AMEA-nın Naxçıvan Bölməsində görkəmli ictimai xadim, yazıçı, dramaturq, tərcüməçi, redaktor, rəssam, pedaqoq Nağı Nağıyevə həsr olunmuş “Nağı Nağıyev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.
"İki sahil"ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2007-ci ildən başlayaraq İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” seriyası üzrə kitabların nəşri artıq ənənə halı alıb. “Nağı Nağıyev: taleyi və sənəti” kitabı da həmin seriya çərçivəsində nəşr olunan sayca 14-cü kitabdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində çap olunub. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.
Akademik görkəmli nasirin çoxşaxəli fəaliyyətindən bəhs edərək söyləyib ki, Nağı Nağıyev eyni zamanda tərcüməçi və redaktor kimi də uğurlu fəaliyyət göstərmişdir. Onun məhsuldar fəaliyyəti nəticəsində dünya ədəbiyyatının bir neçə incisi Azərbaycan oxucusuna təqdim edilmiş, ədəbiyyatımız daha da zənginləşmişdir.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Nağı Nağıyevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Çıxışda vurğulanıb ki, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri olan Nağı Nağıyev nasir, tərcüməçi, redaktor, rəssam olmaqla yanaşı, eyni zamanda bir pedaqoq kimi də fəaliyyət göstərmiş, vətənpərvərliyi, doğma torpağa sədaqəti öz timsalında gənc nəslə aşılamışdır. Alim yazıçının yaradıcılığının Naxçıvan və Bakı dövrləri haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən əsrin ortalarında Naxçıvana göstərilən ögey münasibət Nağı Nağıyevin fəaliyyətinə də təsir göstərmiş, o, yalnız Bakıda yaşadığı dövrdə əsərlərinin nəşrinə müvəffəq olmuşdur.
Yazıçının yaradıcılığına göstərilən dövlət qayğısından bəhs edən alim bildirib ki, kitabda Nağı Nağıyevin həyatının bütün dövrləri tədqiqata cəlb olunmuş, çoxşaxəli yaradıcılığının ən incə məqamları işıqlandırılmışdır. Burada Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının Nağı Nağıyevə həsr olunmuş 12 məqaləsi verilmiş, onun həyatı, yaradıcılığının üslub xüsusiyyətləri, hekayələri, povestləri, dramaturgiyası, Naxçıvan teatrındakı fəaliyyəti və digər məsələlərlə tədqiq edilmişdir.