“20 Yanvar faciəsi, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında paytaxt sakini Mehman Qasımov deyib.
M.Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı: “Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar.”
Şəmsiyyə Əliqızı, “İki sahil”