25 yanvar 2021 18:08
1130

“Dostluq” yatağı: Azərbaycan-Türkmənistan dostluğunun simvolu

“Azərbaycanla Türkmənistan arasında münasibətlər son illər xeyli inkişaf etmişdir. Belə ki, Prezident İlham Əliyevin üç dəfə Türkmənistana səfər etməsi, eləcə də Türkmənistan Prezidentinin altı dəfə Azərbaycana səfəri bütün bunların sübutudur. Sözsüz ki, bütün bu qarşılıqlı səfərlər, yüksək səviyyəli danışıqlar zamanı iki ölkə arasında uzun illər ərzində mübahisəyə səbəb olan və münasibətlərin inkişafına əsas maneə yaradan “Kəpəz” yatağına dair danışıqların aparılması oldu. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması da Azərbaycan və Türkmənistan arasında Xəzərdə əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Aparılan uzun danışıqlar öz nəticəsini verdi və nəhayət, tərəflər arasında hər iki ölkənin maraqlarına uyğun Xəzər regionunda mövqelərin gücləndirilməsinə xidmət edən tarixi anlaşma əldə edildi. Anlaşmaya əsasən, yatağın “Dostluq” adlandırılması və onun birgə istismarı iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin, həm də tarixi etnik dini ənənələrə söykənməsinin bariz nümunəsi kimi qiymətləndirilir”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycan Qarabağ münaqişəsindən sonra Xəzərdə yataq münaqişəsini də həll etməyi bacardı: “Doğrudur, bu dəfə dostluq və qardaşlıq qalib gəldi. Bununla da yatağın neft-qaz ehtiyyatları 100 milyon ton həcmində qiymətləndirilir. Mütəxəssislərin hesablamalarına görə, həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər ki, bu da bugünkü qiymətlərlə 35-40 milyard dollar gəlir deməkdir”.  

“Memorandumun imzalanması tarixi hadisədir”, söyləyən T. Mirkişili onu da bildirdi ki, bu, eyni zamanda, Azərbaycanın neft-qaz strategiyasının inkişafında mühüm əhəmiyyətə malikdir: “Çünki söhbət kifayət qədər böyük ehtiyatlara malik yataqlardan gedir. Nəticədə Azərbaycan hələ uzun müddət Xəzərin iri karbohidrogen hasilatçılarından biri kimi öz mühüm geosiyasi mövqeyini qoruyub saxlamaq imkanı əldə edəcəkdir. Digər tərəfdən yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac  kəmərləri vasitəsilə daşınacaqdır. Bu da neft və qaz ixrazatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini də artıracaqdır. Xatırladım ki, keçən ilin sonlarında TAP layihəsinin tamamlanması ilə Azərbaycan Xəzər dənizinin enerji ehtiyatlarını Avropa birliyi ölkələri üçün tam əlçatan etdi. Sözsüz ki, bu,  Prezident İlham Əliyevin gərgin səyi və siyasi nüfuzu hesabına əldə edilmişdir”.

Deputat, həmçinin vurğuladı ki, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır: “Sirr deyil ki, yataqla bağlı mübahisə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsinə də mənfi təsir göstərirdi. İndi isə Azərbaycanla Türkmənistan arasında heç bir anlaşılmazlıq qalmadı. Hətta iki ölkə arasında Xəzərin dibindən keçən yüksək həcmli informasiya ötürmək qabiliyyətinə malik olan optik kabelin çəkilməsi layihəsi də mövcuddur. Bu layihə Azərbaycan üçün XXI əsrin əsas məhsulu olan informasiya tranzitindən mühüm gəlir əldə etmək imkanı yaradacaqdır. Çünki gələcək birbaşa informasiya əsridir. Sözsüz ki, bu da ölkəmiz üçün  mühüm gəlir əldə etmək imkanları yaradacaqdır”.

Mənsumə Babayeva, “İki sahil”