi resursları turizmin inkişafı üçün gözəl imkanlar verir. Turizmin bir sosial-iqtisadi sahə olaraq əhəmiyyətini yüksək dəyərləndirən dövlətmizin sosial-iqtisadi siyasəti çərçivəsində turizm sahəsinin inkişafına qeyri-neft sektorunda böyük inkişaf perspektivinə malik olan aparıcı sahələrindən biri kimi baxılır. Bu fikrin təsdiqi kimi turizm sahəsinin ölkəmizdə aparılan iqtisadi islahatlar proqramının tərkib hissəsi olaraq müxtəlif sənədlərə daxil edilməsini qeyd etmək olar. Həmçinin regionların inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramlarında turizmin inkişafı məsələləri prioritet istiqamət kimi öz əksini tapmışdır. Ölkədə turizm sahəsinin inkişafı bir tərəfdən ölkənin iqtisadi inkişafına, sosial infrastrukturun təkmilləşdirilməsinə, digər tərəfdən isə əhalinin rifahının yüksəldilməsinə və turizmin digər sosial xidmətlərilə bağlı tələbatlarının təmin edilməsinə yönəlir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, turizmin yüksək səviyyədə təşkili bir sıra kompleks tədbirlərin həyata keçirilməsini, o cümlədən turizmin iqtisadi və sosial inkişafda rolunun, regionlar üzrə inkişaf perspektivlərinin müəyyən edilməsini, onun maliyyə və təşkilati məsələlərinin həllini tələb edir. Eyni zamanda turizmin cəlbedici sahəyə çevrilməsi üçün müasir tələblərə uyğun turizm infrastrukturunun qurulması da vacib şərtlərdəndir ki, bu da bir çox sahə və fəaliyyətlərin sintezini nəzərdə tutur: turizm məhsulu istehsalı təşkilinin kompleks sistemi, yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrinin, tanış olma, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turaqent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu. Bunlar nəzərə alınmadan uğurlu turuzm fəaliyyətindən danışmağa dəyməz. Bu mənada qeyd etmək yerinə düşər ki, ölkəmizdə son illər turizm infrastrukturunun qurulması, xüsusən mehmanxaların və ictimai-iaşə obyektlərinin tikintisi diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmizdə 642 mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir ki, onların da təxminən 30 faizindən bir az çoxu Bakı şəhərində yerləşir. Bundan əlavə, Xaçmaz, Masallı, Quba, Lənkəran şəhərlərində də müasir tələblərə uyğun mehmanxana kompleksləri fəaliyyət göstərir.

Turizm sənayesinin inkişafı üçün lazım olan şərtlərdən biri də turizm potensialı olan əraziərin seçilməsi və həmin ərazilərin turistlərin cəlb olunmasına təsir edəcək xüsusiyyətlərinin müəyyən edilməsidir. Bu mənada Azərbaycanın zəngin mədəniyyəti, tarixi memarlıq abidələri, flora və fauna aləmi burada turizmin inkişafı üçün çox yaxşı imkanlar yaradır. Regionlarımızın əksəriyyətində turistlərin qəbul edilməsi və turist məmnunluğunun təmin edilməsi üçün hər cür şərait vardır. Bakı şəhərində və onun ətraf qəsəbələrində, Naxçıvan Muxtar Respublikasında, Qarabağ bölgəsində, Quba, Xaçmaz, Qax, Lənkəran, Masallı, Gədəbəy, Kəlbəcər, Zəngilan, Laçın və başqa rayonlarda, Gəncə, Şəki, Şuşa, Naftalan şəhərlərində turistlər üçün maraq doğuran və onları bu bölgələrə cəlb edən bir çox amillər mövcuddur.

Mədəni və tarixi abidələrə olan maraqla yanaşı, biz təbii-coğrafi amillərdən biri olan müalicəvi əhəmiyyətə malik mineral mənbələri də qeyd edə bilərik. Hazlrda ölkəmizdə sutkalıq debiti 1,2-1,5 milyon litr olan 1500-dən çox mineral termal və mineral su mənbələri vardır. Bunların çoxu faydalı xüsusiyyətlərinə görə beynəlxalq əhəmiyyətli mənbələrdir. Məsələn, Naxçıvan Muxtar Respublikasında, Gədəbəy, Kəlbəcər, Şuşa, Quba, Xaçmaz, Zaqatala, Lənkəran, Astara, Masallı və Abşeron bölgələrində olan mineral və termal sular kimyəvi tərkibinə görə yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar dünyanın sayılıb seçilən mənbələri ilə müqayisə edilə və turistlərinin cəlb olunmasında xüsusi rol oynaya bilər. Bu da yaxın perspektivdə ölkəmizin həmin bölgələrinin daha da inkişaf etməsinə, turizmdən əldə olunan gəlirlər hesabına əhalinin sosial vəziyyətinin daha da yüksəlməsinə və bütövlükdə turizm sektorunun ümumi iqtisadiyyatda payının artmasına gətirib çıxaracaqdır.

Turizm fəaliyyətinin təşkili və turizm iqtisadiyyatından danışarkən bu sahə ilə bilavasitə bağlı bəzi məsələlərin həllini də yaddan çıxarmaq olmaz. İlk növbədə bu sahədəki münasibətləri tənzimləyəcək müasir tələblərə uyğun qanunvericilik bazasının olması önəmlidir. Çox yaxşı haldır ki, ölkəmizdə turizm fəaliyətinin təşkili ilə əlaqədar kifayət qədər təkmil milli qanunvericilik bazası formalaşdırılmışdır. “Turizm haqqında” Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Həmçinin xarici vətəndaşarın gəlişini asanlaşdırmaq üçün viza alınmasının sadələşdirilməsi məsələsi də vacib şərtlərdəndir və bu istiqamətdə də ölkəmizdə əhəmiyyətli işlər görülmüşdür.Bunlarla yanaşı, turizm və turizm iqtisadiyyatının müasir tələblər səviyyəsində qurulması eyni zamanda əqli mülkiyət nəticələri olan yeni  informasiya texnologiyalarından istifadəni, ekoloji təhlükəsizliyin təmin edilməsini, turizm sənayesi işçisinin linqvistik problemlərinin və s. aidiyyəti məsələlərin də həllini tələb edir.

Yekun olaraq qürur hissi ilə qeyd etmək lazımdır ki, bu günlər Azərbaycan xalqı və dövləti öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq, işğal altındakı torpaqlarımızı azad etmiş və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etmişdir.

Tam əminliklə demək olar ki, işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələri qısa müddət ərzində dövlətimiz tərəfindən aradan qaldırılacaq və Dağlıq Qarabağ və ətraf rayonlar gülüstana və turistlərin ən çox sevdiyi məkanlardan birinə çevriləcəkdir. Bu bölgənin təbii və coğrafi şəraiti, zəngin mədəniyyəti, tarixi memarlıq abidələri, flora və fauna aləmi də burada turizmin inkişafı üçün əvəzolunmaz amillərdəndir. İllər öncə də bu bölgə turizm üşün cəlbedici məkan olmuş, burada geniş çeşidli turizm obyektləri fəaliyyət göstərmişdir. Bir sözlə, ənənə var və onu bərpa və davam etdirmək lazımdır. Turizmin inkişafı bölgənin çiçəklənməsinə təkan verəcək və turizm iqtisadiyyatından əldə olunacaq gəlirlər hesabına əhalinin sosial rifah halı daha da yüksələcək, ümumi iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcəkdir.  

Xəzər İsalı,

Bakı Avrasiya Universitetinin magistrantı