10 yanvar 2025 22:00
96

YAP-ın ilk rayon təşkilatının təsis edilməsinin 32 illiyi münasibətilə tədbir keçirildi

10 yanvar 2025-ci ildə YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü qeyd edilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət ediblər. Ziyarətdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon təşkilatının bir qrup təsisçisi-veteran üzvləri Valeh Sefiyev, Əjdər Niftiyev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və ərazi partiya təşkilat sədrləri iştirak ediblər.

YAP Rayon təşkilatının akt zalında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq, ötən 32 illik müddət ərzində partiyanın rayon təşkilatının  Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi. Bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağrışlarına sədaqət nümayiş etdirirlər. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayan YAP, Ümummilli Liderin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu qazandığı möhtəşəm qələbələri ilə təsdiqləyir. YAP hazırda tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ildə təsdiqlədiyi “Biz birlikdə güclüyük!” şüarı altında yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində səylərini artırır. Bu gün böyük əminliklə qeyd edirik ki, Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaq hər birimiz üçün böyük xoşbəxtlik və məsuliyyətdir. 

Tədbirdə YAP rayon təşkilatının təsisçilərindən, partiya veteranı, YAP rayon təşkilatının ilk sədri olmuş Valeh Sefiyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

Partiyanının veteran üzvü Əjdər Niftiyev və Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək partiyanın rayon təşkilatının keçdiyi yola nəzər saldılar. Onlar Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu  qeyd etdilər. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoyulduğunu bildirdilər. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan çıxışçılar Rayon təşkilatının təsis edilməsinin 32 - ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər.

Sonda Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olundu.

Zamin Məmmədov, "İki sahil"